“Nizami Gəncəvi – sönməz günəşin hikmət dəryası” - VEBİNAR

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarım ili üçün İş planına əsasən “Nizami Gəncəvi – sönməz günəşin hikmət dəryası” adlı elmi vebinar təşkil olunub. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamına əsasən keçirilib.

Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi, eləcə də onun irsinin təbliği məqsədilə təşkil edilən vebinarda dahi şair və mütəfəkkirin irsinin Azərbaycan incəsənətinin müxtəlif istiqamətlərində təcəssümü müzakirə olunub.

Vebinarda mərkəzin əməkdaşları ilə yanaşı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA-nın Gəncə bölməsi – Nizami Gəncəvi Mərkəzinin və Gəncə Dövlət Universitetinin alim və mütəxəssisləri, regionlarda çalışan mədəniyyət işçiləri iştirak ediblər.

Həmçinin Türkiyə Səlcuq Universitetinin Ədəbiyyat fakültəsinin Fars dili və ədəbiyyatı bölməsinin rəhbəri, professor Ali Temizel Nizami Gəncəvi haqqında Türkiyədə görülmüş işlər və araşdırmalardan bəhs etdi.

Vebinarda çıxış edən alimlər Azərbaycan poeziyasında dahi Nizaminin tərənnümündən, onun yaradıcılığında sənət və sənətkarlıqdan, musiqi və fəlsəfəsindən, mütəfəkkirin ictimai əlaqələr üzrə görüşlərindən, Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığındakı İsgəndər obrazlarının müqayisəli amillərindən söhbət açıblar.

Vebinarda, həmçinin Nizaminin əsərləri də səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə