Bəstəkarlar İttifaqında tədbir- Parlaq Qələbəmizin sədaları - FOTOLAR

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli konsert salonunda Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “Parlaq Qələbəmizin sədaları” adlı tədbir keçirilib. İttifaqdan SİA-ya bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Qələbənin bayram edilməsi ilə bağlı bir sıra tədbirlərin təşkil olunduğunu bildirib və Vətən müharibəsindəki Şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş Respublika müsabiqəsi haqqında məlumat verib.

Xalq artisti Firəngiz Əlizadənin musiqisi əsasında Əməkdar incəsənət xadimi, rejissor Cahangir Zeynallının “Zəfər yolu” filmi nümayiş olunub.

Tədbirdə şair, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani “Şeir və musiqidə vətənpərvərlik”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva “Azərbaycan bəstəkarlarının yaradıcılığında vətənpərvərlik mövzusu”nda çıxış ediblər.

Bədii-musiqili hissədə isə bəstəkar Azad Zahidin “Qalib sərkərdəsi Azərbaycanın” (Söz: Abdulla Qurbani), Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Riad Əhmədovun bacısı Əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın “Bizim Vətən əsgəri” (söz: Əjdər Qiyaslı) mahnıları, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədlinin işlənməsində və ifasında “Laçın” xalq mahnısı səslənib.

Tədbirin bədii hissə ilə davam edib.

Videoformatda musiqiçi şəhidlərdən Rauf Əliyev, Xudayar Yusifzadə, Tamerlan Muradov və Toğrul Hacıyevin lent yazıları da təqdim olunub.

Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı qeyd edib ki, musiqiçi şəhidlərin sənət şəcərəsi onların doğmaları tərəfindən davam etdirilir. Buna misal olaraq tədbirdə Toğrul Hacıyevin qardaşı Ülvi Hacıyev kamançada Əli Səliminin “Ayrılıq” mahnısını (Sevda Məmmədlinin müşayiəti ilə), şəhid Babək Ramaldanovun oğlu Bakı şəhər 34 nömrəli Uşaq Musiqi Məktəbinin 6-cı sinif şagirdi Süleyman Ramaldanov isə Fikrət Əmirovun fortepiano üçün Ekspromt əsərini ifa ediblər.

Tədbirdə qazi Ramin Şabanov da çıxış edərək öz cəbhə xatirələrini poetik fikirlərlə ifadə edib.

Zəfər Bayramına həsr olunan bu möhtəşəm tədbir Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tərəfindən şəhid ailələrinə və qazilərə təqdim olunan hədiyyələrlə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə