"Bütün dünyaya çox ciddi mesajlar veriləcək” - ŞƏRH EDİLDİ

“COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı dünyanın bütün dövlətlərinin yekdil qərarı ölkəmizin artan beynəlxalq nüfuzunun, eyni zamanda son illərdə əldə etdiyi qələbələrin dünya ictimaiyyyəti tərəfindən təsdiq olunması və Azərbaycanın haqlı qələbəsinə verilən dəstəkdir. Çünki yekdilliklə, hətta Ermənistanın belə COP29-un Azərbaycanda keçirilməsinə səs verməsi 2020-ci il sentyabrın 26-dan başlayaraq uğurla həyata keçirilən və dövlət suverenliyimizin təmin edilməsi, separatizmin kökünün kəsilməsinə dəstək idi. Bu həm də Azərbaycan lideri İlham Əliyevin qlobal siyasətdə rolu və tutduğu mövqeyə verilən dəyər idi”. Bu sözləri SİA-ya açıqlamasında politoliq Anar Əliyev deyib.

Politoloq bildirib ki, son dövrlər müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə qalxan müstəmləkə xalqlarının hüquqlarının qorunması istiqamətində Azərbaycan dövləti və onun liderinin nümayiş etdirdiyi qətiyyətli, dönməz siyasət dövlətimizin və ölkə rəhbərinin nüfuzunu daha da artırmış oldu: “COP29 Azərbaycan dövlətinin rolunu, əhəmiyyətini, qlobal mövqeyini daha da artırmış olacaq. Eyni zamanda Azərbaycanın haqq davasının bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunmasını bir daha təsdiq etmiş olacaq. Həmçinin Azərbaycan iqtisadiyyatına, xüsusilə yenidən qurulan Qarabağ iqtisadiyyatına yeni investisiyaların cəlb olunmasına səbəb olacaq.

Azərbaycanın yaşıl enerji istiqamətində həyata keçirdiyi geniş fəaliyyətimizlə dünya ictimaiyyəti bir daha yaxından tanış olacaq. Eyni zamanda Azərbaycanın Günəş və külək enerji imkanlarının daha səmərəli istifadə olunması və əldə olunacaq enerjinin dünya bazarına və xüsusilə də Avropaya çatdırılması ilə bağlı öz perspektivlərini göstərəcək. Azərbaycanın paytaxtından bütün dünyaya ekologiyanın qorunması ilə bağlı bütün dünyaya çox ciddi mesajlar veriləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə