Dramaturq anılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında 2010-cu il 13 aprel tarixli Sərəncamına uyğun olaraq, Şəkidə ədibin yubiley tədbirlərinə hazırlıq işləri davam etdirilir. SİA-nın verdiyi xəbərə görə, böyük dramaturqun yubileyinin onun doğulub boya-başa çatdığı Şəkidə yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə təşkilat komitəsi yaradılıb. Tədbirlər planı təsdiq edilib. Ötən müddət ərzində müxtəlif tədbirlər, elmi konfranslar, seminarlar keçirilib. Sərgi və müsabiqələr təşkil olunub.

Yubiley tədbirlərinə hazırlıq çərçivəsində Mirzə Fətəli Axundzadənin Şəki şəhərindəki ev-muzeyində təmir-bərpa və yenidənqurma işləri aparılıb, muzeyin həyətindəki ekspozisiya zalı sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilib. Bundan əlavə, böyük ədibin adını daşıyan kinoteatrın qarşısındakı ərazi tam abadlaşdırılıb.

Hazırda Şəki şəhərindəki Axundzadə prospektində əsaslı təmir, yenidənqurma və abadlıq işləri davam etdirilir. Prospektdə yerləşən yaşayış evləri və ictimai binalar, səkilər milli memarlıq üslubunda yenidən qurulur. Qədim tikililər bərpa edilir. Yeni işıqlandırma sistemi quraşdırılır. Prospektin tarixi görkəmi özünə qaytarılır. Dahi mütəfəkkirin adını daşıyan mədəniyyət və istirahət parkında da abadlıq və yenidənqurma işləri yüksək sürətlə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə