Prezidentin Fərmanı regionların sosial-iqtisadi inkişafını sürətləndirəcək, yeni iş yerləri açılacaq, əhalinin sosial rifah halı daha da yaxşılaşacaq
Son illərdə dünyada bir sıra arzuolunmaz tendensiyaların müşahidə edilməsinə baxmayaraq, Azərbaycan nəinki öz dayanıqlılığını qorumağa, hətta iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Qlobal risklər şəraitində Azərbaycanın davamlı inkişaf templərini saxlamasını şərtləndirən mühüm amillərdən biri də ölkəmizdə özəl bölmənin inkişafının yüksək səviyyədə dəstəklənməsilə bağlıdır. İstər bölgələrdə, istərsə də paytaxtda sahibkarlıq subyektlərinin inkişafı yönündə mühüm tədbirlər görülür.
Bu günə qədər Azərbaycanda sahibkarlığın inkişafilə bağlı ölkə Prezidenti tərəfindən imzalanan Fərman və sərəncamlar, qəbul olunmuş dövlət proqramları bu sahənin inkişafında mühüm rol oynayıb. Sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin, müdaxilələrin qarşısının alınması haqqında hüqüqi sənəd, yəni Fərman sonuncu dəfə 2002-ci ilın 28 sentyabrında imzalanıb. Düzdür, bundan əvvəl də Prezidentin "İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyun tarixli 463 nömrəli və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanları, o cümlədən, 1997-ci il 24 iyun tarixli 610 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)" olub. Lakin 2002-ci ildə verilən Fərmanda müdaxilələrin aradan qaldırılması üçün konkret müddəalar nəzərdə tutulurdu. Məsələn, həmin sənədə əsasən Daxili İşlər Nazirliyinin İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edildi. Rabitə Nazirliyinə, Səhiyyə Nazirliyinə və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə bu qurumlar tərəfindən aparılan qanunsuz yoxlamaları və sahibkarlara törədilən maneələri aradan qaldırmaq tapşırıldı. Amma bütün bunlara baxmayaraq bu sahədə hələ də problemlər qalmaqda idi.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda sahibkarlara yaradılan süni əngəllərdən danışıb. Ölkə rəhbəri bildirib ki, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar. Dövlət başçısı nazirlərin də əyləşdiyi toplantıda xüsusi olaraq vurğulayıb ki, məmurlar bəzi hallarda sahibkarlardan pul tələb edirlər: "Sahibkar heç kimə borclu deyil. Nə yerli icra hakimiyyəti orqanlarına, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə. Sahibkar yalnız dövlətin vergisini verməlidir. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq".
Bütün bu iradlara adekvat olaraq Cənab Prezident İlham Əliyev "Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi" haqqında 19 oktyabr 2015-ci il tarixli Fərman imzaladı. Bu Fərmanla Cənab Prezident sahibkarların yanında olduğunu bir daha sübut etdi. Bir sıra dövlət qurumlarının səlahiyyətində olan işlərin "ASAN xidmət"ə verilməsi süründürməçiliyin qarşısını almağa imkan verəcək. Bu, həm də monopoliyaya qarşı müqaviməti də gücləndirəcək. Bu model və Prezidentin təklif etdiyi bu ideya imkan verməyəcək ki, sahibkarların işinə məmurlar tərəfindən qanunsuz müdaxilə edilsin.
Prezident İlham Əliyevin imzaladığı "Gömrük yoxlamalarının sadələşdirilməsi" haqqında Fərman sahibkarlığın inkişafında mühüm rol oynayacaq. Fərmana əsasən fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilə biləcək.
Ölkəmizdə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoyan bu fərmanlarla regionların sosial-iqtisadi inkişafı sürətlənəcək, yeni iş yerləri açılacaq, əhalinin sosial rifah halı yüksələcək və nəticədə xalqın öz liderilə birliyi daha da güclənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB