Gənclərin inkişaf-dialoq və inteqrasiya-tolerantlıq platforması

Məlum olduğu kimi, ötən həftə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi" başa çatdı. Beləliklə də, 2007-ci ildən başlayan "Yay məktəbi" layihəsinin bu ilki mərhələsində də partiyanın fəal üzvü olan yüzlərlə gənc iştirak etdi. Bu mənada, Yeni Azərbaycan Partiyasının builki layihəsi də dörd mərhələdən ibarət oldu və ümumilikdə 800 nəfərdən çox gənci əhatə etdi.

"Yay məktəbi"ndə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil etdilər. Hər il olduğu kimi, bu dəfə də "Yay məktəbi" layihəsi ölkəmizin gözəl guşələrində - Oğuzda və Lerikdə təşkil olundu. Layihə çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ekskursiyalar təşkil olundu, müxtəlif məsələlərlə bağlı təlimlər, debatlar, intellektual və əyləncəli oyunlar reallaşdırıldı və idman yarışları təşkil edildi. "Yay məktəbi" çərçivəsində Yeni Azərbaycan Partiyasını təmsil edən Milli Məclisin deputatları, partiyanın Siyasi Şurasının üzvləri də gənclərlə birgə layihə iştirakçısı oldular. Onlar müxtəlif mövzular ətrafında gənclərlə fikirlərini bölüşdü, onları maraqlandıran suallara cavab verdilər.

Bununla da, Yeni Azərbaycan Partiyası bir daha Azərbaycan gəncliyinə olan münasibətini, diqqətini ortaya qoymuş oldu. Əlbəttə ki, hakim partiya olaraq, Yeni Azərbaycan Partiyası gənclərin asudə vaxtının səmərəli təşkili və onların bacarıqlarının reallaşdırılması baxımından həyata keçirdiyi layihələr birbaşa dövlətin cəmiyyətimizin sözügedən aktiv sosial təbəqəsinə olan qayğısından irəli gəlir. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin gənclərə olan münasibətini isə bu gün hər bir azərbaycanlı əyani şəkildə görür.

Təsadüfi deyildir ki, Azərbaycanda gənclər siyasəti 1993-cü ildən - Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra formalaşıb. O vaxta qədər isə 1991-1992-ci illərdə Azərbaycan gəncliyi siyasi hakimiyyəti istismar edən ayrı-ayrı mafioz, kriminal qruplaşmaların əlində alətə çevrilmişdi. Onlar əsasən, cinayət və digər qanunazidd fəaliyyətlərə təhrik edilir, hətta, düşmənlərlə sövdələşmələrə göndərilirdi.

Amma çox sevindirici haldır ki, Ulu öndərin siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan gənclərinə xüsusi diqqət ayrıldı və hətta, bu sahədə siyasi kurs da işlənib hazırlandı. Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmiş Ümummilli lider Heydər Əliyev bu məqsədlə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında fərman verdi. 1995-ci ildə isə Heydər Əliyev Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi.

1 Fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" da Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq, hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Bununla yanaşı, 2 fevral 1998-ci ildə Heydər Əliyev Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış etdi və gənclərə müraciətlə bildirdi: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaq. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik".

Ardıcıl olaraq, həyata keçirilən işlərin davamı kimi 2 mart 1999-cu il tarixində Ulu öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verdi. Məhz, 1999-cu ildə Ümummilli lider tərəfindən imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" fərman isə bu sahəyə dövlət başçısı səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. Fərmana müvafiq olaraq ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edildi və 9 aprel 2002-ci il tarixdə Ulu öndər Heydər Əliyev tərəfindən imzalandı. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırıldı.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. Belə ki, 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalandı. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edildi. Həmçinin, dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edildi, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu.

Bununla yanaşı, Prezident İlham Əliyev tərəfindən 2007-ci il "Gənclər ili" elan edildi. Bu mənada dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını nümayiş etdirməklə, bildirdi ki, hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır: "Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaq".

3 oktyabr 2008-ci ildə isə Prezident İlham Əliyev Azərbaycan gənclərinin V forumunda iştirak etdi. O, dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə

ünvanlandığını və gənclərin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi göstəricilərin respublikamızın qüruru olduğunu bildirdi. Bütün söylənilənlərin davamı kimi, Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını imzaladı, Azərbaycan Gənclər Fondu yaradıldı, gənclər mərkəzləri açıldı.

Bunlar bir daha göstərir ki, Azərbaycanda gənclər siyasəti ardıcıl və rasional şəkildə reallaşdırılır. Gənclərin özünün inkişafı, potensialını reallaşdırması, bacarığını nümayiş etdirməsi, təhsilini yüksək səviyyədə almasını, onların xaricdə bu prosesi keçməsini təmin edən Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti sayəsində bu gün gənclərimiz cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində uğurla çalışırlar. Eyni zamanda, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası daxilində də gənclərə xüsusi diqqət və qayğı göstərilir.

Əlbəttə ki, dövlətin gənclər siyasətinin yaratdığı şərait nəticəsində ortaya çıxan imkanlardan bəhrələnən gənclərin böyük qismi də respublikamızın hakim partiyası olan Yeni Azərbaycan Partiyasının ətrafında birləşib. Bu gün üzvlərinin sayının 240 mindən çox olduğu YAP-ın Gənclər Birliyi Azərbaycanın bütün sahələrində baş verən proseslərdə ön mövqedə durur. İstər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahələrdə orijinal layihələrilə öz sözünü deyən YAP gəncləri dövlətin gənclərə olan diqqət və qayğısının əyani sübutlarını nümayiş etdirirlər.

YAP-ın layihələrində ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də, diqqət və qayğı ilə əhatə olunmuş gənc nəslin partiyamızın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, Ümummilli lider Heydər Əliyevin dediyi kimi "gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar" fikrinin reallaşmasını təsdiq edir.

Partiyaya gənclərin axını Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla, gələcək inkişafımıza da ən etibarlı təminat yaradır. Qürurla deyə bilərik ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının gəncləri Ümummilli liderimiz Heydər Əliyevin ideyalarını fəal şəkildə təbliğ edir və hazırda Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.

Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP-ın sıralarına qoşulmalarının, öz siyasi talelərini bu partiya ilə bağlamalarının da ciddi əsasları var. Partiyamızın sıralarına, xüsusilə, intellektli, bilik və bacarıqlı, kreativ, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu o deməkdir ki, YAP gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradır və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər. Bu mənada əminliklə demək olar ki, bu gün YAP nəinki ölkədə, hətta, Cənubi Qafqaz regionunda ən böyük gənclər ordusunu birləşdirən yeganə siyasi təşkilatdır.

Yeni Azərbaycan Partiyası bir siyasi partiya olmaqla yanaşı, eyni zamanda, gənclər üçün bir inkişaf məktəbidir. Çünki, partiyanın təşkil etdiyi bütün layihələrin əsas fəlsəfəsini gənclərin milli ruhda yetişdirilməsi təşkil edir. Belə layihələrin sırasında da qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi"dir.

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbi" zaman keçdikcə, gənclərin dialoq və inkişaf platformasına çevrilir. "Yay məktəbi" eyni zamanda, cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərin kreativ və intellektual bacarıqlarının aşkara çıxarılması, reallaşdırılması və özünüsübut məkanıdır. Bu cür məktəblər həmçinin, gənclər arasında ünsiyyətin yaranmasına, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı fikirlərin mübadiləsinə şərait yaradır. Həqiqətən də, YAP-ın təşkil etdiyi bu cür məktəblər cəmiyyətimiz üçün yüksək intellekti, kreativliyi və bacarığı olan gənclər yetişdirir. Burada iştirak etmiş hər bir gənc donor təşkilatlarla işləməyi, layihələr yazmağı öyrənir, həmçinin, seçki prosesilə bağlı mühüm məqamları mənimsəyir və əlbəttə ki, onların potensialı müxtəlif təqdimatlar vasitəsilə reallaşdırılır.

Bu məktəblər həmçinin, hələ uzun müddət əvvəllər formalaşmış və bəzən də gənclər arasında problemlərə səbəb olmuş region və Bakı gəncləri arasındakı sərhədləri də aradan qaldırır. Məhz, hər il keçirilən "Yay məktəbi" yüzlərlə gənci bir-birinə dost edir, gənclər arasında təmaslar qururlar, müxtəlif regionlardan olan gənclər bir-birinin düşüncəsinə və hərəkətlərinə hörmətlə yanaşır. Eyni zamanda, gənc nəsil arasında ünsiyyət möhkəmlənir və gənclərin dostluq üzərində qurulmuş ümumrespublika şəbəkəsi formalaşır. "Facebook", "Twitter" kimi sosial şəbəkələrdə qrupların yaradılması və məktəbdən sonra illərlə formalaşmış münasibətin və ünsiyyətin qorunub saxlanılması söylənilənləri isbatlayır.

"Yay məktəbi"ndən sonra müxtəlif dinin və mədəniyyətin daşıyıcısı olan region gənclərinin paytaxt gənclərini bölgələrə dəvət etməsi prosesi də qurulan işin nə qədər düzgün olduğunu sübut edir. Bu mənada, "Yay məktəbi"ni inteqrasiya və tolerantlıq platforması da adlandıra bilərik.

Bununla yanaşı, "Yay məktəbi"ndə gənclər partiya rəhbərliyi, millət vəkilləri, dövlət nümayəndələri ilə görüşlər keçirir və səmimi atmosferdə baş tutan dialoqlarda onlar dövlət idarəçiliyi haqqında daha dəqiq məlumatlar alırlar. Bütün bunların nəticəsində bir daha vurğulanmalıdır ki, "Yay məktəbi"ndə gənclərin dünyagörüşü genişlənir və hadisələrə, proseslərə baxış bucağı dəyişir. Bu isə təbii ki, həyata yenicə atılan gənclərin inkişafı baxımından onlara bələdçi olacaq və səhv addımlar atmaqdan sığortalayacaq.

Göründüyü kimi, ölkəmizdə bu cür məktəblər təşkil edən yeganə siyasi təşkilat Yeni Azərbaycan Partiyasıdır və bununla partiyamız Azərbaycan gəncliyinin sağlam, vətənpərvər və Vətənə sadiq vətəndaşlar kimi yetişməsinə öz töhfəsini verir. Yeni Azərbaycan Partiyası Nizamnaməsində və proqramında qeyd edildiyi kimi, müstəqil, demokratik, hüquqi, dünyəvi və sosialyönlü dövlət qurmaq, peşəkar idarəetmə və demokratik prinsiplər əsasında dövlət quruculuğunu inkişaf etdirmək, qanunun aliliyini təmin etmək, şəxsiyyətin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin hərtərəfli müdafiəsinə, vətəndaşlar arasında qarşılıqlı anlaşmanın, inamın və humanitar əlaqələrin inkişafına kömək etmək, millətlərin, etnik qrupların, mədəniyyətlərin və konfessiyaların azad inkişafına nail olmaq, Azərbaycanın dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin qorunması mövqeyindən çıxış etmək naminə müstəqillik dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərini həyata keçirir. Ona görə də,

ölkəmizin alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə gənclərin güclü dəstəyini qazanıb. Gənclər Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu cür addımları həmişə yüksək qiymətləndirib və sözügedən aksiyalarda böyük fəallıq nümayiş etdiriblər. Məhz, bütün bunlarla bir daha əminliklə demək olar ki, bu gün Yeni Azərbaycan Partiyası bir tarixi missiyanı reallaşdırır. Elə bir missiyanı ki, bununla Azərbaycan gəncliyi daha intellektli, kreativ və bacarıqlı, siyasi şüur və davranış baxımından fəal vətəndaşlar kimi formalaşacaq. Nəticədə əldə olunmuş intellektual və kreativ dəyərlər dövlətimizin daha da möhkəmləndirilməsinə sərf olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə