Azərbaycanın inkişaf konsepsiyası elmi əsaslar üzərində qurulur

"Elmin inkişafı üçün daha gözəl şərait yaradılmalıdır"

Prezident İlham Əliyev

Bu gün birmənalı şəkildə etiraf edilməlidir ki, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli 255 nömrəli sərəncamı qloballaşma və modernləşmə kursunun inamla həyata keçirildiyi bir dövrdə, milli elmimizin əsas inkişaf istiqamətlərini, məqsədlərini və vəzifələrini müəyyən edən, proqram əhəmiyyətli tarixi bir sənəd kimi müstəsna dəyərə malikdir. Elm sahəsində bu siyasi kurs, eyni zamanda, Azərbaycan Respublikası Prezıdentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası"nın təsdiq edilməsi ilə daha da konkretləşdirilmiş və uzunmüddətli dövr ərzində qarşıda duran mühüm vəzifələrin əsas hədəflərini müəyyən etmişdir.

Milli Strategiyada göstərilir ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Dövlətin sosial-iqtisadi qüdrəti ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Buna görə də cəmiyyətin inkişafında elmin fəal rolunun təmin olunması, elmin özünün təkmilləşdirilmiş strukturlarının yaradılması vacibdir. Qloballaşma dövründə informasiya cəmiyyətınin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşması, Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdırilməsi kompleks elmi tədqiqatların və tədbirlərin həyata keçirilməsinə zərurət yaranmışdır. Bu gün ölkəmızin müasir inkişaf modeli, mühüm sosial-iqtisadi, ictimai-mədəni inkişaf uğurları, ictimai-siyasi sabitlik, beynəlxalq aləmə sıx inteqrasiya, milli təhlükəsizliyin etibarlı qorunması, digər uğurlu nailiyyətlər Azərbaycan elminin müasir inkişaf üzrə Milli Strategiyanın hazırlanması, qəbulu və həyata keçirilməsıni şərtləndirən başlıca amillər hesab oluna bilər. Son illər, xüsusilə müstəqillik illərində milli elmimizin və təhsilimizin inkışafına ardıcıl olaraq böyük diqqət yetirilməkdədir. Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi elmin inkişafına və elm xadimlərinə olan xüsusi diqqət və qayğısı siyasətini də uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin şəxsiyyəti, alim və idarəçilik səriştəsi, beynəlxalq aləmdəki günbəgün artan nüfuzu Azərbaycanın elm potensialının fövqündə dayanaraq, onun inkişaf yoluna işıq salır. Prezidentimiz alimə həmişə yüksək qiymət verir. Bunun ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə alimlərin və elmi işçilərin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Elmin inkişafına dövlət səviyyəsində qayğı əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən modernləşmə kursu alimlər qarşısında elmin daha da vüsətlə inkişaf etdirilməsi və müasir reallıqları elmi əsaslarla dərindən tədqiq etmək və alınan nəticələri tətbiq və təbliğ etmək kimi mühüm vəzifələr qoymuşdur. Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividentlərə bağlamır, həm də resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur.

Hazırda Azərbaycanda və bütün dünyada müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. Bu mənada, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəlib. Prezident İlham Əliyevin vurğuladığı kimi, insan amili, ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, ölkəmizin yüksək inkişaf etmiş ölkələr sırasına daxil olması həyata keçirilən çoxşaxəli islahatların başlıca hədəfidir. "Biz çox istəyirik ki, elmin inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq 5-6 ildir ki, qəbul edilib və icra olunur. Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu fond imkan verir ki, gənc alimlərə qrantlar verilsin, elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir". Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib.

Ölkədə elmin inkişafını xalqın firavan gələcəyini təmin edən əsas amillərdən biri hesab edən Prezident İlham Əliyevin 2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda proqram xarakterli çıxışı elmin inkişafı üzrə strateji hədəfləri və prioritetləri müəyyənləşdirmişdir. Elm və təhsil - bilik, müasirlik, savad, gələcəyə açılmış qapılar deməkdir. Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolunu məhz bu sahələrin inkişafında və ən müasir tələblər səviyyəsinə çatdırılmasında görür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yubiley yığıncağında dediyi kimi "... elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə inkişafının güclənməsinə yönəlməlidir..."

Bu baxımdan Azərbaycan elmində və təhsilində islahatların aparılması ilə bağlı həyata keçirilən silsilə tədbirlər xüsusi əhəmiyyətə malik olmuşdur. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişaf dialektikası", "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi", "Azərbaycan: qloballaşma dövrünün tələbləri", "Vətəndaş cəmiyyətinə yol açan ideyalar", "Milli məfkurə, dövlətçilik - müstəqillik yolu ilə", "Gələcəyin strategiyasını müəyyənləşdirərkən modernləşmə xətti", "Azərbaycan 2003-2008: zaman haqqında düşünərkən", "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" və onlarca digər dəyərli məqalələri, əsərləri, çıxışları milli elmimizə dəyərli töhfələr kimi qiymətləndirilə bilər. Bu əsərlərdə ölkənin elm və təhsil sahəsindəki mövcud vəziyyəti faktlar əsasında, yüksək elmi səviyyədə və dərindən təhlil edilmişdir. Azərbaycanda elmin inkişafı bu gün dövlətin iqtisadi, siyasi, sosial, hüquqi, mənəvi, mədəni, milli təhlükəsizlik və digər sahələrini əhatə edən siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə 10 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı gənclərin elmi biliklərə yiyələnməyə marağının daha da artmasına səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə