Türk dünyasının birliyi reallığa çevrilməkdədir

Cənab İlham Əliyevin cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxış, Türk dünyasının birliyini və ölkəmizin bu istiqamətdəki prioritetlərini açıq şəkildə nümayiş etdirdi. TÜRKPA-nın plenar toplantıları, Türk dünyasının birliyinin təzahürü olaraq, Azərbaycanın bu birliyə yönəlmiş böyük səylərini özündə əks etdirir. 6 iyun tarixində cənab İlham Əliyev TÜRKPA-nın 13-cü plenar iclasının iştirakçılarını qəbul edərək türk birliyi haqqında çox mühüm mesajlar verib.

Çıxışı zamanı cənab İlham Əliyev bildirmişdir ki, “Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir. Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm”. Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatının yaranması, iqtisadi, mədəni, siyasi, hərbi sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımdır. Azərbaycan sadəcə türk dövlətlərinin inteqrasiyası prosesinin iştirakçısı deyil eyni zamanda ən fəal ideoloqlarındandır. Türk dövlətlərinin bir sıra təşkilatları da yaradılıb ki, bu da ümumi işə öz töhfəsini verir. Həmin təşkilatlardan biri də Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA).

Türk dövlətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində abadlıq-quruculuq işlərində yaxından iştirak edir. İşğaldan azad edilən torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb, bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Məktəb və incəsənət mərkəzi Özbəkistanla Qazaxıstan tərəfindən inşa edilib. Digər məktəbin təməli isə Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir yaşayış məntəqəsində Macarıstanın maliyyə dəstəyi ilə digər məktəb inşa ediləcək. İşğaldan azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılıb və işlər yüksək səviyyədə davam etdirilir. Böyük layihələrin icrasında qardaş Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında görülən işlər bir daha Türk dünyasının böyük bir ailə olduğunu sübut edir.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə