"COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır" - ŞƏRH EDİLDİ

“COP-29-un yekdil qərar ilə rəsmi Bakıya həvalə olunması ölkəmizin qazandığı tarixi qələbənin bir daha dünya tərəfindən qəbulunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat sözlərinə belə davam edib: “İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. Əslində, COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

Azərbaycanın da belə bir möhtəşəm tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil. İqlim dəyişmələrinin qarşısının alınması ilk növbədə istixana effektini törədən qazların atmosferə buraxılmasını ya sıfır səviyyəsinə endirilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Bu isə öz növbəsində enerji transformasiyanın əsas istiqaməti olan bərpa olunmayan enerji mənbələrindən bərpa olunan enerjiyə keçmək deməkdir. Dünya İqtisadi Forumu bu prosesləri son onillikdə, yəni 2014-2023-cü ildə dünya ölkələrində necə getdiyini təhlil edib. Enerji keçidinə xidmət edən bütün istiqamətlərində Azərbaycanda sürətlə irəlilədiyi məlum olub. Bu öz əksini ölkədə energetika infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi, sahəyə məqsədli investisiya və digər fəaliyyətlərdə öz əksini tapıb.

Azərbaycanın enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu səbəbdən də deyə bilərəm ki, COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasiyaların inkişaf strategiyasının nəticəsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə