“Mehmanxana sahibəsi” kimdir? FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ildə yeni yaradıcılıq əməkdaşlıqlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirməkdədir. Qarşılıqlı yaradıcılıq mübadilələrinin həyata keçiləcəyi növbəti layihə Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrı ilə bağlıdır.

Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşılıqlı qastrol mübadiləsinə dair müqaviləyə əsasən martın 1-dən 3-dək Rusiya Federasiyası Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Teatr uşaqlar üçün "Ağ ayın nağılı" ("Сказка белого месяца"), böyüklər üçün isə İtalyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi" ("Трактирщица") tamaşalarını nümayiş etdirəcəklər.

Müəllifi və rejissoru Rusiya Federasiyası və Kalmık Respublikasının Əməkdar İncəsənət xadimi Boris Manciyev olan "Ağ ayın nağılı" tamaşasının baletmeysteri Kalmıkın əməkdar mədəniyyət işçisi İrina Samsonova, bəstəkarı Kalmık Respublikasının Əməkdar İncəsənət xadimi Arkadi Manciyevdir. Tamaşa mart ayının 1-dən – 3-dək saat 12.00 və 15.00-da nümayiş etdiriləcək.

Mart ayının 2-si və 3-də saat 19.00da nümayiş etdiriləcək iki hissəli "Mehmanxana sahibəsi" komediyasının rejissoru Kalmıkın əməkdar incəsənət xadimi Sergey Burlaçenko, rəssamı Yelena Varova, plastika üzrə rejissoru isə əməkdar mədəniyyət işçisi İrina Samsonovadır.

Bu ilin noyabr ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2 tamaşa ilə Kalmık Respublikasına qastrol səfərinə yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə