Müslüm Maqomayevin 125 illiyinə həsr olunan elmi konfrans keçirilib

Müslüm Maqomayevin 125 illiyinə həsr olunan elmi konfrans keçirilib
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) konfrans zalında peşəkar musiqimizin banilərindən olan görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Müslüm Maqomayevin 125 illiyinə həsr olunan elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransı açan ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinin inkişafındakı müstəsna xidmətlərindən söhbət açıb: "Biz hər il Milli Musiqi Günündə dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli ilə yanaşı Müslüm Maqomayevin də doğum gününü qeyd edirik. Bu il hər iki bəstəkarın 125 illiyi dövlət səviyyəsində qeyd olunub. Bu münasibətlə respublikamızda keçirilən Beynəlxalq Musiqi Fekstivalında Muslüm Maqomayevin də əsərləri ifa olunub. Sanki tale bu iki insanı doğulan gündən əbədi dostluq telləri ilə bağlayıb".

ABİ-nin katibi, xalq artisti, professor Ramiz Zöhrabov "Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məsləkdaşları" mövzusunda məruzə edərək bu iki dahi sənətkar arasındakı dostluq və yaradıcılıq əlaqələrindən geniş söhbət açıb.

İttifaqın məsul katibi sənətşünaslıq namizədi Lalə Hüseynova "Şah İsmayıl"dan "Nərgiz" operasına aparan yollar mövzusunda məruzə ilə çıxış edərək, Müslüm Maqomayevin həyat və yaradıcılığı ilə bağlı bir çox maraqlı məqamlara toxunub.

Tədbir iştirakçıları həmçinin tanınmış pianoçu əməkdar artist Murad Hüseynovun müşaiyəti ilə gənc vokalçı Aygün Zeynalovanın ifasında "Nərgiz" operasından ariyaları dinləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə