Niyə müxalifət mitinq azarına mübtəla olub?

Artıq dağıdıcı müxalifət təmsilçiləri keçirəcəkləri mitinqə müxtəlif reallıqdan kənar çağırışlarla adam cəlb etməyə çalışır. Yenə eyni ey filankəs, ey behmankəs xitabları və mənasız ifadələrlə. Dəfələrlə keçirdikləri mitinqdə jurnalist kimi iştirak etdiyimə görə, mənə indidən məlumdur ki, bu mitinqin heç bir nəticəsi olmayacaq.

Ancaq, keçək məsələnin başqa tərəfinə. Başa düşmək olmur ki, niyə müxalifət üçün aksiya keçirmək siyasi mübarizə yolu sayılır. 1990-cı illərin əvvəllərində mitinq keçirərək azadlığa nail olmaq zamanın, tarixin yaratdığı bir mərhələ idi. Axı indi hansı azadlıqdan danışırlar? Məgər biz müstəqil deyilik? Öz iradəmiz əlimizdə deyil? Ona görə də hərə öz bacardığı işi görməlidir. Yəni bu iqtidar ölkəni idarə etməli, siz radikallar isə satqın əməllərinizdən ən azı əl çəkməlisiniz. Ona görə də birmənalı şəkildə demək olar ki, boş, məntiqsiz çağırışlarınızla keçirəcəyiniz mitinqə heç kəs gəlməyəcək.

Bundan başqa bir məsələ də diqqətə çatdırılmalıdır. Mövcud iqtidar bütün mərhələlərdə etiraf edir ki, ölkədə müəyyən problemlər var, onların həlli üçün çalışır və zamanla hər bir məsələ öz həllini tapacaq. Bunun üçün də iqtidar hər zaman müxalifətlə dialoqa açıq olduğunu bəyan edib. Bunun sübutu kimi son iki ayda iki dəfə keçirilən dəyirmi masaları göstərmək olar. İndi iqtidarla dialoqa getməyi özlərində cəsarət tapmayan bir yığın, hansı ki özlərini "Ana müxalifət" adlandıranlar guya problem həll etmək üçün mitinq keçirirlər. Kimə lazımdır sənin mitinqin?

Əgər ölkədə baş verən hər hansı bir mənfi hala görə mitinq keçirilirsə, bu zamanında və həmin an keçirilməlidir. Ancaq, nədənsə bizim radikallar hələ indi oyanıb və yadlarına düşüb ki, mitinq keçirək görək xaricdən nə əldə edə bilirik. Əgər xalq üçün elə canın yanırsa, buyur təkliflər göndər hökumətə ki, problemdən çıxış yolu üçün biz də bunu təklif edirik. Ancaq, bunun əvəzinə siz radikallar mitinq keçirib, xarici qüvvələrlə əlbir şəkildə ölkədə qarışıqlıq yaratmağa çalışırsınız. Ona görə də yenə təkrarlayıram kimə lazımdır sizin mitinqiniz və insanlar nə üçün sənin mitinqinə gəlməlidir?

Qayıdaq keçirilməsi arzu edilən mitinqə. Deməli manatın devalvasiyası ilə təxminən eyni vaxtda bir sıra beynəlxalq təşkilatlar ilk Avropa Oyunlarının boykot edilməsi çağırışı ilə çıxış etdilər. Yəni ölkədə baş verən prosesdən öz məqsədləri üçün faydalanmağa çalışanlar bu hadisədən istifadə etməyə cəhdlər göstərdilər. Bu da sirr deyil ki, dağıdıcı müxalifət həmin beynəlxalq təşkilatların ofis işçiləri kimi bir şeydilər və onlara ancaq Azərbaycanla bağlı mənfi xarakterli məlumatları ötürməyə çalışırlar. İndi xarici sifariş gəlib ki, onlara dəstək mitinq keçirilsin. Yəni xalqa dəstək yox, havadarlarına dəstək mitinqi keçirirlər. Yəni baş məqsəd xarici havadarları ilə ölkədə xaos yaratmağa hesablanıb. Heç şübhəsiz ki, az-çox siyasi proseslərdən başı çıxan və ən əsası proseslərə soyuqqanlı yanaşmağı bacaran vətəndaş əslində bu mitinqin nəyə xidmət etdiyini, sifarişin haralardan gəldiyini yaxşı başa düşür. Bu baxımdan mitinq şousunu qətiyyətlə pisləyirlər.

Son olaraq qeyd edim ki, həqiqətən də Azərbaycan güclü dövlətdir. Təkcə ona görə yox ki, iqtisadi cəhətdən güclü inkişaf edir. Eyni zamanda güclü daxili və xarici siyasəti ilə. Ölkədəki, mövcud ictimai siyasi sabitlik, xarici dövlətlərlə iki tərəfli dostluq, qardaşlıq əlaqələri məhz bu uzaq görən siyasətin nəticəsidir. Bu siyasət heç zaman dəyişməyəcək. Çünki, bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və Azərbaycan Prezidenti İlham Əliyevdə uğurla davam etdirməkdədir.

Tanrı Azərbaycan xalqını içimizdəki satqınlardan qorusun. Xaricdəkilərlə başa çıxmaq asandır.

Bütün xəbərlər Facebook səhifəmizdə