Belə qənaətə gəlmək olur ki, dövlət və hökumət orqanlarının respublikanı ağır vəziyyətdən çıxarmağa yönəldilən aydın iqtisadi proqramı, strategiyası, əhalinin həyat səviyyəsini günü-gündən yaxşılaşdırmaq üçün konkret tədbirləri yoxdur. Müşahidələr göstərir ki, bu sahədə də çox işlər kortəbii aparılır.
Üçüncü. Bu gün respublikada aparılan kadr siyasəti çox haqlı olaraq geniş xalq kütləsinin etiraz və narazılıqlarına səbəb olur. Rəhbər vəzifələrə iş qabiliyyəti, biliyi, bacarığı, təsərrüfat və idarəetmə işlərindəki, təcrübəsi nəzərə alınmadan yalnız Xalq Cəbhəsinə mənsubiyyətinin əsas götürülməsi hüquq normalarına uyğun deyil, ağır nəticələr verə bilər. Xalq, Xalq Cəbhəsinə heç zaman belə müstəsna hüquq və səlahiyyət verməmişdir. Ötən illər və onilliklər ərzində respublikada dövlət idarəetmə, iqtisadiyyat, elm, mədəniyyət və sosial sahələrdə kifayət qədər bilikli, təcrübəli, səriştəli, yuksək mədəniyyətə malik kadrlar hazırlanmışdır. Onların hamısı ictimai-siyasi təşkilatlara, partiyalara mənsubiyyətindən asılı olmayaraq fəal quruculuğa cəlb edilməlidirlər.
Azərbaycandan kənarda, Rusiyada, Ukraynada və başqa respublikalarda ölkənin mötəbər, nüfuzlu ali məktəblərində, elm mərkəzlərində, ali hərbi məktəblərdə təhsil almış və böyük təcrübə toplamış azərbaycanlılar yaşayır. Onları öz vətənlərində müstəqil Azərbaycanın həyatının müxtəlif sahələrində çalışmağa cəlb etmək üçün tədbirlər görmək lazımdır. Yeniləşən, demokratikləşən müstəqil Azərbaycana onlar öz səmərəli fəaliyyətləri ilə çox böyük fayda verə bilər.
Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadə olunmasına yol verilməməlidir. Təəssüf ki, son aylar bu təcrübə respublikada geniş tətbiq edilir.
Dördüncü. Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir.
Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır. Əfsuslar olsun ki, bu sahədə də respublikada ötən yarım ildə heç bir dəyişiklik baş verməmişdir.
Fikrimcə, yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyyət qoyulmamalıdır.
Beşinci. Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyllərin təzahürü böyük təhlükə yaradır. Belə meyllərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivilizasiya və demokratik yollarla həll edilməlidir.
Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub-saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir.
Azərbaycanın bu günkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.
Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur.
Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram.
Dərin hörmətlə
HEYDƏR ƏLİYEV
24 oktyabr 1992-ci il
Naxçıvan şəhəri