Freedom House"u çirkli pullar "danışdırır"

Bu təşkilatın mayası qərəz və böhtandan yoğrulub

Azərbaycanın uğur və inkişafı, ölkəmizin demək olar ki, bütün beynəlxalq tədbirlərdə öncül yerlərdən birini tutması erməni lobbisinə işləyən bir sıra təşkilatları hərəkətə keçirib. Belə ki, "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational" adlı təşkilatlar I Avropa Oyunlarının boykot edilməsi çağırışı ilə çıxış ediblər. Bu kimi çağırış, əslində Azərbaycan cəmiyyəti üçün yeni deyil.

Məsələ ondadır ki, hələ "Eurovision-2012" musiqi yarışması ərəfəsində də bu və bu kimi digər erməni lobbisinin təlimatları ilə işləyən təşkilatlar "qara piar" kampaniyalarına qoşularaq, ölkəmizin nüfuzuna ləkə yaxmağa cəhd göstərmişdilər. Lakin göründüyü kimi, heç bir boykot çağırışları onların istədiyi nəticələri vermədi və Azərbaycan bütün dünyaya sübut etdi ki, buradakı demokratik və müstəqillik mühiti bir çox nüfuzlu Avropa dövlətlərini də üstələməkdədir.

Çünki mayaları böhtan və qərəzdən yoğrulmuş belə riyakarlar müxtəlif vasitələrlə ölkəmizə təzyiqlər göstərir, böhtanla dolu "hesabatlar"hazırlayaraq beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmağa cəhd edirlər. Çirkli pullar hesabına "danışan" belə ikiüzlü qurumlara artıq inanan yoxdur. Çünki onların hazırladıqları yalanla dolu hesabatlar artıq bu qurumların iç üzünü və xəbis niyyətlərini çoxdan ortaya qoyub.

Belə ki, ayrı-ayrı qrupların və satqınların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlardan faydalanan "Freedom House", "Human Rights Watch", "Amnesty International " və digər ermənipərəst qurumlar zaman-zaman ölkəmiz haqqında qərəzli hesabatlar hazırlasalar da xəbis niyyətlərinə nail ola bilməyiblər. "Freedom House"un budəfəki hesabatı da əvvəlkilərdən heç nə ilə fəqlənmədi. Bu qərəzli təşkilat son illər Azərbaycanın daha da inkişafına və beynəlxalq nüfuzunun artmasına qısqanclığını gizlədə bilmədi. Bu sənəd sübut etdi ki, yalan və böhtanla dolu hesabat hazırlayan "Freedom House" ölkəmizdə baş verən reallıqları təhrif etməklə dünya birliyində yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirir. Son dövrlərdə Azərbaycanın beynəlxalq səviyyədə humanitar forumlara, mədəni tədbirlərə və idman yarışlarına ev sahibliyi etməsi, xüsusilə 4 aydan sonra Bakıda start götürəcək I Avropa Oyunları ölkəmizin qazandığı nailiyyətləri gözü götürməyənləri qıcıqlandırır və onlar "Freedom House" kimi böhtançı qurumu ortaya ataraq özlərinin şirkli pulları hesabına belə üzdəniraq hesabatlar hazırlayırlar. Bu təşkilatın hesabatlarında həmişə Azərbaycanda baş vermiş müxtəlif hadisələr həddindən artıq şişirdilir və guya, Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən "faktlar" kimi təqdim olunur.

Bu cür təşkilatlar Azərbaycanla bağlı yalan iddialar ortaya qoymaqdansa, Avropa ölkələrində vəhşiliklə pozulan insan hüquqlarını müdafiə etsələr, daha səmimi görünərlər

Azərbaycan demokratik prinsipləri rəhbər tutaraq inkişaf edən hüquq dövlətidir. Ölkəmizin Konstitusiyasından irəli gələrək ayrı-ayrı qanunlarda vətəndaşların hər bir hüquq və azadlığı əksini tapıb. O cümlədən ölkə vətəndaşlarının sərbəst toplaşmaq azadlığı ilə bağlı hüquqları qanunvericiliklə tam təsbit olunub. Qanunvericilik çərçivəsində həyata keçirilən bu cür tədbirlərə razılıq verilir, yer ayrılır.

Amma ölkəmizdəki sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələr icazəsiz aksiyalar keçirməyə cəhd etməklə Azərbaycanda insan hüquqları haqqında vəziyyətin guya pis olduğu barədə görüntü yaratmağa çalışırlar. Hakimiyyət orqanları ilə əməkdaşlıqdan qaçan bu təşkilatlar onların maraqlarına xidmət edən dağıdıcı müxalifətin və bəzi qeyri-hökumət təşkilatlarının ötürdükləri məlumatlara əsasən hazırladıqları hesabatlarda həmişə Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Belə hesabatların, xüsusilə Azərbaycanın qazandığı beynəlxalq uğur zamanı ortaya atılması həmin qərəzin bir daha təsdiqidir. Hesabatda ən çox təəccüb doğuran məqamlardan biri də Azərbaycanın "qeyri-azad", Ermənistanın isə "qismən azad" ölkə kimi göstərilməsidir. Görünür, bu gün insan hüquq və azadlıqlarının pozulması və məhz bu səbəbdən çoxlu sayda sakininin Ermənistandan getməsi faktı hesabatı hazırlayanların "nəzərindən qaçıb". "Freedom House"un Azərbaycanın qaçqın və məcburi köçkün vətəndaşlarının düşdüyü durumu görməməsi, qonşu ölkənin ərazisinin 20 faizini işğal edən, bu gün də işğalçılıq siyasətini davam etdirən, bir milyondan artıq insanı öz doğma ocaqlarında didərgin salmaqla onların yaşamaq hüquqlarını pozan bir ölkəni - Ermənistanı "qismən azad" göstərməsi bu quruma beynəlxalq ictimaiyyətdə nifrət oyadıb. Artıq beynəlxalq aləmə də bəllidir ki, ölkəmizdə insan hüquq və azadlıqları daim dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə son 11 ildə 35 min 498 nəfər məhkuma azadlıq bəxş edilib. İndi "Freedom House"un rəhbərlərinə aydın oldumu ki, dünyanın heç bir ölkəsində insan hüquq və azadlıqları Azərbaycanda olduğu kimi yüksək səviyyədə qorunmur? Elə bu təşkilatın maliyyə mənbəyi olan və özünə məskən tapdığı ABŞ-da insan haqlarının vəziyyəti necədir? Öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaran "Freedom House" yaxşı olardı ki, dünyaya demokratiya dərsi keçən ABŞ-dakı vəziyyət barədə də hesabat hazırlayaydı. Faktlar isə göz qabağındadıdr: Birləşmiş Ştatlarda irqi ayrı-seçkilik fonunda qarşıdurma səngimirvə geniş miqyas almakqdadır. Missuri, Arizona ştatlarında "qara" inqilab qorxusu artmaqdadır. Ancaq nədənsə bu hadisələr "Freedom House", "Human Rights Watch", "Amnesty International " və digər ermənipərəst qurumlar diqqətini cəlb etməyir. Çünki bu təşkilatın əsas hədəfi müsəlman ölkələri, xüsusilə də Azərbaycandır.

Göründüyü kimi, burada ermənipərəst qurumların rolu ilə yanaşı, erməni dəyirmanına su tökən radikal müxalifət ünsürlərinin də rolları mövcuddur. Söz yox ki, radikal müxalifət də öz qərbli ağalarının verdikləri sifarişi həyata keçirməkdən ötrü əllərində olan mətbuatla çıxışlar edir, ən rəzil üsullara əl atmaqdan belə çəkinmirlər.

Beləliklə, "Freedom House", "Human Rights Watch", "Amnesty International " və digər ermənipərəst qurumların növbəti qərəzi və mərəzi elə özləri üçün də qalacaq. Çünki ən primitiv üsullarla dəfələrlə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan bu təşkilat sonda susaraq, geri çəkilməyə məcbur olub. Bu dəfə də belə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə