COP29 kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcək

COP29 kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcək. SİA xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

COP29 komandası Barbados və kiçik ada dövlətləri üçün iqlim problemləri və imkanları haqqında məlumat verdiyinə görə Barbadosun Baş naziri Mii Mottliyə təşəkkür edib.

“İqlim dəyişikliyi ilə mübarizədə davam edən səylər və beynəlxalq ictimaiyyətin onlara necə dəstək ola biləcəyi haqqında çox şey öyrəndik”, - COP29 prezidenti Muxtar Babayev və Baş nazir M.Mottli arasında keçirilən görüşdən sonra paylaşımda qeyd edilib.

Daha əvvəl M.Babayev Barbadosun kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi naziri İndar Veyr ilə də görüşüb.

Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə