Süni intellektlə yaradılan ədəbiyyat və incəsənət əsərləri orijinallıq hesab oluna bilərmi? - YAZIÇI KULTROLOQ ŞƏRH ETDİ
"İncəsənət tarixi hər zaman polemikalarla müşayiət olunub. Hər dəfə sənətin formatı, texnologiyası, estetikası və dili dəyişdikcə insanlar - filosoflar, şairlər, mütəfəkkirlər - bu dəyişikliklərin sənətin mahiyyətini pozduğunu düşünərək narahatlıq ifadə ediblər". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, ən qədim dövrlərdə, ibtidai icma cəmiyyətində insanlar ovçuluqla bağlı dua və rəqslər edir, ilkin şeirlər söyləyirdilər. Daha sonra bu təsvirləri Qobustan abidələrinə həkk etməyə başladılar. Həmin dövrdə belə insanlar bu fəaliyyəti süni yaradıcılıq kimi qəbul edir, bəzən tənqid edirdilər: "Vaxt keçdikcə yazı, kitabələr və əlyazmalar dövrü gəldi. İnsanlar estetik fikirlərini yazıya almağa başladılar. Bu mərhələdə də sənətin formasının dəyişməsi mübahisələrə səbəb olurdu. Daha sonra teatr sənəti, xüsusilə Yunan və Roma dövründə inkişaf etdi. Dram janrının meydana çıxması ilə sənət yeni bir mərhələyə qədəm qoydu. Lakin bu da birmənalı qarşılanmadı.
18–19-cu əsrlərdə teatr yenidən canlandı, lakin 20-ci əsrdə radio, kino və televiziya kimi yeni texnologiyalarla qarşılaşdı. Televiziya, internet, sosial şəbəkələr və mobil texnologiyalar sənətin formasında və çatdırılma yollarında böyük dəyişikliklər yaratdı. Biz bu dəyişikliklərə hazır olmalı, onların estetik dəyərini anlamağı bacarmalı və milli sənət nümunələrimizi yeni texnologiyalar vasitəsilə yaratmağı öyrənməliyik. Bu gün artıq süni intellekt - daha dəqiq desək, sintetik zəka - sənət əsərləri yaratmağa başlayıb. Bu isə yeni mübahisələrə yol açır: görəsən, bu əsərlər orijinal yaradıcılıq məhsuludurmu, yoxsa alqoritmik manipulyasiyanın nəticəsidir? Məncə, bu mübahisələrə həddindən artıq önəm vermək lazım deyil. Çünki texnologiya inkişaf etdikcə həyatımızın bütün sahələrində olduğu kimi, sənət və ədəbiyyatda da dəyişikliklər qaçılmazdır.
Sənət artıq vizuallaşır, yeni formalar qazanır. Kino, televiziya, foto, audio və radio vasitəsilə sənət nümunələri yaradılır və təqdim olunur. Dram əsərləri ekranlaşdırılır, musiqilər rəqəmsal formada paylaşılır. İndi isə süni intellekt tərəfindən yaradılan sənət əsərləri meydana çıxır. Lakin əsas məqam ondan ibarətdir ki, bu sistemlərin arxasında insan düşüncəsi və ideyası dayanır. Süni zəka insan əqli və intellektual məhsulunun təcəssümüdür.
Süni intellekt tədricən insan əməyi ilə yanaşı, yaradıcılıq fəaliyyətinə də təsir edir. Bəzi hallarda onu asanlaşdırır, avtomatlaşdırır. Superkompüterlər əsərlər yaza, ideyalar təqdim edə, hətta intellektual debatlarda iştirak edə bilir. Bu baxımdan süni intellektin yaratdığı əsərlər tamamilə "qeyri-insani" deyil, çünki onların ideyası, proqramlaşdırılması və istiqamətləndirilməsi insana məxsusdur. Ədəbiyyat sahəsində bu keçid bir qədər çətin ola bilər. Çünki dilin dərinliyi və emosional çalarları hələlik süni intellekt üçün tam mənimsənilməyib. Lakin kino, vizual sənət, foto, audio, musiqi və rəssamlıq sahələrində süni intellektin rolu artıq hiss olunmaqdadır. İnqilabi yeniliklər çoxdan başlayıb. Məsələn, əvvəllər biz Novruz bayramında bir-birimizin evinə gedərdik, indi isə sosial şəbəkələrdə virtual təbriklər göndərir, rəqəmsal səməni və yumurta şəkilləri paylaşırıq. Bu dəyişikliklər kütləvi şüurun formalaşmasına təsir etdiyi kimi, sənətə və ədəbiyyata da sirayət edir.
Bununla belə, son qərar insana məxsusdur. Süni intellekt sadəcə vasitədir — ideyanı verən, mövzunu seçən və əmri icra etdirən insandır. Ədəbiyyat sahəsində süni intellektin yaradacağı əsərlərin orijinallığı da məhz insan ideyasından qaynaqlanır. Nəticə olaraq, süni intellektlə yaradılan ədəbiyyat və incəsənət əsərləri müəyyən mənada orijinal hesab oluna bilər, lakin bu orijinallığın təməlində insan amili dayanır. Yəni süni intellekt əsərləri öz-özlüyündə yox, insanın təfəkkürü, estetik zövqü və texnologiyanı yönləndirməsi ilə orijinal yaradıcılıq məhsuluna çevrilə bilir. Bu prosesin dəyəri isə yalnız texnologiyada deyil, onun arxasında dayanan insan düşüncəsində gizlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə