Fərid Cəfərov: Konsepsiyada rəqəmsallaşma və mədəniyyət sənayelərinin inkişafı xüsusi yer tutur

30 yanvar tarixində Azərbaycan Milli İncəsənət Muzeyində media nümayəndələri üçün “Azərbaycan mədəniyyəti – 2040” adlı Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunmuş bilgiləndirmə sessiyası keçirilib.

SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Azərbaycan mədəniyyəti - 2040” konsepsiyasının icrasında mətbuat nümayəndələrinin və media qurumlarının fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Medianın bu prosesə aktiv şəkildə cəlb olunması konsepsiyanın məqsəd və hədəflərinin geniş ictimaiyyətə çatdırılması, eləcə də dövlətin mədəniyyət siyasətinin ictimai şüurda möhkəmləndirilməsi baxımından mühüm rol oynayır.
Konsepsiya altı əsas istiqaməti əhatə edir. Bu istiqamətlərdən üçü ölkə başçısının uzun müddət ərzində müxtəlif çıxış və nitqlərində prioritet kimi vurğuladığı sahələrdir və artıq ictimaiyyət üçün tanış məzmun daşıyır. Konsepsiya həmin strateji yanaşmaların vahid, sistemli və konseptual çərçivədə ümumiləşdirilməsini və inkişaf etdirilməsini nəzərdə tutur.

“Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında hazırlanıb. Sənədin işlənib hazırlanması prosesində ziyalıların, sahə üzrə mütəxəssislərin və media nümayəndələrinin iştirakı konsepsiyanın elmi əsaslara, praktik təcrübəyə və ictimai rəyə söykənməsini təmin edib.

Qurum rəsmisi qeyd etdi ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə son iki-üç il ərzində çoxsaylı müzakirələr və görüşlər keçirilib, mədəni inkişafın müxtəlif aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Konsepsiyanın icrasında mədəniyyətin altı əsas sahəsinin mövcud reallıqlar və müasir çağırışlar nəzərə alınmaqla daha effektiv və uyğun formada həyata keçirilməsi nəzərdə tutulur.

Konsepsiyada rəqəmsallaşma və mədəniyyət sənayelərinin inkişafı xüsusi yer tutur. Bu proseslərin tam və səmərəli icrasında dövlət qurumlarının, eləcə də cəmiyyətin müxtəlif təbəqələrinin fəal iştirakı mühüm amil kimi dəyərləndirilir. Eyni zamanda, konsepsiya mədəniyyətin digər sahələrlə qarşılıqlı əlaqəsini nəzərdə tutan bir sıra strateji məsələləri də əhatə edir. Xüsusilə mədəniyyət və iqtisadiyyat arasındakı əlaqələrin gücləndirilməsi, mədəniyyətin iqtisadi dövriyyədə payının artırılması, eləcə də xarici siyasət kontekstində mədəni diplomatiyanın qorunması və inkişafı əsas hədəflər sırasındadır. Bu baxımdan Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə daha geniş və sistemli şəkildə təqdim olunmasının vacibliyi vurğulanıb”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə