Türkiyə siyasi və iqtisadi qüdrətini artırdıqca bunu gözü götürməyən xristian dövlətləri qondarma "erməni soyqırımı" kartından istifadə edərək öz təzyiqlərini daha da gücləndirməyə çalışırlar. Yaxşı başa düşürlər ki, Türkiyənin qüdrətlənməsi Avropa üçün ciddi təhlükədir. Çünki, Avropa Osmanlı dövlətinin timsalında türkün gücü görüb. Son zamanlar türk dövlətlərinin güclənməsi isə onları daha çox qorxuya salır. Ona görə də uydurma "soyqırım"ın 100 illiyini tarixi fürsət kimi dəyərləndirən Avropa dövlətləri saxta həmrəylik görüntüsü formalaşdırırlar. Təbii ki, bu addımı ilk olaraq Roma Papası I Frasisk atmalı idi və atdı. Yəni, saxta "soyqırım"ı tanıyan bəyanat verdi. Beləliklə də Papa modernləşdirilmiş xaçlı səfərinin başladığını elan etmiş oldu. Növbəti addımı isə bu çağırışa qoşulan Avropa Parlamenti atdı və qondarma "erməni soyqırımı"nı tanımaqla bağlı qətnamə qəbul etdi. Növbəti belə mövqelərin sərgilənəcəyi isə heç kimdə şübhə doğurmur. Hətta okeanın o tayından da "soyqırım" kəliməsinin eşidilməsi təəccüblə qarşılanmamalıdır. Yəni, bütün xristian aləmi türklərə, ümumən İslam aləminə qarşı xaçlı səfərlərinə başlayırlar. İlk baxışdan təhlükəli tendensiya kimi qəbul oluna bilər. Amma, bu gün türklərin və İslam aləminin çox qüdrətli dövlətləri var. Ona görə də tarixin bütün dövrlərində olduğu kimi min bir fitnə, şər, böhtan ataraq siyasi məqsədlərinə nail olmaq istəyən xristian bloku istədiyini əldə edə bilməyəcək.

Erməni uydurmaları Türkiyə və Azərbaycan həmrəyliyinə məğlub olur

Qondarma "erməni soyqırımı"nın tanımaqla bağlı mövqelərə qarşı Türkiyə və Azərbaycan qardaşlığı hər zaman olduğu kimi həmrəylik nümayiş etdirir. İstər Roma Papasının, istərsə də Avropa Parlamentinin "soyqırıma" münasibəti hər iki ölkədə kəskin etirazlarla qarşılanır. Türkiyə Avropa Parlamentinin qəbul etdiyi qətnaməni gülünc, tarixi və hüququ əks etdirməyən sənəd adlandırdı. Azərbaycan isə Avropa Parlamenti ilə bütün münasibətlərə yenidən baxmağı gündəmə gətirdi. Bununla yanaşı həm Türkiyədə, həm də Azərbaycanda iqtidarlı, müxalifətli vahid mövqe sərgiləndiyindəndir ki, tələsik Avropa Parlamentinin prezidenti Martin Şults Türkiyə baş naziri Əhməd Davudoğluna zəng edərək aprelin 15-də Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı çıxardığı qərara Türkiyənin göstərdiyi təpkini anladığını və qərarın özünün olmadığı iclasda qəbul edildiyini söyləyib. Ə. Davudoğlu isə qondarma "erməni soyqırımı" ilə bağlı Avropa Parlamentinin qərarının Türkiyə tərəfindən rədd edildiyini və bunun Avropa Birliyi-Türkiyə əlaqələrini zədələdiyini deyib. Həmçinin Davudoğlu deyib ki, Avropa Parlamentinin məlum qərarı Türkiyə - Ermənistan münasibətlərini daha da pisləşdirəcək. Görünən odur ki, Avropa erməni yalanlarını məsul diplomatların dili ilə olsa da etiraf edir. Yəni, Erməni uydurmaları Türkiyə və Azərbaycan həmrəyliyinə məğlub olur.

Türkiyə Avrasiya İttifaqına meyllənir

Ancaq, bir məqamı gözdən kənar etmək olmaz. Belə ki, Avropanın ədalətsiz mövqeləri Türkiyəni köhnə qitədən uzaqlaşdırır. Yəni, görünən mənzərə odur ki, Türkiyə xristian yuvasına daxil olmaqdansa, xristian və türk ölkələrini birləşdirən Avrasiya İttifaqına meyl edir. Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri və bu ölkənin prezidenti Nursultan Nazarbayevin onu bu quruma daxil olmağı təklif etməsi kifayət qədər düşündürücü məqamdır. Güclü və islam aləmində böyük nüfuza malik Türkiyənin Avrasiya İttifaqına daxil olması Qərb üçün ən ağır nəticələrə səbəb ola bilər. Konteksdən uzaqlaşmadan diqqətə çatdırım ki, Avropa qondarma "erməni soyqırımı"nı tanımaqla Türkiyəni küncə sıxışdırdığını düşünsə də qardaş ölkənin manevrləri onların özünü küncə sıxışdırır. Hər halda tarixdə "erməni soyqırımı" olmayıb. Amma Avropalıların qaz qıtlığından soyqırımı ola bilər. Çünki, Qərbin Rusiyaya sanksiyalar tətbiq etdiyi vaxt Türkiyə-Rusiya ittifaqı qeyri-rəsmi şəkildə olsa da yaranmış oldu. Əgər Türkiyə və Rusiya üzü Şərqə çevirsə, Avropa buz dövrünə geri dönəcək. Ona görə də Avropa daha ehtiyatlı olmalı və Türkiyəyə qarşı ədalətsiz mövqedən əl çəkməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə