Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib... - YENİLƏNİB/ FOTOLAR
Mayın 8-də Bakının mərkəzində yerləşən “Landmark Hotel”də "Magen David" Azərbaycan İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış incəsənət və mədəniyyət xadimləri, elm adamları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda Heydər Əliyevin Azərbaycan multikulturalizminin inkişafına verdiyi töhfələr, tolerantlıq ənənələrinin möhkəmləndirilməsindəki rolu xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən “Magen David” Cəmiyyətinin sədri və Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan üzrə rəhbəri David Seliverstov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün əvəzolunmaz şəxsiyyət olduğunu vurğulayıb. O, qeyd edib ki, dahi liderin adı müasir Azərbaycanın tarixi ilə əbədi şəkildə bağlıdır: “Bu gün biz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd edirik. O, təkcə müstəqil Azərbaycan dövlətinin qurucusu deyil, eyni zamanda xalqın yaddaşında daim yaşayan böyük siyasi və ictimai xadimdir. Müasir Azərbaycanın əldə etdiyi uğurlar onun uzaqgörən siyasətinin nəticəsidir.
Biz “Magen David” cəmiyyəti olaraq, sosial məsuliyyət çərçivəsində çoxsaylı tədbirlər həyata keçiririk. Lakin bu günkü tədbir bizim üçün həm ən qürurverici, həm də ən məsuliyyətli tədbirlərdən biridir. İnanırıq ki, Ulu Öndərimizin ruhu şaddır.”
Qeyd edək ki, “Magen David” Cəmiyyəti uzun illərdir Azərbaycanda yaşayan yəhudi icmasının hüquqlarının müdafiəsi, sosial rifahının yaxşılaşdırılması və xeyriyyə layihələrinin həyata keçirilməsi istiqamətində fəal fəaliyyət göstərir. Bu tədbir də həmin fəaliyyətin növbəti nümunəsi olaraq cəmiyyətlərarası dostluğun və birgə dəyərlərin təbliğinə xidmət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə