YAP güclü lider ənənəsinə sadiq partiyadır

Bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasından 22 il ötür. Bir-birindən əhəmiyyətli uğurları ilə 22 ili zənginləşdirən Yeni Azərbaycan Partiyası əbəs yerə ümumxalq partiyası kimi dəyərləndirilmir. Partiyanın yarandığı vaxtdan bu günə qədər tutduğu siyasi xəttə, mövqeyə sadiqlik nümayiş etdirməsi onun gələcəyinə olan inamı günbəgün artırır.

Ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığını təhlil etmək həmişə günün tələbi olaraq gündəmdədir. Məlum olduğu kimi, Azərbaycan 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. İlk illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları idi. Bu gerçəkliklər ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətində də öz əksini tapıb: "Azərbaycan sözün əsl mənasında siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır... Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi, respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir".

Müraciətdə həmin dövrün səciyyəvi xüsusiyyətlərindən biri kimi yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir işin görülmədiyi xüsusilə önə çəkilərək bunun səbəbi açıqlanırdı. Bildirilirdi ki, bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatlı olan güclü lider yoxdur. Yeni qüvvələrin lideri Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.

Ümummilli lider Heydər Əliyev ziyalıların müraciətinə "Yeni, müstəqil Azərbaycan uğrunda" adlı cavabında isə partiyanın gələcəyinə inamını belə ifadə etmişdir: "Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi 1992-ci il noyabrın 21-dən bu günə qədər qət edilən yola nəzər salsaq bu inamın reallıqlarda öz əksini tapdığının şahidi olarıq. Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabrın 21-də keçirilən II qurultayında söylədiyi "Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Biz partiyanı yaradarkən heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki vəziyyət – sizin hamınıza məlum olan vəziyyət bizim hamımızı düşündürürdü. Ona görə də, bir tərəfdən, biz hesab edirik ki, partiyanı yaradaraq xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də, sadəcə, ölkənin belə ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət, bu partiyanın yaranmasına gətirib çıxardı" fikirləri də partiyanın yaranma zərurətinə aydınlıq gətirməklə yanaşı, sonrakı dövrün əsas istiqamətlərinin müəyyənləşdirilməsinə bələdçilik etdi.

Azərbaycan artıq dövlət müstəqilliyinin bərpasının 23, Yeni Azərbaycan Partiyasının yaranmasının 22 ilini arxada qoyur. Təbii ki, bu gün uğurlarımızın miqyası 10 il bundan öncəkindən daha geniş və möhtəşəmdir. 1993-2003-cü illər Azərbaycan tarixinə sabitlik və inkişaf illəri kimi yazılıb. Dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyaya günəş kimi doğdu. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrdə böyük inamla səsləndirdiyi bu fikirlər tezliklə reallıqda təsdiqini tapdı: "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir".

Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olan Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək, atdığı addımları ilə cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən partiyanın bu gün sıralarında 640 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, bu xətti uğurla davam etdirən möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə inamın göstəricisidir.

Dövlətimizin başçısı İlham Əliyev YAP Xaçmaz rayon təşkilatının fəalları ilə görüşündə deyib: "Bu gün və gələcəkdə bizimlə rəqabət aparmaq iqtidarında olan qüvvə yoxdur. Amma bu o demək deyil ki, biz arxayınlaşaq və fəaliyyətimizi bir az zəiflədək. Əksinə, bizim fəaliyyətimiz siyasi mübarizədən daha çox Azərbaycanın inkişafına yönəlibdir. Biz siyasi mübarizə məsələlərini çoxdan həll etmişik. Bu baxımdan mən gələcəkdə heç bir problem görmürəm. Bizim fəaliyyətimiz, fəal olmağımız, bütövlükdə, Azərbaycanın inkişafına yönəlibdir... Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir. Əlbəttə, insanlar daha da tələbkar olmalıdır, daha da səmərəli işləməli və bu yüksək adı çox şərəflə daşımalıdırlar".

Partiyanın keçdiyi 22 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir. 2003-2008-ci illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il prezident seçkilərində, 2008-2013-cü illərdə gördüyü işlər isə 2013-cü il prezident seçkilərində qələbəsini şərtləndirdi.

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının 22 illik tarixi yolda əldə etdiyi uğurlara qısa baxış ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" fikrinin böyük əsaslara söykəndiyini təsdiqləyir. Uğurlarımızın ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Heydər Əliyev siyasəti Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır, hədəflər müəyyənləşdirir. Partiyanın hər bir üzvü Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu hədəflərə çatmaq üçün öz töhfəsini verir.

Bütün xəbərlər Facebook səhifəmizdə