İşğalçı Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir

Təcavüzkar ölkənin son addımları ona qarşı ciddi və təxirəsalınmaz sanksiyaların tətbiq olunmasına tam əsas yaradır

Bəlli olduğu kimi, işğalçı Ermənistan ordusu son bir neçə gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini ardıcıllıqla pozaraq, Azərbaycan ordusunun mövqelərinə basqınlar ediblər və düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Ermənistan tərəfinin bu kimi təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına, çox sayda insan tələfatına, sərhəddə yaşayan dinc əhalinin ciddi narahatlığına səbəb olub və təhlükəsizliyini şübhə altına alıb. Lakin bütün bunlara baxmayaraq, işğalçı ölkənin, eləcə də separatçıların təxribat xarakterli cəhdlərin qarşısı silahlı qüvvələrimizin, hərbçilərimizin mətinliyi və şücaəti sayəsində qətiyyətlə alınıb.

Avropa və Qərb təşkilatları hələ də ikili standartlardan çıxış edərək, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətinə qarşı ciddi addımlar atmırlar...

Lakin o da bəllidir ki, baş verənlərlə yanaşı, Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq insanımız qaçqın və məcburi köçkün vəziyyətində öz dədə-baba yurdlarından didərgin düşüblər. Təəssüflər olsun ki, bu gün beynəlxalq ictimiaiyyət, müəyyən siyasi dairələr, Avropa və Qərb təşkilatları hələ də ikili standartlardan çıxış edərək, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətinə qarşı ciddi addımlar atmır, müvafiq bəyanatlar səsləndirmirlər. Hansı ki, bu kimi susqunluqlar nəticə etibarilə son günlər cəbhə xəttində baş verən məlum hadisələrin yaşanmasına rəvac verib.

Bu gün beynəlxalq ictimaiyyət Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına öz kəskin iradını bildirmir. Hansı ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini də icra etməyərək, onlardan boyun qaçırır. Eyni zamanda Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də saymır.

Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya sanksiyalar irəli sürən Qərb Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən iğçalçı Ermənistana qarşı niyə sanksiyalar tətbiq etmir?

Məhz bu kimi məsələləri təhlil edərkən, nəticədə belə qənaətə gəlmək olur ki, işğalçı Ermənistanın son addımları bu ölkəyə qarşı ciddi və təxirəsalınmaz sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Ancaq bütün bunlara rəğmən, beynəlxalq ictimaiyyət susqunluğunu davam etdirməklə yanaşı, hadisələri görməzliyə vurur. Bu zaman sual yaranır ki, axı beynəlxalq ictimaiyyət nəyə görə bu haqsızlığa göz yumur? İşğalçı Ermənistana qarşı niyə sanksiyalar tətbiq olunmur?

Axı bildiyimiz qədər Ukraynada baş verən qanlı hadisələrlə bağlı Avropanın və Qərbin, eləcə də ABŞ-ın Rusiyaya qarşı ciddi sanksiyaları tətbiq edilməkdədir və bu sanksiyalar getdikcə daha da sərtləşdirilməkdədir! Bu zaman Azərbaycana qarşı uzun illərdən bəri davam edən işğalçılıq siyasəti niyə müəyyən təşkilatlar tərəfindən qınanılmır? Təcavüzkar Ermənistan barədə niyə ölçü götürülmür? Görünür, bu kimi sualların arxasında bir çoxumuza bəlli olan cavablar dayanıb. Amma bütün bunlara rəğmən, artıq Azərbaycan ictimaiyyəti yaşanan son məlum hadisələrdən sonra işğalçı, terrorçu Ermənistanın cəzalandırılmasını və ədalətlin bərqərar olunmasını tələb edir!

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə