Zəfər günü ilə bağlı xarici qonaqların TƏƏSSÜRATLARI - SORĞU

Azərbaycan üçün 8 Noyabr – Zəfər Günü təkcə tarixi qələbənin qeyd olunduğu bir gün deyil, həm də uzun illər davam edən ədalətsizliyin sona çatmasının, xalqın birlik və iradəsinin təntənəsidir. Hər il bu gün ölkədə müxtəlif tədbirlər təşkil olunur, küçələrdə bayram ovqatı hiss olunur, insanlarda qürur və sevinc öz əksini tapır. Maraqlıdır ki, Zəfər Gününün təsiri təkcə azərbaycanlılarla məhdudlaşmır. Bu dövrdə ölkəmizdə səfərdə olan xarici vətəndaşlar da bayram ab-havasını hiss edir, xalqın sevincinə şərik olur və öz təəssüratlarını bölüşürlər.

Onların fikirləri müxtəlif olsa da, hamısının ortaq məqamı var: Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizəyə hörmət və qələbənin yaratdığı qürurun dərin şəkildə hiss olunması. Bəziləri bu tarixi hadisəni öncədən bilirdi, bəziləri isə buraya gələndən sonra öyrəndi. Lakin hər biri Azərbaycan xalqının həm birliyinə, həm də qonaqpərvərliyinə heyran qaldığını bildirir. Maraqlıdır, xaricdən gələn insanların gözü ilə Zəfər Günü necə görünür və bu qələbə onları nə ilə təsirləndirir? SİA bununla bağlı xarici vətəndaşlar arasında sorğu aparıb.

Xarici qonaq Rafael Al Sulaiti (Qətər): “Bir neçə günlük istirahət üçün Azərbaycana gəlmişəm. Mövzu barədə əvvəl çox məlumatım yox idi. Lakin şəhərdə zirehli texnikaları və hazırlığı görəndən sonra internetdə araşdırdım və öyrəndim ki, Azərbaycan uzun illər Ermənistanla münaqişə yaşayıb və 2020-ci ildə qələbə qazanıb. İndi isə azad gününüzü qeyd edirsiniz. Burada son günlərimdir və Azərbaycan xalqının mehribançılığı məndə xoş təəssürat yaradıb. Zəfər Günündə burada olmağım mənim üçün qürurdur”.

Xarici qonaq Zubair Muqtad (Pakistan): “Qısa müddətlik Bakıya səfər etmişəm. Bu günün – 8 noyabrın sizin üçün çox xüsusi və önəmli tarix olduğunu bilirəm. Bu gün Azərbaycan Qarabağı azad edib və Ermənistan üzərində böyük qələbə qazanıb. Bu, sizin üçün qürur günüdür və siz bunu haqlı olaraq qeyd edirsiniz.

Pakistan və Türkiyə də sizin sevincinizi bölüşür, çünki Azərbaycan bizim qardaş ölkəmizdir. Azərbaycan və Pakistan hər zaman bir-birinin yanındadır. İnşallah, Azərbaycanda hər şey daha da yaxşı olacaq”.

Xarici qonaq Viktoriya Melnyko (Ukrayna): “Azərbaycan çox gözəl ölkədir. Buradakı insanları, mətbəxi və mədəniyyəti çox sevdim. Öz vətənimdə olmasam da, Zəfər Günündə burada olmaq mənim üçün həm qürurvericidir, həm də emosionaldır. Çünki bizim ölkəmizdə də müharibə gedir və çox sayda itkilər var. Bu çox təsirlidir. Azərbaycan artıq azaddır. Ümid edirəm ki, bir gün Ukraynada da müharibə bitəcək və biz də azadlığı qeyd edəcəyik. Sülh, sevgi və müstəqillik hər kəs üçün qiymətlidir”.

Xarici qonaq Akila Al Marri (Fransa): “Dostumla birlikdə Bakıya gəlmişəm. Şəhər sakit, gözəl və təmizdir. İnsanlar çox mehriban və yardımsevərdir. İki gün ərzində Bakı məndə çox müsbət təəssürat yaradıb. Qiymətlərin münasib olması da səfəri daha da rahat edir. Şəhərdə bayrama hazırlıqlar hiss olunur. Azərbaycan xalqının üzündə bu gün üçün qürur var. Hərçənd mövzu barədə çox məlumatım yoxdur, amma Zəfər Gününün sizin üçün necə böyük önəm daşıdığını hiss edirəm”.

Xarici qonaq Mehdi Fəryad (İran): “Zəfər Gününü qeyd etmək üçün İrandan gəlmişəm. Səyahət etməzdən əvvəl araşdırdım və öyrəndim ki, bu gün Azərbaycan Ermənistana qarşı qələbə qazandığı gündür. Böyük ehtimalla paradı da izləyəcəyəm. Bu bayram doğrudan da qürurvericidir”.

Xarici qonaq Xədicə Tünbül (Türkiyə): “Zəfər Gününü qeyd etmək üçün Türkiyədən Azərbaycana gəlmişəm. Bu, çox qürurverici hissdir. Biz də tarixdə əsarət yaşamışıq və azadlığın dəyərini yaxşı bilirik. Buna görə də sizin sevincinizi bölüşürük. Oteldə bayramı daha gözəl harada izləyə biləcəyimi soruşdum və mənə Sahilə getməyi tövsiyə etdilər. İlk dəfədir ölkəmdən kənara çıxıram və ilk səfərimin Azərbaycan olmasını istədim. Burada olmaqdan çox xoşbəxtəm”.

Xarici qonaq Navaf Abdullah Al-Musa (Səudiyyə Ərəbistanı): “Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Qısa müddətlik ölkənizdə olsam da, müşahidə edirəm ki, xalqınız vətəninə çox bağlıdır. Azərbaycan artıq azaddır və mən də bu bayramı sizinlə birlikdə qeyd edəcəyəm. Sosial mediada ermənilərin törətdikləri cinayətləri, eləcə də azad olunan torpaqların həqiqətən də Azərbaycana məxsus olduğunun sübutlarını gördüm”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə