Eurovision təmsilçilərimiz bəlli oldu

Eurovision təmsilçilərimiz bəlli oldu

Azərbaycanı "Junior Eurovision- 2012" mahnı müsabiqəsində kimin təmsil edəcəyi məlum olub. SİA-nın məlumatına görə, beş finalçıdan Suada Ələkbərova və Ömər Sultanov məhz münsiflər heyətinin qərarı ilə ölkəmizi müsabiqədə təmsil etmək şansı qazanıblar. "Junior Eurovision"un milli finalı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə (İTV) canlı yayımlanıb. Final mərhələsini "Eurovision 2012"nin aparıcılardan biri olan Leyla Quliyeva aparıb.

Azərbaycanın "Junior Eurovision"dakı qalibinin adlarını "Eurovision" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova elan edib. H.Məhərrəmova bildirib ki, Azərbaycana duet şəklində iştirak daima uğur qazanıb: "Biz valideynlərə müraciət edərək bildiririk ki, onlar istedadlı övladlarına diqqət göstərsinlər və növbəti dəfə biz daha böyük seçimlər qarşısında olaq. Azərbaycanın hər bir övladı istedadlıdır və biz bu istedadları dünyaya nümayiş etdirmək arzusundayıq. Azərbaycanın duet şəklində daima uğur qazandığını nəzərə alaraq, biz ilk dəfə təmsil olunduğumuz Uşaq Eurovision-da duetlə iştirak etmək qərarını verdik. Azərbaycana uğurlar arzulayırıq".

Məlumat üçün bildirək ki, təmsilçilik uğrunda beş azyaşlı istedad - Nərmin Həsənova, Ömər Sultanov, Qəmərtac Maqsudova, Suada Ələkbərova, Toğrul Kərimov hər biri iki mahnı ilə öz bacarığını nümayiş etdirib. Milli finalda ekspert qismində xalq artisti Faiq Ağayev, "Eurovision" qalibi Eldar Qasımov, bəstəkarlar İsa Məlikov, Murad Arif, Ülviyyə Vəliyeva iştirak ediblər. Eyni zamanda azyaşlı istedadlara dəstək olmaq üçün "Eurovision 2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayeva, Eldar Qasımov ifaları ilə dəstək olublar.

Qeyd edək ki, Azərbaycan bu il 10-cu dəfə keçirilən "Junior Eurovision"da ilk dəfə təmsil olunacaq. Dekabrın 1-də Amsterdamda baş tutacaq müsabiqədə 12 ölkənin iştirakı təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə