"Yurdumuza yaz gəlir"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Azərbaycan Dünyası Partiyasının təşkilatçılığı ilə "Yurdumuza yaz gəlir" adlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan milli rəqsinin nümayişi ilə başlayıb.

Tədbirin təşkilatçısı Mehriban Sadıqova çıxış edərək Novruz bayramının hər bir azərbaycanlı üçün əziz olduğunu bildirib. Qeyd edib ki, bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir: "Bu bayram hər bir müsəlmanın bayramıdır. Ulu babalarımızdan əsrlərdən əsirlərə keçib gəlmiş əziz bayramdır. Hamımıza məlumdur ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə BMT Baş Assambliyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz günü" elan edilib.

Daha sonra Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Fatma Əliyeva söz alaraq hər kəsi bayram münasibəti ilə təbrik edərək tədbir iştirakçılarına xoş arzularını çatdırıb: "Bizim 20% torpaqlarımız düşmən tapdağı altındadır. Heç zaman işğal olunmuş ərazilərimizi unutmamalıyıq. Biz bayram tonqallarımızı Qarabağımızda alovlandıracağıq. Bu gün Novruz bayramının dünyada tanınmasında YUNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük əməyi olub".

Tədbirdə DADP-nın sədri Fatma Əliyevaya İctimai Rəy Araşdırmalar Mərkəzi tərəfindən "Ən yaxşı siyasi rəhbər" mükafatı təqdim edilib.

Qeyd edək ki, sonda Novruz bayramının presonajları olan Keçəl, Kosa və Bahar qızının ifasında tamaşa nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə