Tehran görüşündən çıxan sual - Xamnei nə demək istəyib? KÖŞƏ YAZISI

Bu günlərdə Tehranda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüş keçirən İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamneyi diqqət çəkən və həmin diqqətdən suallar doğuran bir ifadə işlətdi. SİTAT: “Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Təbii ki, İran-Ermənistan sərhədini bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərlə yaşı olan kommunikasiya yoludur”.

Beləliklə, İranın ali dini liderinin sözügedən bəyanatının ölkənin rəsmi məlumat səhifələrində yer almasından əlavə, həmin bəyanatın məhz Ermənistanda alqışlanması bir daha sübut etdi ki, Tehran hər zaman olduğu kimi, günü-bu gün də bir vaxtlar Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistana dolayı yollarla, yaxud birbaşa, açıq-aşkar qahmar çıxır!

Bəlkə də Xamnei “Qarabağın işğaldan azad olunaraq əzəli sahiblərinə qayıtmasına sevinirik”, desəydi...

Mövzunun məğzinə tam olaraq varmadan daha bir neçə xatırlatmanı da etmək yerinə düşərdi – rəsmi Tehran Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu məhz Zəfər gününə dörd gün qalmış bəyan etdi, 2020-ci ilin 6 noyabrında (?!).

Üstəlik, regionda təhlükənin qaldığı bir zamanda uğursuz “əzələ nümayişi” də göstərdi, özü də azad edilmiş torpaqlarımızla həmsərhəd bölgələrdə. Və mən buraya 44 günlük müharibə zamanı gizli yollarla Ermənistana silahların çatdırılması faktlarını, Suriyadan olan terrorçuların Ermənistana İranın ərazisindən keçmələrini, İrana məxsus furaların Laçın dəhlizindən qanunsuz şəkildə Xankəndiyə keçmələrini də əlavə edirəm. Sadəcə, xatırlatmaq üçün!

Bütün bunlardan sonra isə “Qarabağın Azərbaycana qayıtmasına sevinirik”, tipli bəyanatın nə dərəcədə səmimi olub-olmadığını dəyərli oxucu auditoriyamız seçsin. Bəlkə də Xamnei “Qarabağın işğaldan azad olunaraq əzəli sahiblərinə qayıtmasına sevinirik”, desəydi digər müəyyən nəticələr çıxarmaq mümkün olardı, amma təəssüf ki, bu ifadə işlədilmədi, əlavə olaraq müəyyən təhdid qoxusu da gəldi!

Gəlin hər şeyi olduğu kimi deyək və yazaq!

Beləliklə, İranın ali dini liderinin bu sözləri Ermənistanda az qala toy-bayram kimi qarşılandı, panfarsizm ideologiyası daşnak xisləti ilə bir-birinə qovuşdu və sübut olundu ki, regionun inkişafı müsəlman Azərbaycanın və Türkiyənin digər qonşularla əl-ələ verib tərəqqi etməsi əsla qonşu ölkənin maraqlarına uyğun deyil. Necə deyərlər, gəlin hər şeyi olduğu kimi deyək və yazaq, çünki qonşu ölkənin maraqları tamamilə başqadır...

Daha bir sual doğuran faktor - Xamneinin “Min illik (?) kommunikasiya yolu”, ifadəsi hansı anlamı daşıyır? Ya İranın ali lideri tarixi bilmir, ya da real tarixi təhrif etməyə səy göstərir. Min il bundan əvvəl “ermənistanmı” olub həzərat?! Kommunikasiya yolu deyərkən, Xamnei dolayısı ilə eyham vurur ki, İran öz məqsədləri üçün Ermənistanı qalxan kimi istifadə edir, yəni İran bundan sonra da Ermənistanın qeyri-uyğun regional maraqlarını dəstəkləməkdə davam edəcək.

Hansı səbəblərə görə müsəlman Azərbaycanın, müsəlman Türkiyənin birgə inkişaf təklifləri rədd edilir?

Bu zaman sual verilə bilər ki, əgər İran həqiqətən də müsəlmançılığın, islam mənəviyyatının tərəfdarıdırsa, 30 il boyunca Qarabağda və ətraf rayonlarda məscidləri tar-mar edən, ibadət məkanlarımızda donuz saxlayan, qəbirlərimizi təhqir edən erməni işğalçılarına nəyə görə güldən ağır söz deməyib? İranın ali dini lideri doğru-dürüst islam fəqihçilərindəndirsə, hansı səbəblərə görə müsəlman Azərbaycanın, müsəlman Türkiyənin birgə inkişaf təkliflərini rədd edir? Bəs bir neçə ay əvvəl rəsmi Tehranın rəsmi Bakı ilə bağlı imzaladığı memorandum nə oldu..?

Əslində bu sualın cavabı bəllidir, özü də kifayət qədər bəllidir və yaxşı olardı ki, İran siyasətbazları nala-mıxa döyəcləyib cici-bacı oyunları oynamaqdansa açıq-aşkar öz dolaşıq fikirlərini izhar edərək reallıqda hansı məzhəbə qulluq göstərdiklərini açıqlasınlar. Bax onda kimin-kim olduğu açığa çıxar, bax onda regionun iki qüdrətli ölkəsi - Azərbaycan və Türkiyə növbəti addımlarının, qərarlarının nə olacağını qətiləşdirərlər, hələlik isə hadisələrin bundan sonra necə inkişaf edəcəyini gözləyək...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə