“Bəsdir, doydum, bu dünyadan köçürəm” deyib, hazırlığa başlayan insanı nə gördüm, nə də haqqında eşitdim. Yazılı və şifahi ədəbiyyatda və ya tarixi kitablarda da belə bir eşqə düşənlərin olduğuna dair məlumata rast gəlməmişəm. Sözümün mustafası ondan ibarətdir ki, bəşər övladının vaxtı, vədəsi yetişsə də bu dünyadan bərk-bərk yapışır, yerindən tərpənmək istəməyir. Zamanında şahlar, xanlar, imperiya cəlladları olub ki, əllərindəki, büsatın gücündən istifadə etməklə, milyonlarla can alıb, şəhərlər, qəsəbələr viran qoyublar. Ölüm şərbətini içmək məqamı gələndə isə, başını qaldırıb, ətrafa boylanıb, müxtəlif vasitələrlə vaxtını, zamanını uzatmağa çalışıb. Heyhat, imdad diləyən baş cəllada qədər, möhlət almayan bəşər övladı olmadığı kimi, ona da bu “mükafat” verilməyib və...

Bu gündə, eyni küləklər əsməkdə, eyni çərxi-fələk öz hökmünü sürdürməkdədir. Əcdadlarına xas xüsusiyyəti dəyişməyən, insan bu gündə müxtəlif əməliyyatlar, qan köçürmələri, dərman vasitələri qəbul etməklə ömrünü uzatmağa çalışır. Xüsusilə də , varlı-karlı, vəzifə mənsubları dünyanın “ləzzətini” bir qədərdə yaşamaq üçün dəridən qabıqdan çıxırlar. İnandırıcı olmasa da, deyilənə görə, müxtəlif preparatlardan istifadə etməklə, ömürlərini uzadanlar olur. Misal olaraq “Soros” fondunun rəhbəri Corc Soros və Bill Qeyts göstərilir. Həqiqətən də , C.Sorosun 94 yaşı olsa da , kəndçimiz Cavanşir kişi demişkən, köpək oğlu qırmızı turp kimidir, yerə vursan yer dağılar. 87 yaşlı B.Qeytsdə 2 ay əvvəl özünə 34 yaşlı təp-təzə “qız” alıb. Özü də koronovirus azarı ona dəyəcəyindən qorxduğundan, çəkilib özünə 47 milyon dollara aldığı malikanəsinə. Amma hara qədər qaçacaqlar. Bir gün başlarının üstünü ölüm mələyi kəsdirəndə, qeyri-ixtiyarı gözlərindən yaş süzüləcək və ətrafındakılar “bu dünyadan doymadım ” pıçıltısını eşidəcəklər. Belə məqamları ölməz şairimiz Zəlimxan Yaqub, gözəl təsvir edib:

Ac gəlmişdim, ac gedirəm dünyadan,

Qismətimə düşən azdan doymadım.

Arı kimi güldən-gülə dolaşdım,

Nə payızdan, nə də yazdan doymadım.

Can yandırdı köz baxışlar, köz əllər,

Torpaq oldu, tez töküldü xəzəllər.

Saymazyana gəldi-getdi gözəllər,

Nə işvədən, nə də nazdan doymadım...

Uilyam Şekspir isə demişdir ki, “Dünya böyük bir teatr səhnəsidir. Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir”. Dünya səhnəsində olan insanlardan eləsi var ki, dünyanı beş günlük hesab edir, kimisi yaşamağın mənasını yemək-içməkdə, eyş-işarət məclislərində gün keçirməkdə, başqa birisi var-dövlət sahibi olmaqda, digərləri isə adını tarixə yazdırıb, dünyasını dəyişəndən sonra ürəklərdə özünə işıqlı guşə qurulmasında görür. Sonuncu kateqoriyadan olan insanların sayı demək olar ki, azdır, amma olub və bu gündə var, təbii ki, sabahda olacaq. Nə yaxşı ki, adlarını yaxşı insanlar kateqoriyasına yazdırmağa çalışanlar var. Dünyamızı gözəlləşdirən, həyatımızı rəngarəng edib, onlardan biri olmağa ümidləndirəndə onlardır. Tanıdığım biri var, azdan çoxdan dolanışığı, imkanı olsa da xaricə getməyə can atır. Deyir ki, xaricə gedib, şirkət sahibi olmaq, çoxlu pul qazanmaq arzusundadır. Sual edirəm, “sonra nə etmək fikrindəsən”. Cavab verir ki, “heç nə ”. Bu halda sual yaranır, sonu heç nə olacaq yaşayışa görə, doğma yurd-yuvanı tərk etməyə dəyərmi? Digər tərəfdən pul, var dövlət nə qədər şirin ola bilər ki, həyatını riskə atasan. Bəli, müəyyən ehtiyaclarını ödəmək üçün pul lazımdır. Ancaq bu pul halallıqla, zəhmət hesabına əldə olunmalıdır. Yəni pul yaxşı şeydir, amma hər şey deyil. Ən yaxşı şey elmli, savadlı, xalqına, dövlətinə xeyir verə biləcək, bəşər övladı olmaqdır. Ən yaxşısı, xeyirli, gərəkli əməllərinlə tarixə adını yazdırmaqdır. Fikir verin, dahi şairlərimiz Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Əfzələddin Xəqanin, Məhəmməd Fizulinin və digərlərinin yaşadıqları dövrdə, nə qədər az qala bütün cahana hökm edə biləcək hökmdarlar , bəylər, xanlar, pullu-paralı insanlar olub. Hansını tanıyırıq, kimsə, onlardan birinin adını və soyadını bilirmi? Xeyir tanıyan, bilən yoxdur. Ancaq söz , sənət dahiləri Nizami Gəncəvini, İmadəddin Nəsimini, Əfzələddin Xəqanini, Məhəmməd Fizulini nəinki Azərbaycan xalqı ümumiyyətlə bütün dünya tanıyır və sevir. Baxmayaraq ki, bu dahilər, yaşadıqları dövrdə, çoxsaylı sıxıntılarla, ağir və üzücü problemlərlə üzləşiblər, anacaq ruhdan düşməyib. Bu baxımdan bizlər hər xırda məişət problemlərinə, arzuolunmaz çətinliklərə, narahatçlıqlara görə, yaşayışını və dünyanı qarğımağa dəyməz. Dünya belədir və bu dünyanın qaydalarından küsməyə dəyməz. Xalq artisti Niyaməddin Musayevin ifa etdiyi məşhur mahnılarının birində dediyi kimi «dünya sənin, dünya mənim, dünya heç kimin".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə