“İdmanın bədənə göstərdiyi təsiri, kitab beyinə göstərir”. Bu, alman folosofu Kantın sözləridir. Dərindən düşünəndə belə bir qənaətə gəlirsən ki, həqiqətən beynin kitabla qidalanması bəşəriyyəti narahat edən bir çox problemlərin açılmasında, kəşf olunmasında mühüm rol oynayır. Kitabsız inkişaf yoxdur. Bu, aksiomadır. Lakin görək bu gün kitaba doğrudanmı həvəs varmı?

Bu sualla 6-cı mikrorayonda yerləşən Əliağa Vahid adına kitabxananın müdiri Müjgan Rəsulzadəyə müraciət etdim.

-Etiraf etmək lazımdır ki, əvvəllər kitaba həvəs daha böyük idi. Yeni tenologiyalar istehsalata tədbiq olunduqca, yeni kəşflər ortaya çıxır və gənclərin, oxucuların əksəriyyəti ora meyl edirlər. Məsələn İnternetin özü. Hər bir informasiyanı ordan tapmaq olur, üstəlik kitabları. Bununla belə, demək istəməzdim ki, oxucularımız azdır. Bu düzgün olmazdı. Bu, o oxuculardır ki, evlərində kompüter olsa belə, kitabxana ilə daima ünsiyyətdədirlər və kitablara həvəsləri böyükdür.

Burada bir balaca haşiyəyə çıxıb Müjgan Rəsulzadə haqqında qısa da olsa məlumat vermək istəyirəm. O, 2015-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsini bitirib. 2016- cı ildə 6 ay Mərkəzi Uşaq Kitabxanasında çalışıb. Sonra 2 il şəhər mərkəzi kitabxananın oxu zalında işləməyə başlayıb. Çalışdığı ilk gündən təcrübəli kitabxanaçıların iş təcrübələrindən bəhrələnib, oxucularla sıx ünsiyyət qurub, onlara mədəni xidmət göstərib və özünün dediyi kimi, getdikcə bu sənətin vurğunu olub.

-Çalışdığım kollektiv mənə doğma oldu, - deyə Müjgan xanım sözünə davam etdi: - Lazım gələndə öz köməklərini məndən əsirgəmirdilər, məsləhət verirdilər. Onlardan həmişə razı qalmışam.

Müjgan başqa kitabxanaçılar kimi sənətini sevəndir. Gənc olmasına baxmayaraq, kollektivdə hörmət sahibidir. Məsuliyyətini, işgüzarlığını nəzərə alaraq 2021-ci ildən onu Əliağa Vahid adına kitabxanaya müdir təyin ediblər. Bəzilərinə asan gəlir ki, kitabxanada müdir işləmək çox da çətin deyil. Amma onu qeyd etmək istəyirəm ki, hər bir peşə çətindir. Əgər hər bir vətəndaş işlədiyi yerdən asılı olmayaraq, peşəsinin vurğunudursa, onda həmin işə məsuliyyətlə yanaşar, rəhbərlik qarşısında həmişə hörmətdə olar. Amma elə insanlar var ki, işə məsuliyyətsiz, könülsüz, həvəssiz yanaşırlar. Belə adamlar demək olar ki, ya sənətlərini sevmirlər, təsadüfən gəlib düşüblər, ya da işin ağırlığından qorxurlar.

6-cı mikrorayon böyük ərazidir. Kitabxananın 1100 nəfər oxucusu var. Oxucuların çoxusu bədii və psixoloji əsərlərlə daha çox maraqlanırlar. Tapılmayan kitabları Mərkəzi Kitabxanadan sifarişlə alıb oxuculara çatdırırlar ki, oxucu narazı qalmasın. Elə oxucular var ki, onun tələbi ödənilməyəndə bir daha kitabxanaya ayaq basmırlar. Bu bir çox kitabxanalarda problemə çevrilib.

-Hansı əsərlər daha çox tələb olunur? – deyə mən Müjgan xanıma müraciət etdim.

-Müasir ədəbiyyata meyl çoxdur. Yaşlı nəslin nümayəndələri Azərbaycan yazıçılarının əsərlərini istəyirlər. Məsələn Fərman Kərimzadəni, Qılman İlkini, Salam Qədirzadəni. Əzizə Cəfərzadəni, şairlərdən Nəriman Həsənzadəni, Cabir Novruzu, Balaş Azəroğlunu, Tofiq Bayramı, rus ədəbiyyatından Dostoyevskini, Turgenyevi, Puşkini, Lermantovu, Yevtuşenkonu, dünya ədəbiyyatında Rəşad Nuri Güntəkini, Əziz Nesini, Hüqonu, Balzakı, Taqoru və sair.

Son vaxtlar gənclərimiz “Qarri Potteri” bizdən tələb edirlər. Təəssüflər olsun ki, fondumuzda həmin əsərlər yoxdur.

-Keçirdiyiniz tədbirləri məktəblilərlə keçirirsiniz, yoxsa oxucuları da cəlb edirsiniz?

-Biz əsasən 3 və 27 saylı məktəblərlə əlaqə saxlayırıq. Müştərək tədbirlərimiz çox olur. Lakin bu o demək deyil ki, oxucular kənarda qalır, xeyir, bu düzgün olmazdı. Bizim fəal oxucularımız çoxdur. Onları hər bir tədbirdə görmək mümkündür.

“Narkomaniyaya qarşı mübarizə”, “QİÇS-ə qarşı”, “Elm və texnologiya” ilə bağlı disput, dahi Nizami Gəncəvi ilində bir sıra tədbirlər, “Şuşa alınmaz qala”, “Milli musiqimiz xəzinəmizdir” adlı müxtəlif mədəni-kütləvi tədbirlərdə şagirdlərlə yanaşı, müəllimlər və bizim oxucular da yaxından iştirak ediblər.

-Musiqidən söz düşmüşkən sizin sevdiyiniz müğənnilər kimlərdir?

-Olduğunu deyəcəyəm. Telekanallarda göstərilən şit, bayağı mahnıları bəyənmirəm və onlara demək olar ki, qulaq asmıram. Mənim ruhumu oxşayan, təzələyən retro mahnılardır. Sara Qədimova, Gülağa Məmmədov, Şövkət Ələkpərova, Hüseynağa Hadıyev, Lütfiyar İmanov və başqaları. Onları dinləməkdən yorulmuram, əksinə, zövq alıram, əhval-ruhiyyəm yüksəlir, milli musiqimizə hörmətim daha da artır.

Kitabxanada Seyidən Nəsirova da çalışır. Slavyan Universitetini bitirsə də, meylini kitabxanaya salıb. “Peşman deyiləm, - deyir. - Kitabxana, kitab, onun təbliği, oxucularla ünsiyyət yaratmaq təkcə mədəni xidmət göstərməkdən ibarət deyil, biz həm də insanların dünyagörüşünü, maraq dairəsini öyrənirik, yeri gələndə onlarla fikir mübadiləsi aparıriq. Bu işdən çox məmnunam. Mənə elə gəlir ki, öz sənətini sevən hər bir kəs ona ürəyini bağlamalıdır”.

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemində və onun filiallarında çalışan kitabxanaçıların əsas vəzifəsi oxuculara mədəni xidmətlə yanaşı, mənəvi xidmət də göstərməkdən ibarətdir. Bunu öz sənətini sevən, onun vurğunu olan bir çox kitabxanaçılar böyük həvəslə edir və bundan zövq alırlar. Əliağa Vahid adına kitabxananın kitabxanaçıları kimi.
Yazımın bu yerində kitabla bağlı dahi Aristotelin bu kəlamını yazıram: “Oxuyub yazanla oxumayıb yazmayan arasındakı fərq, ölülərlə dirilər arasındakı fərq qədərdir”.

Eyruz Məmmədov,
respublikanın Əməkdar jurnalisti

Bütün xəbərlər Facebook səhifəmizdə