Aydın İsmiyevlə Heysam Cəlal arasında görüş keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri Aydın İsmiyevlə Misir Ərəb Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin müvəqqəti işlər vəkili Heysam Cəlal arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı cari ilin 24-28 avqust tarixlərində Misirdə səfərdə olmuş Nazirliyin nümayəndə heyətinin səfərlə bağlı təəssüratları, təklifləri və gələcək perspektivlər barədə müzakirə aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Turizm şöbəsinin müdiri A.İsmiyev qeyd edib ki, Misirə səfər çərçivəsində Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi və Misirin turizm şəhərlərində görülən işlərlə və turizm obyektləri ilə yerində tanış olmaq məqsədilə ikitərəfli görüşlər keçirilib.

Müvəqqəti işlər vəkili Heysam Cəlal isə öz növbəsində gələcək işlərdə birgə fəaliyyətin göstərilməsi məqsədilə turizm sahəsində bütün layihə və təkliflərə səfirlik tərəfindən dəstəyə hər zaman hazır olduqlarını bildirib.

Sonda müvəqqəti işlər vəkilinin istəyi ilə Misirin kütləvi informasiya vasitələrində Azərbaycan turizm potensialını nümayiş etdirmək üçün video çarx diplomata təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə