Yaradılış bayramının "gizli" mahiyyəti: Novruz mifologiya və elmin vəhdəti kimi –ARAŞDIRMA

Bahar bayramı insanlığın, sülhün, humanizmin, mənəviyyatın, bir sözlə yaradılışın bütün dəyərlərinin ən qədim şah əsəridir

Novruz bayramı tarixdə ilk dəfə olaraq Azərbaycanda rəsmi dövlət bayramı elan edilib - 1921-ci ildə Nəriman Nərimanov tərəfindən

Yarım milyon kv km-lik ərazini əhatə edən tarixi torpaqlarda möhtəşəm mədəniyyət yaradan Azərbaycan xalqının sivilizasiyaya verdiyi misilsiz töhfələrdən olan Novruz bayramı Odlar Yurdunun ta qədimdən yüksək sivilizasiya mərkəzi olduğunu təsdiqlənən əsas faktlardandır.

Bəşəriyyətin ilk bayramı Azərbaycanda yaranıb?

Tədqiqatlara görə, Novruz bayramının tarixi təqribən 5-6 min il əvvələ gedib çıxır. Bahar bayramı ilə bağlı tarixə bəlli ilk yazılı mənbə 5 min il bundan öncə yaşamış şumerlərə aiddir. Şumerlərin oraya şimaldan- Azərbaycan ərazilərindən köçüb gəldiyi artıq bir çox şumerşünas alimlər tərəfindən qəbul olunub.

Bu bayram haqda məlumatlara 7-8 min il yaşı olan ilk müqəddəs kitabda- Avestada, ilk peyğəmbər Zərdüştün qatlarında, 5-6 min illik tarixə dayanan Dədə Qorqud dastanlarında və digər qədim mənbələrdə də rast gəlinir.

Belə qəbul olunur ki, Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Əslində, bu təsəvvürlərin kökündə zamanın “ölüb-dirilməsi” durur. Köhnə il ölür, yeni il doğulur. Kənd yerlərində qadınlar evdəki köhnə şeyləri təzələyirlər: yorğan-döşəyi yuyurlar, divarları ağardırlar, köhnə şeyləri atırlar. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır.

Tədqiqatçıların çoxu Şərqin böyük hissəsində qeyd edilən Bahar Bayramının vətəninin Azərbaycan olduğunu vurğulayırlar. Bu bayramın dünyaya məhz buradan yayıldığı ehtimalı son dərəcə yüksəkdir.

Qədim yunan tarixçisi Plutarx yazırdı: “Midiyalılarda buğda çox müqəddəs hesab edilir. Yazın əvvəllərində midiyalılar buğdanı cücərdirlər. Bu, Omani adlanır”.

Qərbi hindistanlıların danışdıqları qədim sanskrit dilində Omani Sumani adlanır ki, bu da buğda kəlməsi ilə eyniləşir. Bu kəlmə dilimizdə Səməni adlanaraq Novruzun rəmzinə çevrilib. Yeri gəlmişkən, hər il yazda Hindistanda da Novruza oxşar kütləvi şənliklər keçirilir.

İlaxır çərşənbə- “Danatma”- Günəşi qarşılamaq mərasimi

Bu bayramda əhali kənd-kənd, oba-oba göy çəmənliklərdə, çay kənarında toplaşır, çalır-oynayırlar. Qaranlıq düşdükdən sonra tonqallar qalanır və üzərindən hoppanırlar. Bu günlərdə aşıqlar xalq qarşısında çıxış edir, Novruz mahnıları, dastanlardan parçalar oxuyurdular.

Novruz gününə Hürmüz günü, yəni, Tanrı günü deyilərdi. Tanrı gününə hazırlaşan insanlar çərşənbələrdə maddi yaradılışın bazasını təşkil edən 4 müqəddəs ünsürlə- su, od, hava və torpaqla pak olma mərasimləri keçirər, ruhu ilə bərabər öz vücudunu da təmizləyərdi. Axırıncı, ilaxır çərşənbə gecəsi ən əziz çərşənbə hesab olunur. Bu cərşənbə Danatma adlanir. Həmin gecə hec kim yatmaz, çillə keçirərdilər.

Günəş qədim insanların müqəddəs saydığı və Tanrının dünyanı yaratdığı zaman insan oğluna bəxş etdiyi ən vacib səma cismidir. Ona görə də 4 müqəddəs ünsürə həsr olunan çərşənbələrdən sonra Böyük Bayram- Novruz gecəsi olurdu və gecəylə gündüzün tam bərabərləşdiyi bu gün həm də Günəşə həsr olunurdu.

Bu gecə insanın Yaradana öz sevgisini göstərmək gecəsidir. Qədimdə həmin gecə insanlar bir yerə yığışar, sözlə-sazla Tanrını mədh edərdilər. Bu dolayısı ilə insanların Uca Tanrıya ehtiramı və yaradılışa görə Ona minnətdarlığıdır.

Novruz mifoloji, kosmoqonik və astronomik biliklərə əsaslanır

Novruz bayramının nəyə görə məhz martın 21-də qeyd olunması çox mətləblərə aydınlıq gətirir. Məhz bu gün astronomik təqvim ili başlayır. Bu fakt sübut edir ki xalqımız ta qədim zamanlardan yüksək kosmoqonik və astronomik biliklərə, kainat haqda təsəvvürlərə malik idi. Elm isə yalnız son əsrlərdə sübut edə bilib ki, astronomik ildəyişmə məhz həmin gecə baş verir.

Bu haqda qədim biliklər və belə dəqiqlik yalnız heyrət doğura bilər. Dünyanın ən qədim müqəddəs bayramını yaradan, Tanrının və Təbiətin şəninə keçirilən mükəmməl mahiyyətə malik mərasimləri reallaşdiran, bunu minillər boyu yaşadan bir xalqın övladı olmaqla fəxr etməyə dəyər.

Novruzun mahiyyəti əslində, qondarma tarixçilərin dediyi kimi təkcə təbiətin oyanmasından ibarət ola bilməz. Çünki, tarixi faktdır ki xalqımız ta qədimdən zəngin biliklərə və təktanrılı dini görüşlərə sahib olublar. Ona görə də, xalqın ən böyük və müqəddəs bayramı da məhz bu faktorların əsasında formalaşa bilərdi. Avestanı öyrənəndə bu qənaətə gəlmək asan olur.

Novruz bayramı zərdüştlükdən də qədim tarixə dayansa da, Zərdüşt dini ilə sıx bağlı olub və bu bağlılıq “Avesta”da da əks olub. Bu, həm də təbiətin və insanın yaranma bayramı, işığın-Ahuramazdanın qaranlığa- Əhrimənə qələbə bayramı və nəticədə günlərin (işığın) uzanması bayramıdır.

Novruz çərşənbələrinin mahiyyəti

Ulu babalarımız Novruz bayramında və onun 4 ünsürə aid edilən çərşənbələrində ocaqlar yandırar, Tanrının ən güclü maddi enerjisı saydıqları Odun vasitəsilə Tanrıya Onun öz nemətlərindən qansız qurbanlar verərlərmiş. (Bu sətirlərin müəllifinin bayramın bu əsas elementi- Odun vasitəsilə Tanrıya qansız qurban mərasimi ilə bağlı Tovuzda səhnələşdirərək çəkdiyi qısametrajlı televiziya filminə buradan baxa bilərsiniz-

https://www.youtube.com/watch?v=H54k30G8WiE

Su, Od, Torpaq və Yel çərşənbələrində insanlar bu ünsürlərin vasitəsilə ruhi cəhətdən təmizlənərmişlər. Məsələn, Od çərşənbəsində odun üzərindən tullanmaqla, su çərşənbəsində saf su ilə yuyunmaqla, torpaq çərşənbəsində həyətdə lağım qazıb içindən sürünərək keçməklə, yel çərşənbəsində isə açıq havada çox gəzməklə təmizlənərmişlər.

Od çərşənbəsində insanlar tonqalın dövrəsinə toplaşaraq Tanrıya Od vasitəsilə təbii nemətlərdən qansız qurbanlar verər, sonra da hərə öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdilər.

Torpaq çərşənbəsində qəbiristanlıqlara və müqəddəs yerlərə ziyarətə gedilir, ata-babaların əziz ruhunu şad etmək və ehtiram bildirmək üçün məzarların üzərinə bayram payı düzülür, ətrafında məşəllər və şamlar yandırılır. Bu qədim ənənəni Tovuz televiziyasında çalışarkən Düz Qırıqlı kəndində hazırladığmız süjetdə göstərmişik. Bu cür səhnələr bizə Dədə Qorqut dastanlarından da tanışdır.

Müqəddəs günlərin çərşənbə axşamı seçilməsinin isə mahiyyəti bundan ibarətdir ki, qədim dini-fəlsəfi biliklərə əsasən, Tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini görmüş, ikinci gün (çərşənbə axşamı) yaratmağa başlamışdı: üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaratmış; altıncı gün yaranışların hamısına ruh (can) vermiş, yeddinci gün isə istirahət etmişdi. Bu inama görə, bütün İlahi yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına düşür.

Mənəviyyat və humanizm bayramı

Bayram günlərində imkansızlara yardlm edilər, küsülülər barışar, yurdda sülh və əmin-amanlıq hökm sürərmiş. Novruzun öz spesifik süfrəsi var. Burada əsasən bitkilərdən hazırlanmış yeməklər süfrəyə verilir. Bu yeməklərin şahı təbii ki, xalqımızın kulinariyasında ən dəyərli yemək sayılan aşdır. Novruz aşı xüsusi formada müxtəlif meyvə qurularından ibarət qara ilə bəzədilir və ətrafına şamlar düzülür. Bundan əlavə, hər evdə Novruz xonçası hazırlanır. Bu xonça xeyli çesiddə meyvələr, şirnilər, qoz-fındıq boyanmış yumurtalar və s. nemətlərlə bəzədilir, kənarında şamlar yandırılır. Yeri gəlmişkən, yumurta həyat rəmzi sayılır və onun boyanması həyatın çalarlarına işarədir. Paxlava, şəkərbura, badambura, qoğal, qurabiyə kimi şirniyyatlar təbiətin və qədim mifologiyamızın simvolları ilə bəzədilir. Məsələn, şəkərbura butanı ifadə edir.

Bahar bayramının atrubutları da zəngindir- “Atıl-Batıl”, “Kosa-kosa”, “Yeddiləvin”, “Səməni”, “Cıdır”, “Od qalama və üstündən atılma”, “Axar su başına getmə və su üstündən atılma”, “Evə təzə il suyu gətirmə”, “Qulaq falına çıxma” və s. kimi adətləri bu gün Azərbaycanda və digər yerlərdə yaşadılmaqdadır.

Novruz insanları azı 1 ay xoş əhval-ruhiyyədə və həm fiziki, həm də ruhi cəhətdən təmiz formada saxlayır. Çərşənbələrdə hamı bir-birinə pay-püsk aparır, qonaq gedir bayramlaşırlar. Bu ay ərzində ancaq xoş sözlər danışır, xeyir işlər görülür, küsülülər barışdırılır.

Uşaqlar evlərin qapısına torba atırlar, ev yiyəsi də onların bayram payını qoyur torbanın içinə. Bu bayramda qapı pusma, səhərədək çillə keçirilməsi və s. zəngin adət-ənənələr var ki saymaqla qurtarmaz.

Kosa, bahar qız və keçəlin ifasında nümayiş etdirilən tamaşalar isə dünyanın ilk xalq teatrıdır, təbiət hadisələrinin dramatikləşdirilmiş formada səhləşləşdirilməsidir.

Sovet dövründə Novruz bayramı qadağan imiş?

Novruz bayramı tarixdə ilk dəfə olaraq Azərbaycanda rəsmi dövlət bayramı elan edilmişdir. Belə ki, Azərbaycan Sovet Sosialist Respublikanın rəhbəri Nərimanovun təşəbbüsü ilə ilk dəfə Novruz bayramı 1921-ci ildə dövlət səviyyəsində qeyd edilmiş və həmin günü qeyri iş günü elan edilmişdir.

1931-ci ilə kimi Novruz Azərbaycanda dövlət bayramı kimi qeyd edilmişdir və bu tarixdən sonra rəsmi dövlət bayramları siyahısından cıxarılmışdır. Ermənilərin davamlı təbliğatı ilə bunu dini bayram kimi göstərirdilər, bu səbəbdən SSRİ öz ideologiyasının ziddinə gedib dini bayramı dövlət bayramı kimi rəsmiləşdirə bilməzdi. Lakin sonra, xalqımızın layiqli oğulları, xüsusən də Şıxəli Qurbanov bunun belə olmadığını sübut edə bildi və Bahar bayramı yenidən dövlət səviyyəsində keçirildi.

Müəyyən müddət dövlət bayramı kimi keçirilməsə də, bu heç də Novruzun qadağan edilməsi mənasına gəlmir, bu bayram hər zaman xalq tərəfindən acıq bir şəkildə, hec kəsdən gizlədilmədən tam sərbəst surətdə qeyd edilmişdir, sadəcə bi müddət rəsmi dövlət bayramı olmayıb.

Bizim uşaq olduğumuz 70-80-ci illərdə bayrami indikindən daha zəngin keçirirdik- dəstə-dəstə uşaqlar küçələrdə məşəllərlə yürüş keçirir, yumurta döyüşü təşkil edir, tonqal ətrafında şeir və mahnılar oxuyardıq. Sonra valideynlərimizin verdiyi payları qonşulara aparırdıq, onların verdiyini də evə gətirərdik.

Onu da qeyd edək ki, əvvəllər Səmənini satmazdılar, hər kəs öz evində, öz əli ilə Səməni göyərdərdi. Çünki, Səməni evin, yurdun bolluq və bərəkət rəmzi sayılırdı. Təəssüf ki, getdikcə bayramın daha çox ənənələrini və rituallarını unuduruq və itiririk.

Bahar bayramı birmənalı olaraq, yaradılışın ad gününü, dünyanın yaranması və insanlara bəxş olunan nemətlərə görə Tanrıya minnətdarlığı özündə ehtiva edir. Ən qədim vətəni Azərbaycan olan Novruz bayramı elə bir zəngin xəzinədir ki, bəşəriyyətə bundan qədimi və bundan möhtəşəmi hələ məlum deyil. YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınan bu bayram Yaradılış, İnsanlıq, Mənəviyyat, Sülh və Humanizm bayramı kimi dünya xalqlarının mədəniyyət xəzinəsində ən önəmli yerini saxlayır.

Elçin Bayramlı

araşdırmaçı-jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə