Bütün dünyanın diqqəti COP29-a, yəni Azərbaycana yönəlib - MÜNASİBƏT BİLDİRİLDİ

“Hazırda bütün dünyanın diqqəti COP29-a, başqa sözlə Azərbaycana yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “İqlim dəyişikləri, onun ekoloji fəsadlarının aradan qaldırılması, önlənməsi, “yaşıl enerji”yə keçid bütün dünyanın marağında olan məsələdir. Belə bir qlobal miqyaslı tədbirin Azərbaycanda baş tutması əlbəttə ki, ölkəmizin yüksək imici, dünyadakı yeri, çəkisinin göstəricisidir.

COP29 çərçivəsində ölkəmizlə sıx əlaqələr qurulur, əməkdaşlıqlar dərinləşdirilir. ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə yazdığı məktubdan da gördük ki, superdövlət Azərbaycana münasibətdə yalnız pozitiv fikirlər irəli sürür, müsbət mövqe sərgiləyir.

Əlbəttə, COP 29 kimi böyükmiqyaslı tədbiri reallaşdırmaq asan məsələ deyil. Ancaq Azərbaycan kifayət qədər təcrübələrə malikdir və qarşıya qoyulan işlər uğurla aparılır. Yekun daha möhtəşəm olacaq.
COP 29 sayəsində dünya ilə inteqrasiya daha da sürətlənəcək, eyni zamanda bu, Azərbaycana “yaşıl enerji”yə keçidlə bağlı investisiyaların daha da artmasına gətirib çıxaracaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə