Şəxsən mənim, XXI əsrdə kimin necə geyinəcəyini, necə oturacağını, necə yaşayacağını fəlsəfi traktat səviyyəsində müzakirəyə çıxaran bir cəmiyyətdən öyrənə biləcəyim və öyrənmək istədiyim heç nə yoxdur. Bizdən öyrənsinlər...

Türkiyənin hər siyasi olaydan öncə göz yaşları yanağında növbə gözləyən siyasilərindən biri - baş nazirin müavini Bülent Arıncın İŞİD-lə bağlı son açıqlaması insan sifətlərinin sayı haqqında təsəvvürlərimi təməlindən sarsıtdı. Bülənd Arıncdan və onunla eyni dünyagörüşünü paylaşanlardan fərqli olaraq göz yaşlarımın deyil, ikrah hissimin qarşısını ala bilmədim... Püskürdü...

İşə bax, Türkiyəni məzhəb qarşıdurmasının ağuşuna atan, bir milləti məzhəb-məzhəb, təriqət-təriqət, qrup-qrup parçalayan siyasi qüvvənin ideoloji ruporlarından biri İŞİD terrorçularının əməllərindən və bu iyrənc əməllərin Türkiyədə dəstək tapmasından təəccüblənir: "Quruluş məqsədlərini xilafət dövləti kimi açıqlayırlar. Amma öldürürlər, baş kəsirlər, silahdan istifadə edirlər, zorakılıq törədirlər. "Lə İlahə İləllah" deməsinə baxmayaraq məzhəbi fərqli olanlara qarşı cinayət işləyirlər. Bu cür təşkilatların Türkiyədə dəstək tapa biləcəyini ağlıma gətirməzdim. Amma son gələn məlumatlara görə, təəssüf ki, bu təşkilatın içində Türkiyədən gedənlər və baş kəsmək üçün növbə gözləyənlər var".

...Aman, Tanrım... Bunların İŞİD-in, Əl-Nüsranın necə yarandığından heç xəbərləri yox imiş... Can ay yetim, ağla, bəlkə ən azı 100 il geriyə atdığınız Türkiyədə sizə kimsə inandı. Millətimiz, maşallah, göz yaşlarına həssasdı... Amma mən bunun qadınların göz yaşlarıyla bağlı olduğunu düşünürdüm. Görünür yanılmışam.

..."Xilafət qurmaq" iddialarıyla hakimiyyətə yürüyən, "Yeni Osmançılıq" prinsiplərini əlində bayraq etməklə Türkiyənin ən önəmli bölgələrini separatçıların ayaqları altına atan, saysız-hesabsız "açılımlarla" Türkiyə cəmiyyətini paranparça edən və bu xəyanət qoxuyan açılımları bütün Türk dünyasına transfer etməyə çalışan hansı qüvvədir görəsən? Məgər "xilafət qurmaq" ideyasının mayası mücahid-terrorçuların ayağının dibində təlim keçənlərin liderliyi ilə yaradılan siyasi partiyanın kluarlarında tutulmayıb? Bülənd Arınc nə üçün təəccüblənir görəsən? Din siyasət yürütmək üçün vasitə olanda, siyasilər də (naizubillah) Allahın adından hökm etməyə başlayırlar. Ən müqəddəs dəyərlər bir nəfərin, yaxud bir neçə nəfərin siyasi hakimiyyətinin qorunması və möhkəmləndirilməsi üçün alətə çevrilir, bu yolda baş kəsmək də, günahsız insanların qanını tökmək də adiləşir. İŞİD AKP-nin "parçala və hökm sür" siyasətinin, "Yeni Osmançılıq" ideologiyasının ən radikal, ən ifratçı formasıdır. Mərhəmətsiz və zalım! Çünki yanlış olan, isanın və isanlığın mahiyyətindən uzaq düşən nə varsa sonunda ifratçılığa, radikallığa gətirib çıxarır.

...AKP hakimiyyəti Ermənistanla diplomatik əlaqələri genişləndirmək, yaxud hüquqi müstəviyə çəkmək və sərhədləri açmaq üçün canfəşanlıq edəndə müxtəlif vassal qurumların vasitəsilə Bakıya gəlib dünyanın hər üzünü görən, xəyanətin ən acısını dadan, dostunu-düşmənini çoxdan ayrıd etmiş bizlərə ağıl vermək istəyənlərin arqumentlərini xatırlayıram. İctimaiyyətin, medianın qarşısında fərqli fikirlər söyləyirdilər təbii ki... Amma əllərinə imkan düşən kimi "məscidlərin bağlanmasından" danışırdılar. Eyni yanaşma ilə Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlarda təmsil edən soydaşlarımızın da qarşılaşdığını bilirəm. Azərbaycan bayrağı zibil qutusuna atılanda da oxşar "arqumentlər" gətirilmişdi... Paradosksa bax: Müsəlmanların vətəninin 20 faizini işğal edən xristian dövləti ilə xristian birliyinin təzyiqi altında və onlara yarınmaq üçün əlaqə qurmağa çalışan islam təmayüllü dini-siyasi təşkilatın rəhbərləri bunun üçün məscidləri bəhanə gətirirlər. Amma Şuşa məscidinin minarəsinin ermənilər tərəfindən topla dağıdıldığını, dini abidələrin, müsəlman məzarlarının yerlə bir edildiyini yada salmaq belə istəmirlər. Əslində, İŞİD-lə və bu qəbildən olan terror təşkilatlarını maliyyələşdirən, silahlandıran və idarə edənlərlə erməni vandallarının heç bir fərqi yoxdur. Görünür, erməni məbədlərininin bərpasını şouya çevirən, müsəlmanlara məxsus dini abidələrin dağıdılmasına göz yuman dini-siyasi təşkilatların erməni Qriqoryan kilsəsi ilə hansısa bağlılıqları var...

...Bütün bunlardan sonra, məxməri üsullarla dünyagörüşümüzə, mədəniyyətmizə zidd nəsnələri Azərbaycanın ictimai-siyasi arealına transfer etməyə çalışan, milli özünəməxsusluğumuzun təməlini təşkil edən, bizi bir millət olaraq qoruyan və fərqləndirən dəyərlərə meydan oxuyan, tarixi şəxsiyyətlərimizi gözdən salan "Pavlik Morozov"ların gerçək imandan danışmalarına qəhqəhə ilə gülməyə bilmirsən... Bir kimsə məni dədə-babasının keçdiyi yola, daşıdığı dəyərlərə ikrahla baxan kəslərin Vətən və Millət sevgisinin gerçəkliyinə inandıra bilməz!

Bizim inancımızın nəyi pisdir, görəsən? Məgər ziyarətgahlara getmək baş kəsməkdən daha təhlükəlidir? Bir millətin dəyərlərinə, dünyagörüşünə, tarixi, dini və mədəni abidələrinə, tarixi şəxsiyyətlərinə müharibə elan etmək, əslində cəmiyyətin qəddarlaşmasına, amansızlaşmasına xidmət edən bir aksiyadır. Mədəniyyət olmayan yerdə insanlıq olmur. Mədəniyyət olmayan yerdə mərhəmət olmur! Bu gün Azərbaycan xalqının mənəvi dəyərlərinə meydan oxuyanlar müqəddəs Qurani Kərimin açar kəlməsinin daşıdığı böyük missiyanı unudurlar: Mərhəmətli və Rəhmli Allahın adı ilə...

Qurani Kərimin bu açar sözü insanlığı İslamın mahiyyətinə, dəyərlərinə, qayda-qanunlarına, ehkamlarına məhz Mərhəmət və Rəhm müstəvisindən yanaşmağa çağırışdır! Bunu anlamanlar isə İŞİD-in yolunu gedirlər.

Hansısa sıravi bir azərbaycanlı hansısa ziyarətgahın yanından keçəndə salavat çevirə, nəzir verə, yaxud qoluna qara bağlayıb niyyət tuta bilər... Amma Allah və din adına baş kəsməz, fərqli düşünənlərə zülm eləməz, günahsız insanları qətlə yetirməz, islamın müqəddəs dəyərlərini siyasət və biznes alətinə çevirməz... Çünki o MƏDƏHİ İHSAHdır! Mədəniyyət isə bütün inanclardan yüksəkdə dayandığı üçün bütün inancların birgəyaşayışını təmin edə bilir!

...Bu müqəddəs Ramazan günlərində Türkiyə telekanallarını izləyirəm. Hər şey Ramazan adına alınır və satılır. Zeytundan başlamış sərinləşdirici içkilərədək... hər şey. Ramazan davul döyəcləyəndən başlamış böyük biznes sahiblərinədək hər kəs üçün nəhəng bir biznes mexanizmi funksiyasını yerinə yetirir... Şükürlər olsun ki, hələlik bu təfəkkür, hər şeydən, hətta müqəddəs dəyərlərdən belə "para" çıxarmaq əxlaqı mentalitetimizə oturuşmayıb.

Şəxsən mənim, XXI əsrdə kimin necə geyinəcəyini, necə oturacağını, necə yaşayacağını fəlsəfi traktat səviyyəsində müzakirəyə çıxaran bir cəmiyyətdən öyrənə biləcəyim və öyrənmək istədiyim heç nə yoxdur. Bizdən öyrənsinlər...

Tolerantlığımızın kökü daşıdığımız dəyərlərin məcmusu olan mədəniyyətimizdədir. Mədəniyyətimizi qoruyaq!

Bütün xəbərlər Facebook səhifəmizdə