Yenə "seçkiyə hazırlaşırıq" imitasiyası

Getdikcə dağınıqlıq içinə girən, qrant bataqlığında boğulan, parçalanmalardan və didişmələrdən başı ayılmayan sosial bazasını tamam itirən və seçkiqabağı gücsüz duruma düşən müxalifət düşərgəsi yenidən parlament seçkilərinə "hazırlaşırıq" tipli bəyanatlar verməyə başlayıblar. Necə deyərlər, onların uzun illərdir ki, pas atmış, kiflənmiş bu metodlarını "seçkiyə hazırlaşmaq" imitasiyası da adlandırmaq olar. Hətta düşərgə daxilində "çay gəlməmiş çırmanan". Arxı hop deməmiş hoppanan partiyalar da var.

Bu arada ortaya atılan birgə fəaliyyət ideyaları da özünə tərəfdar tapmayıb. Bir sıra partiyalar hələ bir neçə ay öncədən heç bir birliyə qoşulmayacaqlarını bəyan ediblər. Bəzi partiyalar birliklərə qoşulduqlarını desələr də daxillərində ciddi inamsızlıq hökm sürür,, bəziləri isə gözləmə mövqeyindədir. Məsələn, Müsavat partiyası davamlı olaraq ortalığa müxalifətin birliyi ilə bağlı ideyalar yağdırmaqdadır. Uzun müddətdir ki, başı daxili qarşıdurmalardan açılmayan Müsavat, birdən ayılıb görüb ki, artıq seçkilərə 4 ay qalıb, amma partiyanın ortalıqda heç bir hazırlıq kampaniyası və ya platforması yoxdur. Düşmənləri olan "Milli Şura" isə, heç olmasa, seçkilərə hazırlaşmaq imitasiyası həyata keçirir. Məsələn, yekə-yekə bəyanatlar səsləndirir ki, bəs bu dəfə vəziyyət tamamilə başqa (?-R) cür olacaqmış...

Beləliklə, ən böhranlı dövrünü yaşayan Müsavat partiyası da seçkilərə "hazırlıq" görür. Partiyanın funksionerlərinin seçki məsələsində mövqeyi fərqlidir. Bəziləri Müsavatın seçkilərdə iştirak etməsini istəyir, digərləri isə bunun partiyanın tamam rüsvay olacağına gətirib çıxaracağını düşündüklərindən bunun əleyhinə çıxır.

Amma məsələ belədir ki, başqan Arif Hacılının özü də, hələ ki, tərəddüd edir. O, bu günə qədər seçki mövzusunda bir neçə dəfə fərqli fikirlər söyləyib. Buna baxmayaraq, Müsavat böyük ehtimalla, seçkilərə qatılacaq.

Amma ənənəvi müxalifət düşərgəsində gedən proseslər də göstərir ki, buna ümid etməyə dəyməz. Çünki seçkilərdə müxalifətin dağınıq halda iştirakı indidən görünür. Belə olan halda, radikalların kiçik elektoratı daha çox yerə parçalanacaq və "bir nəfərin payı, iki nəfəri ac qoyacaq". Beləliklə də, qonşu işığına ümid edənlər qaranlıqda qalacaq.

Hazırda əksər partiyaların seçkilərdə iştirak edəcəyi bəyan olunub. Bu partiyalar hazırda ölkədə maddi-texniki imkanlarını və sosial bazalarını saf-çürük etməklə məşğuldurlar. Seçkidə iştirakı sual altında olan partiyalar isə, hələ ki, ortalıqda döyükə-döyükə qalmaqda davam edirlər.

Bir para partiyalar da var ki, (Allaha şükür, partiya cəhətdən bizdə bolluqdur, sayı-hesabı bilinmir...) seçkilərlə bağlı hərdənbir bəyanatdan-zaddan guppuldadırlar. Amma onları ciddiyə almaq olmaz.

Beləliklə, hazırda müxalifət düşərgəsində yaranmış durumu nəzərdən keçirdikdə aydın olur ki, siyasi partiya və bloklarının heç birinin seçkidə YAP-a rəqib olacaq gücdə namizədləri və siyasi reytinqləri yoxdur. Bu səbəbdən də, seçki prosesi müxalifət və onların liderləri üçün ancaq gündəmdə qalmaq və özünü reklam etmək imkanı qazanmaqdan başqa heç nəyə xidmət etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə