Bir də görürsən ki, şəhərin ortasında bir maşın şütüyür. Dalından qabağına qədər yazı-pozu içərisində olan bu maşından Üzeyirin hansısa bədnam mahnılarından biri də eşidilir. Bu, öz yerində. Məsələ bundadır ki, Bakıda maşınlarının yan tərəfinə "My life my rules" yazdıran bu düşüklər mənasını anlamadan bu cümləni gözə soxurlar. Artıq dəb halını alıb, son vaxtlar bunu daha çox "Rang Rover"lərə yazdırırlar.

Mənasını izah edək, bəlkə gedib "düzəldilər". 1970-ci illərdə cinsi azlıqlar öz hüquqlarını bərpa etmək üçün Nyu-Yorkda küçələrə toplaşıb. Bu bəşər tarixində ilk "Gey parad" kimi tanınır. Həmin paradda cinsi azlıqların şüarı isə "My life my rules" (mənim həyatım mənim qaydalarım) olub. Həmin paraddan sonra bu ifadə bütün geylərin bir nömrəli şüarına çevrilib. Məlumatsız insanlar isə bu şüarı öz maşınlarına yazır, status kimi istifadə edir. Bununla da bir növ cinsi azlıqlara dəstək vermiş olurlar... Əksəri də "rules"i "rulum" kimi başa düşür. "Rules"i maşının "rolu" kimi başa düşən düşüklərdən bu ifadənini mənasını soruşanda da cavab verirlər ki, nə bilim, e qaqaş, həyatdı da yaşayırıq...

Dünən üzdəniraq müğənnilərdən biri deyirmiş ki, deputat olmaq istəyirəm. Niyəsini soruşanda çox əcaib cavab verib: millətə istirahət lazımdır, gecə-gündüz onlar üçün oxuyacam, qoy dincəlsinlər. Yəni belə bir "sənət adamı" deputatlıq kürsüsünə ancaq bu formada baxa bilər... Daha sonra İngiltərədən deputat seçilə bilmək şansının olduğunu da söyləyir. Niyəsini soruşanda, bu sualı da əcaib şəkildə cavablndırdı: mənim bacım artıq beş ildir ki, İngiltərənin London şəhərində yaşayır. İki uşağı var, ərindən boşanıb, amma hamı onu tanıyır oralarda... Başqa bir "sənət adamı"nın qızı da deyir ki, geyimimə ayda 60 min xərcləyirəm. Axı bu adamlar paltar geyinmirlər, görəsən 60 mini nəyə xərcləyirlər? Amma bu qızcığazın anası beş ildir ki, dövlətə olan 6 min vergi borcunu ödəmir.

Bir neçə gün öncə hansısa telekanal əhali arasında sorğu keçirmişdi. Jurnalistin "kapitalizm nədir?" sualına verilən cavablardan sonra mənə bir daha aydın oldu ki, ABŞ bayrağına baxıb "əsgərlikdə" bu bayraqdan vurmuşduq başımızın üstünə" deyən gədələri qınamaq lazım deyil. Biri deyir ki, kapitalizm "un"dur. "Karmen" unu ilə qarışdırır. Başqa biri kapitalizmin məşhur futbolçu olduğunu deyir. Digər biri isə xüsusi vurğu ilə dedi ki, kapitalizm ATƏT-in Minsk Qrupunun həmsədridir. Hələ bu harasıdır, başqa biri də başladı şeir deməyə: "sən mənə yanğın ol, mən sənə benzin...".

Bütün xəbərlər Facebook səhifəmizdə