Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı
"Səs" qəzeti, 6 noyabr 1992-ci il, № 46 (75)
Hörmətli ziyalılar!
16 oktyabr 1992-ci il tarixli "Səs" qəzetində dərc olunan Sizin müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, reepublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narhatçılığı haqlıdır və təqdirə layiqdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir.
Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir.
Bununla bağlı və Sizin müraciətinizə cavab olaraq bəzi fikirlərimi və arzularımı açıqlamaq istəyirəm.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi təxminən səksəninci illərin əvvəllərindən başlanmış, keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsidir. Bu tarixi-obyektiv proseslər Sovet İttifaqının dağılmasına, Kommunist partiyasının tarixin səhnəsindən çıxmasına və 15 müttəfiq respublikanın hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bundan sonrakı hadisələr - yeni müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindəi tanınması təbii bir haldır və beynəlxalq, dövlətlərarası hüquq normalarının qanunauyğun təzahürüdür.
Buna görə də Azərbaycanın müstəqillik əldə etməsini heç bir vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, təşkilatların, ayrı-ayrı şəxslərin, o cümlədən də Xalq Cəbhəsinin xidməti saymaq olmaz. Təkrar edirəm, bu tarixi-obyektiv proseslərin nəticəsidir, taleyin və zamanın Azərbaycan xalqına, eləcə də keçmiş müttəfiq respublikaların xalqlarına əvəzsiz töhfəsidir.
Beləliklə, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, genişplanlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur.
Güman edirəm ki, bu yolda əsas vəzifələr aşağıdakılardan ibarətdir.
Birinci. Azərbaycanın müharibə vəziyyətindən çıxması və Qarabağ probleminin tezliklə həll olunması. Artıq beş ildir ki, Azərbaycanla Ermənistan arasında müharibə gedir, ərazimizin bir hissəsini itirmişik, Ermənistanla həmsərhəd bölgələrin bir çox yaşayış məntəqələri dağılmış, minlərlə insan həlak olmuş, yaralanmış, şikəst və əlil olmuşlar. Respublikada yüz minlərlə yurdlarından didərgin düşmüş, ağır vəziyyətdə yaşayan qaçqınlar var. Respublikaya misli görünməmiş hədsiz maddi və mənəvi ziyan dəyir. Ən dəhşətlisi budur ki, bütün bu faciələrin hələ də sonu görünmür. Bir il bundan əvvəl olduğu kimi bu gün də, Azərbaycanın rəhbər dövlət orqanlarının Qarabağ problemi haqqında dəqiq, aydın konsepsiyası və lazımi hərbi-siyasi strategiyası yoxdur. Belə təsəvvür yaranır ki, Qarabağda və başqa sərhəd zonalarında hərbi əməliyyatlar özbaşına gedir.
İkinci. Azərbaycanda sosial-iqtisadi böhranın dərinləşməsi, xalqın güzəranının gündən-günə ağırlaşması böyük həyəcan doğurur. Respublika iqtisadiyyatının cari ilin doqquz ayındakı vəziyyəti barədə statistik məlumatlar insanı dəhşətə gətirir. Milli gəlirin istehsalı 25 faiz, sənaye məhsullarının istehsalı 25 faiz aşağı düşmüşdür. Kənd təsərrüfatında və əsaslı tikintidə vəziyyət daha da ağırdır. Əgər Azərbaycanın iqtisadiyyatının səviyyəsinin son 5-6 il ərzində dayanmadan aşağı düşməsini nəzərə alsaq, o zaman respublikanın necə böyük fəlakətlə üzləşdiyini təsəvvür etmək çətin deyil.
Azərbaycan tükənməz təbii sərvətlərə, zəngin sənaye, aqrar və sosial ehtiyatlarına, lazımi intellektual potensiala, əsaslı istehsal fondlarına, istənilən qədər işçi qüvvəsinə malikdir. Bütün bunlardan respublikanın müstəqilliyini möhkəmlətmək və insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün səmərəli istifadə olunmalıdır. Aqrar sahədə təkcə bir il ərzində istehsalı yüksəltməklə kənd təsərrüfatı məhsullarını xeyli artırmaq mümkündür. Təəssüf ki, respublikanın belə zəngin daxili imkanlarından lazımi səviyyədə istifadə olunmur.
Belə qənaətə gəlmək olur ki, dövlət və hökumət orqanlarının respublikanı ağır vəziyyətdən çıxarmağa yönəldilən aydın iqtisadi proqramı, strategiyası, əhalinin həyat səviyyəsini günü-gündən yaxşılaşdırmaq üçün konkret tədbirləri yoxdur. Müşahidələr göstərir ki, bu sahədə də çox işlər kortəbii aparılır.
Üçüncü. Bu gün respublikada aparılan kadr siyasəti çox haqlı olaraq geniş xalq kütləsinin etiraz və narazılıqlarına səbəb olur. Rəhbər vəzifələrə iş qabiliyyəti, biliyi, bacarığı, təsərrüfat və idarəetmə işlərindəki, təcrübəsi nəzərə alınmadan yalnız Xalq Cəbhəsinə mənsubiyyətinin əsas götürülməsi hüquq normalarına uyğun deyil, ağır nəticələr verə bilər. Xalq, Xalq Cəbhəsinə heç zaman belə müstəsna hüquq və səlahiyyət verməmişdir. Ötən illər və onilliklər ərzində respublikada dövlət idarəetmə, iqtisadiyyat, elm, mədəniyyət və sosial sahələrdə kifayət qədər bilikli, təcrübəli, səriştəli, yuksək mədəniyyətə malik kadrlar hazırlanmışdır. Onların hamısı ictimai-siyasi təşkilatlara, partiyalara mənsubiyyətindən asılı olmayaraq fəal quruculuğa cəlb edilməlidirlər.
Azərbaycandan kənarda, Rusiyada, Ukraynada və başqa respublikalarda ölkənin mötəbər, nüfuzlu ali məktəblərində, elm mərkəzlərində, ali hərbi məktəblərdə təhsil almış və böyük təcrübə toplamış azərbaycanlılar yaşayır. Onları öz vətənlərində müstəqil Azərbaycanın həyatının müxtəlif sahələrində çalışmağa cəlb etmək üçün tədbirlər görmək lazımdır. Yeniləşən, demokratikləşən müstəqil Azərbaycana onlar öz səmərəli fəaliyyətləri ilə çox böyük fayda verə bilər.
Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadə olunmasına yol verilməməlidir. Təəssüf ki, son aylar bu təcrübə respublikada geniş tətbiq edilir.
Dördüncü. Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir.
Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır. Əfsuslar olsun ki, bu sahədə də respublikada ötən yarım ildə heç bir dəyişiklik baş verməmişdir.
Fikrimcə, yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyyət qoyulmamalıdır.
Beşinci. Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyllərin təzahürü böyük təhlükə yaradır. Belə meyllərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivilizasiya və demokratik yollarla həll edilməlidir.
Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub-saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir.
Azərbaycanın bu günkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.
Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur.
Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram.
Dərin hörmətlə
HEYDƏR ƏLİYEV
Xəbər lenti
Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



