Cəmiyyətimizdə, müstəqil Azərbaycanda hələ də sovetlər dövrünün xiffətini çəkənlərin olduğu heç kimə sirr deyil. Yüz yetmiş ildə Azərbaycanın yeraltı , yerüstü sərvətlərini ac qurd kimi talayıb Moskvanı, Leninqaradı (İndiki Sank-Peterburqu) tikən, əvəzində xalqa, bu yerin tarixi sahiblərinə sadəcə acından ölməməsi üçün qəpik-quruş verən omperiyanın ləğvindən, ölkəmizin müstəqilliyini əldə etməsindən ötən otuz il ərzində bu qədər tarixi nailiyyətləri görməzdən gələn belə “sovet vurğunları”na bir az da bu problemdən danışmaq istəyirəm.

Sirr deyil ki, bu gün Azərbaycan cəmiyyətində biznes quranların tam əksəriyyəti ya yüksək çinli dövlət məmuru və onun yaxınlarıdır, ya da deputat və qohum-əqrabası! Bunu sübut etmək üçün, Məşədi İbadın sözü olmasın, vəzifə sahiblərini izləməyə ehtiyac yoxdu. Elə vəzifədən kənarlaşdırılan, deputatlıq mandatı əlindən alınan və ya hər iki halda həbs edilən məmur və deputatların cinayət materialları ilə tanış olmaq kifayətdir. Bir ölkənin ideaoloji işinə rəhbərlik edən şəxs dövlətin əmlakını yaxınlarının adlarına özəlləşdirib, ordan əldə etdiyi vəsaitlə böyük biznes şəbəkəsi qurursa, o zaman ölkədə ideologiyanın bu qədər yarıtmaz olduğunu anlamaq çətin deyil. Bu qədər biznes şəbəkəsini idarə etmək dəm-dəm halvası deyil ki, ordan vaxt tapıb ideologiyadakı boşluqların doldurulmasına da əl atsın! Xülasə, fikrim hansısa keçmiş məmuru yıxıb-sürümək deyil və əslində yıxılıb sürünən birini mənim sürüməyimə nə ehtiyac? Onun baltası çoxdan çalınıb və mənim baltama ehtiyac da yoxdur. Məqsədim Azərbaycan cəmiyyətində məmur təyin edilənlərin əksəriyyətinin dərhal boynuna düşən yükü çəkmək haqqında deyil, yaxınlarını başına yığıb biznes bazarını yaratmaq üçün işə başlamasının köklərini araşdırmaqdan ibarətdir. Hardandır bizdə bu qədər pul, mal, dövlət ehtirası? Və həm də niyə qazanmaq üçün məmur , ya deputat olmazdan əvvəl biznesini qurmur, yalnız səlahiyyət sahibi olandan sonra fəaliyyətə keçir?

Bu barədə çox düşündüm, çox götür-qoy elədim, Tehrandakı arxivlərdən “Tarixi-Nadir”in surətini oğurlatdırıb gətirtdim, oxudum, nəhayət cavabını tapdım. Nə Nadirin, nə Xətainin, nə də digər dövlət adamlarının zamanında bizim millətdə pula bu qədər hərislik faktı tapa bilmədim. Ta Çar Rusiyası və onun xələfi olan Sovet İmperiyası bu milləti rüşvətə, qanunsuz gəlirlərə sövq edənə qədər. Kimsə dodağın büzməsin, mənə inanmırsınızsa, gedib Siz də “Tarixi-Nadir”i oxuyun. Onda görəcəksiniz ki, haqlıyam. Həm çarın, həm də sovetlərin yerlərdəki nümayəndələrini rüşvətə, qanunsuz gəlirlərə sövq etmək, bununla da onları “gözükölgəli” edib, buyruq quluna çevirmək, sən demə dövlət siyasəti imiş. Yəni məmur bir balaca cızığından çıxarmışsa, dərhal onu bu qanunsuzluqlarla cəzalandırmaq üçün, onları beləcə özlərinə tabe etdirirmişlər. Elə o dövrün bəlasıdı ki, indi də yaxamızdan tutub, buraxmır. Həmin sovet dövründə məmurlara yaradılan bu “şərait”dən necə yararlanıblarsa, elə həmin üsulla da indi yararlanmaq istəyirlər.

Mövzu çox geniş və çox mübahisə doğuran mövzudu və mən də bunun fərqindəyəm. Amma belə bir müzakirə açılmasına çoxdan ehtiyac var axı! Tarix boyu milli mənafelər naminə nəinki pulundan, hətta canından keçməyə belə hazır olan kişilərin nəvələri, nəticələri niyə bu qədər pul düşkünü olub və milli mənafeləri də, millətin balalarının gələcəyini də dünya malına belə asanlıqla qurban verirlər? Ciddi mövzudu, deyilmi? Gəlin müzakirə edək və müzakirə edə-edə həm də düşünək. Bəlkə bir yol tapa bildik, inşaallah!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə