Uzun illərdir ki, toy və yas mərasimləri ilə bağlı problemlər qabarıb-çəkilmələrlə ölkə gündəmini başına götürür. Əslində, bu "qabarıb-çəkilmə" məsələsi da çox maraqlı və təhlilə ehtiyacı olan bir məqamdır: Nə üçün hər dəfə toy və yas mərasimlərinin təşkili ilə bağlı məsələ müxtəlif səviyyələrdə müzakirəyə çıxarılır, parlamentin ayrı-ayrı komissiya sədrləri bu sahədə problemlərin aradan qaldırılması istiqamətində hüquqi addımların atılacağını bildirirlər, mətbuata müsahibələr, açıqlamalar verirlər və qısa bir müddətdən sonra hər şey unudulur, yaxud unutdurulur? Nədir bunun səbəbi? Bu kampaniyanı kim başladır və kim dayandırır? Gurultulu bəyanatlar verən, od püskürən qanunverici orqan təmsilçilərinin oxuduqda gözlərimizi, dinlədikdə qulaqlarımızı yandıran söz "lava"larını kim soyudur bir anın içərisində? Kimin, yaxud kimlərin maraqları təmin edilir bu kampaniya xarakterli söz savaşlarında?

...Mətbuat isə yazır, ayrı-ayrı şəxslərin bəyanat və açıqlamaları ətrafında müzakirələr açır, bu ağrılı və utanc gətirici problemləri "aradan qaldırmağa" çalışan şəxslərə dəstək verir və sonra hər zaman olduğu kimi qalır ortalıqda. Ən yaxşı halda isə günahkar çıxarılır.

Əslində, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mətbuata verdiyi son açıqlamalarında yaranmış vəziyyətin əsl mahiyyətini tam çılpaqlığı ilə ortaya çıxarıb: "Restoranların çoxu elə insanlara bağlıdırlar ki, onlar bu cür eybəcərliklərə qarşı tədbir görülməsinə mane olmaq imkanına malikdirlər". Real mənzərə budur. Toy və yas mərasimləri haqqında qanun layihəsinin hazırlanması uğrunda mücadilə aparan bəzi şəxslərin alovlu bəyanatları isə Azərbaycan vətəndaşlarının acıları və sevincləri üzərində biznes imperiyası quran insanlara ünvanlanmış ismarıc kimi qəbul oluna bilər. Yəni, biz də varıq... Vəssalam!

Özümüzü aldatmayaq. Mətbuat heç bir halda maraq ovçularının öz məqsədlərinə çatmaq üçün istifadə etdikləri alətə çevrilməməlidir. Toy və yas mərasimləri nəhəng bir biznes şəbəkəsinin nəzarəti altındadır... Şadlıq saraylarının real və qondarma sahibləri, yas mərasimlərini təşkil edən qurumlar, onları ərzaq və digər məhsullarla təmin edən sahibkarlar, kirayəyə verilən bahalı maşınların sahibləri, gözəllik salonları, musiqiçilər, müğənnilər, mollalar və bir neçəsi istisna olunmaqla bütün telekanallar... Toy və yas mərasimlərilə bağlı yaranmış bu utancverici vəziyyətin əsli səbəbkarı onlar və onların öz biznes maraqlarını təmin etmək üçün yaratdıqları "ənənələr" və "dəyərlər"dir. Hər şey insanların daha çox soyulmasına, qiymətlərin daha çox üfürülməsinə hesablanıb. Toy "ssenariləri"nə az qala hər gün əlavə olunan yeni "adət"lərdən başlamış müğənnilərin efir vasitəsilə şişirdilən qiymətlərinədək... Bizə isə Azərbaycan xalqının toy faciəsindən milyonlar qazanan telekanalların toy və yas mərasimləri ilə bağlı problemləri utanmadan müzakirəyə çıxarmalarına baxıb utanmaq qalır. Bu qədər həyasızlıq yəqin ki, bəşər tarixində görünməmiş bir hadisədir. Toy biznesinə hesablanmış "layihələr"lə efir məkanını zəbt edən bu "yengə" və "mürdəşir" TV-lərin xeyir-şər mərasimlərinin keçirilməsi ilə bağlı problemləri müzakirəyə çıxarmalarını isə yalnız Azərbaycan xalqının tarixini, mədəniyyətini, mətbəxini özününküləşdirməyə çalışan ermənilərin nəhayətsz, sərhədsiz həyasızlığı ilə müqayisə eləmək olar.

Yaranmış vəziyyətə hüquqi müdaxilə olmadan mövcud problemləri aradan qaldırmaq mümkün deyil. Son günlər bəzi icra hakimiyyəti başçılarının yas mərasimlərinə müdaxiləsi isə özbaşınalıqdan başqa bir şey deyil və bu yanaşma daha təhlükəli presedentlərə yol aça bilər.

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 17-ci maddəsində normativ hüquqi aktlarln sərhədləri müəyyənləşdirilib. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar və Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş qaydada qəbul etdiyi sənədlər normativ hüquqi akt sayılırlar.

Mərkəzi icra hakimiyyəti orqanlarının isə Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normativ hüquqi aktlar qəbul etmək imkanı tanınır.

Bəlli olduğu kimi, hazırda yas və toy mərasimlərinin təşkil olunması ilə bağlı Prezident fərmanı, yaxud Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi hər hansı bir normativ hüquqi akt yoxdur. Belə olduğu təqdirdə, yerli icra hakimiyyəti orqanlarının atdığı son addımlar şübhəsiz ki, heç bir hüquqi əsasa malik deyil.

Məhz bu səbəbdən, yəni ayrı-ayrı icra strukturlarının qanunsuz müdaxilələrinin qarşısını almaq üçün toy və yas mərasimlərinin tənzimlənməsi ilə bağlı normativ hüquqi aktın qəbuluna ehtiyac var.

Bir çoxları bu sahədə marifləndirmə işinin aparılmasını daha vacib hesab edirlər. Onların qənaətinə görə, hər kəs dəyişikliyə özündən başlamalıdır. Amma heç kim başlamır. Hətta belə fikirləri ifadə edənlər də toy və yas biznes şəbəkəsinin yaratdığı reallıqlardan kənara bir addım belə qoya bilmirlər. Çünki bütün ölkəni hörümçək toru kimi sarmış bu şəbəkənin formalaşdırdığı "ənənələr" o qədər daşlaşıb ki, bu "daşı" yalnız hüquqi əsaslara söykənən, fərdi yanaşmalara imkan verməyən islahatlar vasitəsilə yerindən qaldırmaq olar.

P.S. Bəlkə də dünyada azərbaycanlılar qədər toy və yas arasında ömür sürən ikinci bir xalq yoxdur. Az qala həyatımızın bütün mənasını təşkil edir bu mərasimlər. Övladlarımız dünyaya gəldiyi gündən onların ailə quracaqları günə... və ölümə hazırlaşırıq. Toyla yas arasında öz həyatımızın da olduğunu unutmuşuq. Kimlərinsə varlanmasına xidmət edən qondarma ənənələr, saxta dəyərlər bir insan kimi öz həyatımızı yaşamaq, həyatdan zövq almaq haqqımızı əlmizdən alıb. Sadəcə toyla yas arasında qalmışıq...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...