Azərbaycanlı alimlər Heratda “Əmir Əlişir Nəvai – 580” konfransında iştirak ediblər FOTOLAR

Dünya ədəbiyyatı dahi klassiklərindən olan Əlişir Nəvainin 580 illiyi qardaş Əfqanıstan İslam Respublikasında - şairin doğulduğu və yaşayıb-yaratdığı Herat torpağında el bayramı kimi keçirilib.

SİA-nın məlumatına görə,"Həzrət Əmir Əlişir Nəvainin düşüncələrini yenidən öyrənmək" adlı beynəlxalq elmi konfransa Əfqanıstan alimləri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistandan olan nəvaişünas alimlər dəvət olunub.

Konfransa ölkəmizi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, nəvaişünas alim, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı təmsil edib.

Konfransın ilk günü - plenar iclasda konfrans iştirakçılarının təbrik nitqləri dinlənilib, Azərbaycan alimlərinin hər ikisi təbrik nitqi söyləyərək konfransın təşkilat komitəsinə öz kitablarını hədiyyə ediblər. İkinci gün isə bölmə iclasında filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın "Əlişir Nəvainin elmi-filoloji və dini-təsəvvüfi əsərləri", dosent Mübariz Ağalarlının isə "Əmir Əlişir Nəvai dövründə Azərbaycan dövlətləri ilə Teymurilər dövləti arasinda siyasi və diplomatik münasibətlər" adlı məruzələri dinlənilib.

Konfransın üçüncü günü Heratın tarixi yerlərinə - Əlişir Nəvainin məqbərəsi, Gövhərşad Bəyim Camisi, İskəndər Qalası və s. səyahət konfrans iştirakçılarının ürəyincə olub.

Konfransın dördüncü günü Kabil şəhərində bir sıra görüşlər keçirilib. Azərbaycandan olan alimləri Əfqanistan İslam Respublikası Elmlər Akademiyasının prezidenti Abdul Zahir Şakib ilə görüşərək əməkdaşlıq barədə söhbətlər ediblər.

Bütün konfrans iştirakçıları azərbaycanlı alimləri Qarabağın düşmən tapdağından azad edilməsi münasibətilə təbrik ediblər.

Konfrans iştirakçılarına Əfqanistan istehsalı lacivərd daşından hazırlanmış Əlişir Nəvainin barelyefi, konfransın materiallarının yer aldığı kitabı və Əlişir Nəvai yaradıcılığını özündə əks etdirən stolüstü təqvim hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...