YAP GB Ofisinin koordinatoru Elmar Məmmədov

"Azərbaycan bu gün dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. 2014-ci ildə istər ölkə daxilində, istərsə də ölkə xaricində idmançılarımızın əldə etdiyi uğurlu nəticələr bunu bir daha təsdiqləyir. Elə bu uğurların nəticəsidir ki, Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə 38 dövlətin dəstəyi ilə Bakıda keçirilməsi haqqında qərar qəbul edildi. Rəqabətin olmasına baxmayaraq, 42 ölkədən 38-nin səs verməsi nəticəsində oyunlara ev sahibliyi Bakıya verildi. İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar ölkəmizin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürüdür. Heç şübhəsiz ki, ölkəmiz bu sınaqdan da uğurla çıxacaq və idman dövləti kimi statusunu daha da möhkəmləndirəcək. Müstəqilliyini bərpa edəndən bu günədək Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal əldə ediblər. Bütün bunlar isə qazanılan uğurlardan, tarixi nailiyyətlərdən xəbər verir. Bu isə ölkəmizin idman sahəsində uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Azərbaycan ali, mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir və bu səbəbdən də bu yarışlar reallaşır. Bu gün bir sıra ölkələr dövlətimizin idman sahəsinə qoyduğu yatırımlara, dəstəyə qibtə edir. Bu isə ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam gələcəyinin inkişafına kömək edir. İdmançılarımızın qazandıqları bu qələbələr, əslində, möhkəm təmələ əsaslanır. Yəni, onların dünyanın idman arenalarında əldə etdikləri bu qələbələrin arxasında güclü Azərbaycan dövləti dayanır. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Əminik ki, Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar Avropada , dünyada Azərbaycanın nüfuzunu daha da genişləndirəcək və Azərbaycan Avropa Olimpiya Oyunlarının ilk keçiriləcəyi ölkə kimi tarixə düşəcək. Ev sahibliyi Azərbaycan xalqının böyük qələbəsi olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. İnanıram ki, Avropa Oyunları Azərbaycanın dünya idmanına töhfəsi hesab olunacaq və Azərbaycanın gələcək imici üçün, beynəlxalq miqyasda daha çox tanınması baxımından vacib bir hadisə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə