AXCP-nin və onun törəmə qurumu sayılan Milli Şuranın əldəqayırma təşkilatlarla birgə təşkil etdiyi "möhtəşəm" mitinqlərini az görməmişik. Aksiyadan əvvəl müxalifətin "kurasiya"sında olan mətbu orqanlarda öz tərəfdarlarını daha çox insanın gələcəyinə inandırmağa çalışan "liderlər" sonda acı statistika ilə barışmaq zorunda qalırlar. Və beləliklə neçə illərdir ki, müxalifət partiyalarının yalanı, bu partiyaların təəssübkeşlərinin isə ümidləri tükənmək bilmir. Hər dəfə yeni-yeni, müxtəlif çeşidli yalanlar uyduran əli kərimlilər, cəmil həsənlilər onları bu dəfə də ümid işığına minnətçi salmaq istəyirlər. Budur, Əli Kərimlinin siyasi klanı mediada növbəti yalan təbliğatlarını qurmağa start veriblər. AXCP sədri aprelin 5-də keçirilməsi nəzərdə tutulan mitinqdə hədəfin 100 min olacağı barədə fırıldaq rəqəm püləməyə başlayıb. Guya ki, bu dəfəki mitinqdə 100 min etirazçı iştirak edəcək. Soruşmaq lazımdır, bu rəqəm haradan alınıb, kimin, hansı müxalifət partiyasının gücündədir 100 min adamı meydana toplamaq? Əgər Əli Kərimli fikirləşirsə ki, onun çağırışından sonra 100 min insan qaça-qaça meydana gələcək, özünü güldürməsin, bu utopiyanın nə yeri, nə də vaxtıdır.

Çünki, Əli Kərimli və onun siyasi əlaltıları, törəmə təşkilatları üstəgəl həmin qurumlardakı fərdlərin bütün nəslində olan arvad-uşaq, qoca-cavan, nənə-baba, bibi-xala nəyi varsa yığıb meydana töksə 20 mindən yuxarı çıxmaz, qalmışdı ki, partiya təəssübkeşləri ilə birgə 100 minlik mitinq keçirmək. Onların sayı elə indiyə qədər nə qədər olubsa, bundan sonra da bir o qədər olacaq. Gəlin faktla danışaq, hətta indiyə qədər ölkənin 5-10 ən böyük siyasi partiyalarının birgə keçirdiyi mitinqlər zamanı meydanda 5 min mitinqçi olmayıb. Müxalifət hər dəfə real mitinqçi sayını 5-ə vurmaqla tədbirin möhtəşəm olması illüziyası yaratmağa çalışsa da, sonda özləri, öz ekspertləri tərəfindən həmişə bu "möhtəşəmlik" puça çıxarılıb. Son mitinqlərdə meydanda daim 600-700 nəfər olub. Burada jurnalistlərin, polis işçilərinin, mitinqə sadəcə seyr etmək üçün gələnlərin olduğunu nəzərə alsaq və etirazçıların real sayını təxmin etsən bu 300-350-də artıq ola bilməz. Bəs onda 100 min rəqəmi haradan çıxdı? Niyə camaata yalan vədlər verirsiniz? Özünüzü 20 ildir ki, hansısa rəqəmlərlə ovundurursunuz, bəs aldadıb meydana gətirdiyiniz o insanların cavabını nə vaxt və necə verəcəksiniz? Bu suala cavab tapmaq, doğrudan da çətindir.

Müxalifət mətbuatında Əli Kərimlinin müxtəlif ünvanlı çağırışları dərc edilib. Aldatdıqları sadə insanlardan, ətrafında indiyə qədər müxtəlif vədlərlə saxladığı qara müxalifətdən başqa, bu dəfə AXCP sədri üzünü dini inanclılara, sahibkarlara tutub. Onları mitinqə dəstək olmağa səsləyib. Maraqlıdır, bu zümrənin adamları Əli Kərimliyə niyə inanmalıdırlar, hansı əməllərinə görə onun yanında olmalıdırlar? "72 nəfər İmam Hüseyn tərəfdarlarının 30 minlik Yezid ordusunun üstünə getməsi" ilə indiki mitinqin nə əlaqəsi, bağlılığı ola bilər axı? İnanclı insanları ələ almaq üçün AXCP sədri bundan yaxşı üsul tapa bilmədimi? Şiələri "imam-yezid" tezisi ilə aldatdı, bəs sünnilər? Əli Kərimli, biət etdiklərin digər məzhəbləri də çağır.

Yaxud Əli Kərimli hansı iqtisadi islahatlar modeli ilə sahibkarları ovsunlamaq fikrindədir? Bəlkə, Əli Kərimlinin dünyaca məhşur iqtisadi modeli ABŞ-da, İngiltərədə, Avropanın digər ölkələrində tətbiq edilir, bizim xəbərimiz yoxdur? Bəs onda nəyə görə sahibkarlar iqtisadi məsələlərdə, biznesdə (siyasi biznesdən başqa – V.V) heç bir təcrübəsi olmayan birisinin çağırışına "ləbbeyk" deyib getməlidirlər?

Bu söhbəti çeşidli arqumentlərlə davam etdirmək də olar, amma "cücəni payızda sayarlar" el sözünü də unutmayaq. Aprelin 5-ə 4 gün qalır. Bircə onu bilirəm ki, mətbuatda tozanaq qoparmağa alışmış Əli Kərimli 100 minlik mitinq keçirmək istəyində ciddidirsə özünə Photoshop proqramını bilən bir nəfər tapsın ki, şəkilləri bir-birinə calaq etməklə AXCP sədrinin arzusunu ürəyində qoymasın, yazıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə