Qarsda Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib - FOTOLAR

Qars Qafqaz Universitetinin Ahmet Arslan Konqres Mərkəzində 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərinin beşinci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. SİA xəbər verir ki, ölkəmizin Qarsdakı Baş Konsulluğu, Qafqaz Universitetinin rektorluğu və Qars Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ müharibəsi şəhidlərinin doğmaları, millət vəkilləri, Qars Valiliyinin Administrasiyasının nümayəndələri, hərbi qulluqçular, diplomatlar, alimlər, Türkiyə universitetlərinin müəllim və tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad edib, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev iştirakçılara müraciət edərək Azərbaycanın tarixi Zəfərinin əhəmiyyətini vurğulayıb. O, ölkəmizin nüfuzunun və qüdrətinin daha da möhkəmlənməsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığı ilə sıx bağlı olduğunu qeyd edib.

Zamin Əliyev şəhidlərin şücaətini heç vaxt unutmamağa çağırıb, noyabrın 7-də Türkiyənin Ərdəhan Universitetinin konfrans zalına həmin qəhrəmanlardan biri – Mustafa Kərimovun adının verildiyini xatırladıb.

Baş konsul vurğulayıb ki, Vətən müharibəsinin hər günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. “Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, xalqın birliyi və qətiyyəti qarşısında heç bir ədalətsizlik tab gətirə bilməz”, – deyə o əlavə edib.

Azərbaycanlı diplomat, həmçinin İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin göstərdiyi sarsılmaz həmrəyliyə diqqət çəkib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan regionda güclü dövlətə çevrilib. Bu gün sülh dövrünə start verilib və bu, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığı sayəsində mümkün olub. Şəhidlərin xatirəsini əziz tutmaq hər bir Azərbaycan vətəndaşının, eləcə də bütün Türk dünyasının mənəvi borcudur”, – deyə baş konsul işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışarkən qeyd edib.

Daha sonra çıxış edən tədbir iştirakçıları Vətən müharibəsinin nəticələrinin təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün taleyüklü əhəmiyyət daşıdığını vurğulayıblar. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın sarsılmazlığına əminlik ifadə olunub.

Tədbir 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və konsert proqramı ilə davam edib.

Qarsdakı A.Arslan Konqres Mərkəzinin binası qarşısında Türkiyə və Azərbaycan bayraqları ucaldılıb, binanın foyesində isə Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsinə həsr olunmuş fotosərgi təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə