“Romeo və Cülyetta” ilə yeni görüş- FOTO

“Romeo və Cülyetta” ilə yeni görüş- FOTO

40 illik fasilədən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis dramaturqu Uilyam Şekspirin "Romeo və Cülyetta" tamaşasına ictimai baxış keçirilib. SİA-nın məlumatına görə, iki hissəli məhəbbət faciəsinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu Rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsusdur.

Tamaşada əsas rolları Günel Məmmədova (Cülyetta), Elnur Kərimov (Romeo), digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Seyidşah Məmmədov, Şövqi Hüseynov, Kəmalə Hüseynova, Leyli Vəliyeva, aktyorlar Nəsibə Eldarova, Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Nicat Kazımov, Vüsal Mehrəliyev, Qurban İsmayılov, Məhərrəm Musayev, Elxan Qurban, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa edirlər.

Əsərdə iki düşmən nəslin konflikti iki dövrün qarşıdurması (müasir və keçmiş) konteksində yazılıb.

Səhnə həllinin maraqlı yozumu, yerində işlənilən musiqi, uğurlu tərtibat, tamaşanın bədii keyfiyyətinin əsas qayəsini təşkil edir. Tamaşanın müzakirəsində teatrın bədii şura üzvləri və tanınmış teatr xadimləri tamaşanın günümüzlə səsləşməsi və maraqlı aktyor oyunu haqqında müsbət fikirlər söyləyiblər.

Yeni tamaşanın premyerası noyabrın 24-ü və 25-ə nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə