Xəlil Rza Ulutürkün kitabı çapdan çıxıb

Xəlil Rza Ulutürkün kitabı çapdan çıxıb

"Xalq Əmanəti" layihəsinin on birinci nəşri XX əsrin görkəmli Azərbaycan şairi, alovlu istiqlal carçısı, tükənməz yaradıcı enerjisi ilə qəlbləri fəth etmiş Xəlil Rza Ulutürkün ədəbi irsinə həsr olunub. SİA-nın verdiyi məlumata görə, təqdim edilən dördüncü ədəbi topluda Xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb. Xəlil Rza Ulutürk bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 36 bədii, 15 tərcümə, 13 elmi, 7 memuar kitabının müəllifi olan Xəlil Rza Ulutürkün bədii-publisistik, elmi-fəlsəfi irsinə həsr olunmuş 9 kitab nəşr edilib.

Kitabın təqdimatına gələn qonaqları şair öz səsi ilə salamladı, salonda şairin 1990-cı ildə Lefortovo zindanında qələmə aldığı "Mən yenə dönəcəm Azərbaycana" şeiri Xəlil Rza Ulutürkün öz ifasında səsləndirilib. Tədbiri giriş sözü ilə açan millət vəkili, akademik Nizami Cəfərov "Xalq Əmanəti" layihəsi çərçivəsində Xəlil Rza Ulutürk yaradıcılığına müraciətin əsl vətəndaşlıq mövqeyi olduğunu vurğulayıb.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Xəlil Rzanı istiqlal şairi adlandıraraq onun poeziyasının Azərbaycan mövcud olduqca yaşayacağını bildirib.

Xalq şairi Zəlimxan Yaqub Xəlil Rzanın böyük türk şairi olduğunu vurğuladı və "o, Azərbaycan xalqını başının üzərinə qaldırmışdı. Bu gün Azərbaycan xalqı da çox haqlı olaraq Xəlil Rzanı bayraq kimi başının üzərinə qaldırır"- söylədi.

Şairin həyat yoldaşı Firəngiz xanım kitabın nəşrinə görə minnətdarlığını bildirib.

Kitabın tərtibçisi, tanınmış telejurnalist Yusif GünaydınXəlil Rzanı 20-ci əsr Azərbaycan ədəbiyyatının ən məhsuldar qələm sahiblərindən biri adlandırdı və topluya Xəlil Rzanın müxtəlif illərdə uşaqlar üçün qələmə aldığı şeirlərinin və bədii tərcümələrinin bir qisminin daxil edildiyini qeyd etdi. O, nəşr olunan kitabın şairin xalqa, vətənə təmənnasız xidmətə həsr etdiyi zəngin, məhsuldar və ibrətamiz ömrünün yüksək mərhələsinin daha bir təzahürü olacağına ümid etdiyini söylədi.

Rəsmi hissədən sonra qonaqlar tanınmış musiqiçi Salman Qəmbərovun ifasının sədaları altında şairin müxtəlif illərə aid fotoşəkilləri və əlyazmaları ilə tanış oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə