Aşkar şəkildə görünməkdədir ki, seçkiöncəsi ənənəvi müxalifətdə yaradılacaq növbəti "birliklər" düşərgənin passiv vəziyyətdən çıxa bilməyəcəyini şərtləndirəcəkdir.
Bildiyimiz kimi, artıq 3 aydan az müddət sonra parlament seçkiləri baş tutacaq. O da sirr deyil ki, seçkilərdə müxalifətin iştirakı, şübhəsiz ki, baş verəcək. Sadəcə, müxalifətdən fərqli olaraq hakimiyyət bu proseslərlə bağlı kifayət qədər inamlı və qələbə əzmlidir. Belə ki, özünün elektoral bazasına güvənən iqtidar namizədlərinin qarşıdan gələn seçkilərdə qələbə qazanmalarına hər zaman böyük ümidlər bəsləyir. Təbii ki, bəslənən ümidlər doğrulur və nəticə etibarilə xalqın müxalifətə güvənsizliyini, hakimiyyətə isə sonsuz etimad bəsləyişlərini sübuta yetirir.
Məhz belə bir məqamda və məğlubiyyət fonunda ənənəvi müxalifətin, daha dədiq desək, müxlaifətin radikal qanadının hərəkətsizliyi diqqət çəkir. Məsələn, bu gün özlərini müxalifət düşərgəsinin aparıcı partiyaları hesab edən Müsavatla AXCP arasında yaşanan həddən artıq gərginlik mahiyyət etibarilə həm ötən parlament, həm də ötən prezident seçkilərinin təsirindən yaranıb. Faktiki olaraq, Müsavat daim seçkilərə təkbaşına, ya da ətrafında diktə edə biləcəyi partiyalarla getməkdə israrlığını nümayiı etidirib. Ancaq AXCP də Müsavata qarşı boş dayanmayıb. Məsələn, Xalq Cəbhəsi Partiyası da öz növbəsində başına yığdığı bir neçə partiya ilə birlikdə seçkilərə qatılmaq barədə düşünüb ki, nəticədə hər iki iddialı siyasi təşkilat uğursuzluq zolağından çıxmağa nail ola bilməyib. Hələ 2010-cu ildə keçirilən parlament seçkiləri ərəfəsində baş verən Müsavat-AXCP qarşıdurmasını bir daha xatırlayaq. Belə ki, 2010-cu ilin parlament seçkiləri ərəfəsində Müsavat başqanı İsa Qəmbərin müxalifət düşərgəsilə bağlı dediyi fikirlər sonradan ortalığı qarışdırdı. Bunun ardından ALP-dən sərt bir açıqlama gəldi. Ardından AXCP sədri Əli Kərimlinin dolayı ittihamları diqqəti çəkməyə başladı. Bütün bunlara yekun cavab olaraq isə Müsavatdan bir açıqlama gündəmi məşğul etməyə başladı ki, həmin açıqlamada da Əli Kərimlinin İsa Qəmbəri hədəfə aldığı deyilirdi.
Həmin proses bu gün də eyni rakursdan davam edir və hər kəsə gün kimi aydındır. Müsavat və AXCP-nin bir-birlərini hakimiyyətə işləməkdə suçlamaları ənənəvi düşmənçiliyin bariz nəticəsidir. Ona görə də indidən proqnozlaşdırmaq mümkündür ki, istər AXCP, istərsə də Müsavat, əlinə imkan düşən kimi, bu ittihamları dərinləşdirəcək və qarşıdan gələn bələdiyyə, eyni zamanda parlament seçkilərində qarşılıqlı olaraq ittihamlar burulğanları yaşanacaq. Əslində, müxalifətin üzləşdiyi bu problemin mahiyyətində dayanan nöbvəti bir sıra çoxsaylı səbəblər də var. Təbii ki, biz şəxsi ambisiyalar məsələsini diqqət mərkəzinə çəkmək istəmirik. Ona görə ki, bu mövzu barədə xeyli yazılıb və bundan sonra da yazılacaq. Bu gün əsas məsələ odur ki, Azərbaycan müxalifəti kifayət qədər zəifdir. Ancaq buna rəğmən, ildən-ilə güclənmək əvəzinə, daha çox zəifləyən düşərgəni vəziyyətdən çıxarmaq üçün heç bir tədbir görülmür. Çünki orada kimsənin, digərinin sözü boğazından keçmir.
Müxalifətin əsas zəif cəhətlərinə diqqət yetirdikdə birinci olaraq, yetərli qədər qüvvəsi olmadığı aydınlaşır. Ötən seçkilər dövründən fərqli olaraq, adicə bələdiyyə seçkilərinə hakimiyyət namizədlərinin 10 faizə qədər namizəd çıxara bilməyən müxalifətin nə qədər güc sahibi olduğu buradan aydın oldu. Həmin seçkilər zamanı müxalifət düşərgəsi birləşsəydi belə üst-üstə 200 namizəd sahibi ola bilməzdi. Bu isə onu göstərirdi ki, artıq bu düşərgədə total islahatlara gərək var və həmin islahatlar partiya sədrlərinin dəyişdirilməsi ilə başlamalıdır. Ancaq vəziyyət belədir ki, heç bir partiya sədri bu gün tutduğu postu əldən vermək istəmir. Həm də ona qarşı çıxanların da məhvini reallaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə olunur.
Bu gün Müsavat kimi, AXCP-də də vəziyyət eynidir. İllərdən bəri partiya daxilində müxtəlif oyunlarla ona qarşı çıxanları zərərsizləşdirən, şantaj və sabotaj üsulları ilə qaraya yaxan və bunu hələ "Yurd" qruplaşması yaradarkən sınqadan keçirən Əli Kərimli bundan sonra tam əmin və arxayın yerində əyləşib. Bu gün AXCP-nin hazırkı vəziyyətə düşməsində böyük rolu olan Kərimlini belə bir addımı atmağa sövq edən mənsəb məsələsi olub. Yəni o özünü və postunu qorumaq üçün hətta istənilən varianta baş vurub. Nəticə də ondan ibarətdir ki, bu gün AXCP-nin bütün yerli təşkilatları yox səviyyəsindədir və seçkilərə qatılmaq üçün yetərli qədər namizədi yoxdur.
Beləliklə, qonşu ölkələrdən fərqli olaraq, Azərbaycan müxalifəti kifayət qədər geridə qalmaqdadır. Birləşmək üçün dəfələrlə bir araya gələn "liderlərin" sonradan təhqir elementlərinə çevrilmələri, eyni zamanda pozuculuq əməllərini cəmiyyətin üzərinə yıxmaları onların heç vaxt bir araya gələrək, hər hansı seçkilərdə qələbə çalma ehtimallarını sıfır həddində saxlayır. O cümlədən, bu işi reallaşdıranlar sadəcə, özlərinin siyasi ömürlərini uzatmaqdan başqa heç bir niyyət güdmürlər. Necə deyərər, niyyət seçki arenasında, hətta fəaliyyətsiz olaraq qalıb çürüməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB