İdman yalnız dövlətin sosial-siyasi sistemindən asılı deyil, o, eyni zamanda ölkədə ictimai həyatın bütün sahələrinə əhəmiyyətli dərəcədə nüfuz edir və aktiv şəkildə təsir göstərir. Azərbaycanda davamlı olaraq bədən tərbiyəsi və idmanın inkişaf proqramını qəbul və təsdiq edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmanın inkişafına xüsusi diqqət yetirir.

Dövlət proqramının əsas məqsədlərindən biri idmanın bütün növlərinin, o cümlədən də futbolun uşaqlar, yeniyetmələr və gənclər arasında populyarlığının artırılmasıdır. İdman - sağlam həyat tərzidir.

İdmanın futbol kimi növünə gənclərin böyük əksəriyyətini cəlb etmək mümkündür. Ona görə də bu gün bu idman növünün uğur qazanması üçün uşaq futbolunu inkişaf etdirmək lazımdır. Yüksək ixtisaslı mütəxəssislərin çalışdığı və texniki baxımdan təchiz edilmiş uşaq məktəbləri olmadan peşəkar futbolçular yetişdirmək və hazırlamaq mümkün deyil.

Azərbaycanda idman infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir.

Azərbaycan dünyada dinamik inkişaf edən, gənc ölkə kimi tanınır. Azərbaycanda idmanın inkişaf etdirilməsi üçün konkret proqramlar vardır və idmanın futbol kimi növü onun doğru şəkildə inkişaf etdirildiyi təqdirdə əhəmiyyətli dərəcədə yüksək səviyyəyə yüksələ bilər.

Bütün ölkə üzrə 7-9 yaşında istedadlı uşaqların kütləvi surətdə seçilməsi, daha sonra isə onları xüsusi siniflər üzrə paylaşdırmaq lazımdır. Onların hazırlığı ilə peşəkar məşqçilər məşğul olmalıdırlar. Bütün bunlar dövlət proqramı səviyyəsində həyata keçirilməlidir.

Bu cür inkişaf proqramı bu gün klubların öz komandalarına dəvət etdikləri legionerlərə çəkdikləri xərcdən daha az maliyyə xərcləri tələb edir. Azərbaycanda istedadlar var, onları tapmaq və lazımi istiqamətə yönəltmək lazımdır. Bu məsələnin öz həllinin tapması üçün bütün ölkə boyu kiçik futbol meydançalarının yaradılması tələb olunur. Orada texniki bacarıqların öyrədilməsi prosesini sürətləndirən futbol trenajorları (məşq avadanlıqları) quraşdırılmalıdır. Trenajorlar zərbələr, ötürmələr üzərində işləmək imkanı verir. Uşaqlar onların fiziki və psixoloji vəsiyyətini müəyyənləşdirən 10-a yaxın testdən keçməlidirlər. Hər bir məktəbin məqsədi komandanın yaradılması deyil, hər bir oyunçunun öyrədilməsi olmalıdır.

Ən əsası uşaqlara yüksək dərəcədə yüklənmə verilməməlidir. Seçim sərt şəkildə aparılmalıdır. Bu, məktəblərə istedadlı uşaqları inkişaf etdirmək imkanı verərək, diqqəti onların üzərində cəmləməyə şərait yaradacaqdır. Məktəblərin strukturuna və məşqlərin sisteminə yenidən baxmaq lazımdır.

Bu gün bizim uşaq-yeniyetmə məktəblərimiz Avropada və bütün dünyada olduğu kimi klublara, yığmalara peşəkar oyunçular yetişdirmir.

Məktəblərdə gənc futbolçuların inkişaf etdirilməsinin vahid sistemi yoxdur, ona görə də nəticə əldə etmək mümkün deyil.

14-17 yaşlı yeniyetmələrin psixologiyasının böyüklərdən həddən artıq fərqləndiyini bilmək lazımdır. Gənc futbolçuya yanlış yanaşma onun hazırlığına pis təsir göstərə bilər.

Uşaq futbolu - futbolçunun idman məktəbinin divarlarından kənara çıxmasıdır. Onların ustalığı daha sonra gənclər komandasında təkmilləşməyə davam edir. Fiziki yükləmələri taktiki yükləmələrlə doğru şəkildə paylaşdırmaq çox vacibdir. Gənclər futbolunun qarşısında duran əsas məsələ komanda oyununun qurulmasıdır. Çox vaxt perspektivsiz uşaqlar zaman keçdikcə inkişaf edir və ən yaxşı güclü komandalara keçirlər. Təcrübə göstərir ki, 16 yaşlılardan ibarət hər bir komandada əsas heyətdə oynaya biləcək ən azı üç futbolçu vardır.

Məlumdur ki, klub rəhbərliyi məşqçiləri ilk növbədə öz yaş qrupları arasında keçirilən çempionatlarda tutduqları yerə görə təşviq edirlər. Əlbəttə ki, 12,14, 16 yaş qrupundakı komandalar yarışlarda qələbə naminə mübarizə aparmalıdırlar. Ancaq istedadların fərdi şəkildə inkişafı da böyük əhəmiyyət daşıyır. Uşaqların məşqçilərini birinci komandada yer alan hər bir oyunçuya görə mükafatlandırmaq lazımdır. AFFA-nın qarşısında duran ən əsas məsələ - məşqçi işini orta təhsillə birləşdirmək və təhsil nazirliyi ilə birlikdə istedadlı uşaqlar üçün onların ixtisaslı məşqçi və müəllimlərin nəzarəti altında yaşaya, məşq edə biləcəkləri idman akademiyası yaratmaqdır. Uşaq üçün yalnız vaxtının bir saatını keçirdiyi məşq deyil, həm də məşqdən sonra nə baş verdiyi, onun necə qidalandığı və necə yatdığı çox böyük əhəmiyyət daşıyır. Bütün bu amillər gələcək futbolçunun inkişafında çox böyük əhəmiyyət kəsb edir.

Klublar, məktəblər və futbol federasiyası arasındakı əməkdaşlıq, uşaq bağçalarında futbolun inkişafı və təşkili, məktəb futbol assosiasiyalarının yaradılması inkişaf prosesinin qarşısında duran başlıca məsələdir.

Bu gün Azərbaycanın bütün yığma komandalarında problemlər mövcuddur. Bu problemləri həll etmək üçün uşaq-yeniyetmə futbolunu yüksəltmək və inkişaf etdirməyə başlamaq lazımdır. Azərbaycanda ixtisaslı məşqçilər çox azdır və bu da bizim futbolumuzun öz həllini gözləyən problemlərindən biridir. Bu gün yığma komandaların məşqçiləri klubların məşqçiləri ilə işləməli və davamlı əlaqə saxlamalı, klublar və yığmalar arasında informasiya körpüsü yaratmalıdırlar.

Məsələn, NEFTÇİ U15 komandasından Azərbaycanın yığma komandasına 6 oyunçu çağırıldığı və NEFTÇİ U15 komandası oynadığı zaman, məşqçi öz oyunçularının bütün zəif və güclü tərəflərini görmək üçün hətta oyunlara belə gəlmir.

NEFTÇİ UİM bu gün müxtəlif yaş qruplarından 400-ə yaxın uşağı öz ətrafında birləşdirir. Məktəbin strukturu çox yaxşıdır, ancaq yenidən baxılması tələb olunan bir çox məqamlar vardır. Futbolçuların inkişafına nəzarət etmək üçün məktəblərdə oyunçuların fiziki vəziyyətləri sistemli şəkildə testdən keçirilməli, bu testlərin əsasında hər bir uşaq üçün ayrı-ayrılıqda məşq proqramı tərtib edilməlidir. Hər bir idmançının güclü və zəif cəhətlərinin təsviri ilə onun haqqında tam məlumat olmalıdır. Bütün komandalarda testlərin işlənib hazırlanması və həyata keçirilməsi ilə məşğul olacaq ixtisaslaşdırılmış qrup yaratmaq lazımdır. AFFA-nın nəzdində futbol və elmi fəaliyyəti birləşdirən əlaqələndirmə mərkəzi yaratmaq yaxşı olardı. Test proqramını bədən tərbiyəsi institutu ilə birlikdə futbol kafedrasında işləyib hazırlamaq olar. Bu gün Azərbaycanda prioritetləri dəyişmək və gələcək futbolçuları tamamilə başqa şəkildə yetişdirmək lazımdır.

Məsələn: Əsas oyun elementlərinə diqqət yetirmək lazımdır:

1. Oyunçuların müdafiə və hücumdakı fəaliyyəti;

2. Zona müdafiə üsulu, pressinq və s.

Məşqçi işinin qiymətləndirilməsi meyarlarına yenidən baxmaq lazımdır. Məşqçi psixoloq, tərbiyəçi və həkimi özündə birləşdirməlidir.

Uşaq məşqçisi düşünmək, yaratmaq, fikirləşmək, lider olmaq və istənilən sxem və taktika üzrə oynamaq qabiliyyətinə malik olan uşaqlar yetişdirməlidir.

Futbolun inkişafında maddi və texniki baza ilə yanaşı məşqçi seçimi də çox böyük əhəmiyyət daşıyır. Ona görə də AFFA yığma komandaya gələcək namizədlərlə işləyəcək məşqçiləri çox ciddi səylə seçməlidir.

Bu gün demək olar ki, NEFTÇİ uşaq-yeniyetmə məktəbi artıq NEFTÇİ-nin əsas komandasına uyğunlaşdırılan vahid məşq sisteminə malikdir. Uşaqların hazırlaşdırılmasının müxtəlif üsulları, ağıllı və yüksək texnikaya malik futbolçuların yetişdirilməsi - bütün bunlar futbolun inkişaf etdirilməsi üçün yaxşı gələcək vəd edir.

Sonda bir daha qeyd etmək istərdim ki, Azərbaycanda uşaq-yeniyetmə futbolunun strategiyası və inkişaf proqramını yenidən nəzərdən keçirmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə