Tvinninq layihəsi başlayıb FOTOLAR

"Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsinin icrasına 8 fevral tarixində başlanıb. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, qeyd olunan tvinninq layihəsi 2013-cü ildə Avropa Komissiyası ilə razılaşdırılıb və Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli dərkənarı ilə təsdiqlənib. Daha sonrakı mərhələdə Avropa İttifaqı (Aİ) tərəfindən təşkil olunmuş müsabiqədə layihənin icrası üçün təqdim olunmuş təkliflər arasında İtaliyanın təklifi Nazirlik tərəfindən seçilib və müvafiq Tvinninq müqaviləsi 2015-ci ilin 27 noyabr tarixində imzalanıb.

Layihə iki il davam edəcək və Aİ tərəfindən maliyyələşdirilən büdcəsi 1,2 milyon (bir milyon iki yüz min) avro olacaq.

Layihə 2 əsas komponentdən ibarət olacaq:

- Mədəniyyət sektorunun idarə olunması üzrə islahatlar.

Bura ümumi strukturun, qanunvericilik bazasının və işçi potensialının yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi daxildir.

- Qeyri-maddi və maddi mədəni irsin idarə olunmasının institusional inkişafı.

Bura qeyri-maddi və maddi irsin, muzeylər və kitabxanaların, eləcə də mədəniyyət evləri və mədəniyyət mərkəzlərinin müasirləşdirilməsi, bir-biri ilə sıx əlaqə şəraitində fəaliyyət imkanının yaradılması daxildir.

Layihə ilə bağlı Nazirlikdə təsis olunmuş "Mədəniyyət Strategiyası və Planlaşdırma üzrə İşçi Qrupun" birinci iclası baş tutub.

İclasda qrupun rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, layihənin əhəmiyyəti və potensialı haqqında danışıb. O, bildirib ki, qarşıya qoyulan məqsədlər mədəniyyət sahəsinin inkişafı üçün çox vacibdir və proseslərin əsasında praktiki nəticələrin əldə olunmasının əsas məqsəd olduğunu qeyd edib. Həmçinin, o, qrup iştirakçılarına layihənin icrası üçün hər mərhələdə dəstəyin göstərilməsini tapşırıb.

İclas zamanı həmçinin, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Jeroen Villems çıxış edərək layihənin mədəniyyət sahəsinin idarəedilməsində ən qabaqcıl təcrübəyə yiyələnmək və effektiv əməkdaşlığın qurulması baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, yekunda layihənin Yerli Müşaviri Alessandro Bianki və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ramil Abbəkirov təqdimat edərək layihənin təfərrüatları və iş bölgüsü haqqında danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə