"Bu abidələrdən bəziləri yaxşı, bəziləri isə pis vəziyyətdə qalıb" - RƏYLƏR

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Türk dünyası memarlarının “Şuşa simpoziumu” Şuşa şəhərində öz fəaliyyətinə başlayıb. SİA xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İtaliya və Macarıstandan olan 60-a yaxın memarın bir araya gəlməsində əsas məqsəd Şuşada aparılan və nəzərdə tutulan tarixi-memarlıq abidələrinin bərpa və konservasiyası, tarixi mühitin abalaşdırılması mövzularında təqdimat və çıxışların edilməsi eyni zamanda fikir mübadilərinin aparılmasıdır.

Keçirilən simpoziumla bağlı mətbuata danışan Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, Ulu Öndərin 100 illiyi çərçivəsində mədəniyyət paytaxtımızda keçirilən memarlarının görüşü Şuşa üçün əlamətdar bir hadisədir: “Burada bir neçə ölkədən gələn ekspertlər var. Onlar bu tədbir çərçivəsində tarixi miras, memarlıq abidələri haqqında fikir mübadilələri aparacaqlar. Təcrübələrini bir-birləri ilə bölüşəcəklər. Düşünürəm ki, tədbir bu baxımdan çox mühüm əhəmiyyət daşıyır. Şuşa şəhəri bir qoruq şəhəri olduğu üçün onun tarixi-memarlıq qoruğunun inkişafinda da mühüm töhfəsi olacaq".

Şuşada bərpa və quruculuq işlərinin sürətlə davam etdiyini də əlavə edən Aydın Kərimov bu işlərin hər birinin müvafiq baş plana uyğun olaraq şəhərin tarixi-memarlıq irsini qorumaq olduğunu qeyd edib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva qeyd edib ki, bu tədbirin Şuşa üçün çox böyük əhəmiyyəti var: “Belə böyük bir tədbiri biz həsrətin çəkdiyimiz Şuşada keçiririk. Türkdilli ölkələrdən gəlmiş çoxsaylı memarları burada qarşılayırıq. Gələcəkdə onlar ilə Şuşanın daha da gözəlləşməsi sahəsində işləri aparmağa çalışacağıq”.

Əsas hansı müzakirələr aparılır və aparılacaq? Suallarına isə Səbinə Hacıyeva belə cavab verib: “Müzakirələr hələ ki qabaqdadır. Geniş çeşidli müzakirələr olacaq, Abidələrin bərpası sahəsində müxtəlif problemlər həll olunacaq və düşünürəm ki, bunun gələcəkdə Azərbaycan üçün mühüm əhəmiyyəti olacaq. Şuşanın salındığı dövrdə müxtəlif abidələrin bir çoxu hələ günümüzə qədər qalmışdır. Bu abidələrdən bəziləri yaxşı, bəziləri isə pis vəziyyətdə qalmışdır. Düşünürük ki, Şuşanın, Şuşadakı abidələrin işğaldan əvvəlki vəziyyətinə qaytarılması bizim hamımızın borcudur".

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə