Ölkəmiz beynəlxalq teatr festivalında təmsil olunur

Ölkəmiz beynəlxalq teatr festivalında təmsil olunur

Qazaxıstanın paytaxtı Astanada SSRİ və Qazaxıstanın Xalq Artisti, Dövlət mükafatı laureatı Asanali Aşimovun 80 illik yubileyinə həsr olunmuş Birinci Ümumdünya Teatr Festivalı keçirilir.

“EKSPO 2017” beynəlxalq sərgi proqramı çərçivəsində gerçəkləşən festivalda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü İsrafil İsrafilov təmsil edir.

Universitetdən SİA-ya bildirilib ki, İ.İsrafilov festivala münsiflər kollegiyasının üzvü kimi dəvət alıb. İyunun 26-dək davam edəcək festivalda Qazaxıstan, Latviya, Almaniya, Koreya Respublikası, Qırğızıstan, Belarus, Gürcüstan, Rusiya və Çinin müxtəlif teatr kollektivlərinin çıxışları nəzərdə tutulur.

Qazaxıstan tamaşaçılarının dünya teatr sənətinin ən yaxşı nümunələri ilə tanış olması, beynəlxalq teatr əlaqələrinin qurulması və təcrübə mübadiləsi məqsədilə keçirilən festivalda Avropa və Asiyanın görkəmli teatr xadimləri və yaradıcı kollektivləri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə