Sevda Məmmədəliyeva Eva Maria Auxu qəbul edib

Sevda Məmmədəliyeva Eva Maria Auxu qəbul edib

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının müdiri Eva Maria Auxu qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Berlin Humboldt Universiteti arasında əməkdaşlığın inkişafı qeyd edilərək gələcək inkişaf perspektivləri haqqında müzakirələr aparılıb. Nazir müavini Sevda Məmmədəliyeva tərəfindən Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında mədəniyyət və turizm sahəsində istər ikitərəfli müstəvidə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksələn xətlə inkişafı vurğulanıb.

Sevda Məmmədəliyeva bildirib ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olmasının göstəricisi kimi Azərbaycanın təşəbbüsü ilə 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin keçirilməsini qeyd etmək olar.

Eva Maria Aux YUNESKO çərçivəsində keçiriləcək yubiley tədbirlərində yaxından iştirak edəcəyini qeyd edərək, Azərbaycanda mövcud olan tolerantlıq mühitinin Almaniyada tanıdılması istiqamətində müvafiq iş aparıldığını bildirib.

Eva Maria Aux tərəfindən Azərbaycanda yaşamış almanların nəslinin nümayəndəsi olaraq almanların məskunlaşdığı ölkələr sırasında məhz, Azərbaycanın bu irsə ehtiramla yanaşmasının Azərbaycan Respublikasının multikultural dəyərlərə sadiqliyinin göstərici olduğu vurğulanıb.

Qeyd edək ki, görüşün sonunda Eva Maria Aux nazir müavini Sevda Məmmədəliyevaya Almanların Azərbaycanda məskunlaşmasına həsr edilmiş kitabı təqdim edib və bu istiqamətdə tədqiqat işlərinin davam etdiriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə