...və ya Hikmətin üfunətli məntiqi

Bizə necə xidmət edirlər

Hörmətli oxucular, yəqin ki, televiziya reklamlarında "İnanılmazdır, "Ekspress-kredit" faizsiz kreditin müddətini 36 ayadək uzadıb, kredit yalnız şəxsiyyət vəsiqəsi ilə verilir" elanını eşidibsiniz. İstər-istəməz adamda kredit almaq həvəsi oyanır və şəxsiyyət vəsiqəsini götürüb "Maqnit" mağazasının qabağına yüyürürsən. Birinci mərtəbədə səni hörmətlə qarşılayırlar. Ancaq tezliklə məlum olur ki, 36 ay məsələsi fiskiya imiş. Krediti 18 aya almaq təklifi alırsınız. Geri qaytarmaq istəməyib razılaşırsınız. İstədiyiniz məişət əşyasının kredit vərəqini götürüb ikinci mərtəbəyə qalxırsınız. Sözsüz ki, hər əşyanın üstündə elan edilən planşeti ala bilmirsiniz. Lap beş məişət əşyası alsanız da üstündə cəmi 100 manatlıq bir əşya hədiyyə edilir.

İkinci mərtəbədə Hikmət adlı mağaza "müəllimi" başlayır sıxma-boğmaya... Deyir ki, bizdən kredit almaq həvəsində olan adamın Bakı qeydiyyatı olan ən azı üç qohumu olmalıdır. Ey kredit həvəskarları, sizin paytaxtda yüz qohumunuz da olsa, Hikmət yenə də sizə kredit verməyəcək. Onun elanda göstərilməyən daha bir şərti də budur ki, hər bir qohumunuzun mütləq saz ev telefonu olmalıdır. Sual verə bilərsiniz ki, bu, Hikmətin nəyinə lazımdır? İzah edirəm: ola bilər ki, siz evinizi dəyər-dəyməzinə satıb, xaricə qaçarsınız və faizsiz kreditin ödənilməyən hissəsi qalar Hikmətin boynunda.

İkinci bir tərəfdən Hikmət məişət əşyalarını kredit vermək üçün sinov getmir ki... Mən burada bir neçə dəfə olmuşam və hər dəfə də Hikmət kimilər məni buradan əliboş qaytarıblar. Burada heç nə kredit verilmir. Mən də gedib başqa mağazalardan faizli kredit almağa məcbur olmuşam. Özü də "Maqnit"dəkindən baha başa gəlməyib. Gəlin hesablayaq: burada soyuducunun üç illik kredit qiymətini hər ay üzrə hesablasaq, məsələn, soyuducu-25 manat, paltaryuyan maşın -16 manat olmaqla 41 manat edərdi. Deməli, yarım il ərzində hər aya uzağı 82 manat vermək lazım gələrdi. Ancaq Hikmət nə az-nə çox, səndən hər ay üçün 131 manat istəyəcək. Məgər 49 manat faiz deyilmi? Siz belə hesab edə bilərsiniz. Axı bayaq dedik, Hikmət məişət əşyalarını kredit yolu ilə satmaq niyyətində deyil. Dediyimiz kimi, Hikmətin başlıca vəzifəsi Bakıda əhalinin qohumluq əlaqələrini artırmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaqdır. Kimin Bakıda ən azı iki ev telefonu işləyən qohumu yoxdursa, işi fırıqdır, o, buradan faizsiz kreditsiz qayıdacaq. Hətta həmin qohumunuzun hərəsinin 5 əl telefonu olsa belə. Qohum məsələsini yəqin ki, başa düşdünüz. Bəs hər qohumda cağbacağ işləyən ev telefonu Hikmətin nəyinə lazımdır?

İzah etmək məcburiyyətindəyəm. Hikmət demokrafiya idarəsi ilə əlaqələrini möhkəmlətdiyi kimi, həm də telefon şəbəkəsi ilə də işgüzar əlaqələr yaradıb. Bu qoşa işgüzarlıq nəticəsində ev telefonlarına azalan maraq artacaq, əhalinin küçə və meydanlarda şəxsi avtomobillərində gedə-gedə danışaraq qəza vəziyyətləri yaratmalarının qarşısı tam alınmasa da, faizi aşağı düşəcək. O zaman Hikmət "Maqnit"də faizsiz kredit buraxmaq kimi bezdirici işdən can qurtarıb, Demoqrafiya və Telefonlar Şəbəkəsi Departamentində yüksək vəzifə tutacaq. Budur Hikmətin qarnının ağrısının başlıca səbəbi! Məhz buna görə də o, gözəl aparıcımızı televiziya reklamlarında qışqırdır və şəxsiyyət vəsiqəsindən başqa heç nəyin lazım olmadığını dedizdirir. Telefon və qohumluq məsələlərini də elan etdirsəydi, faizsiz kredit verməməyi hansı üzlə boynundan atardı. Göründüyü kimi Hikmətin gözü "Maqnit"in kredit çökəkliyində yox, daha uca zirvələrdədir.

Əziz oxucular, əlimdən şeir yazmaq gəlmədiyindən qəzetimizin tanınmış qafiyə ustası Mirzə Qərənfildən başıma gələn bu hadisəyə qoşmadan, gəraylıdan, müxəmməsdən, qəzəldən-məzəldən bir şey yazmasını xahiş etdim. O, mənə "diktofonunu işə sal" deyib, bir bəhri-təhvil dedi. Onu sizin nəzərinizə çatdırıram: "Yaddır ona zəhmət, çöhrəsi zülmət, abdal Əhməd, nəzərində itib ölçü-qiymət, o, bütövlükdə pis cəhət, yaxşılıq olubdu qəhət, heyrət...rəisi vermədi töhmət, "Maqnit"ə gələrsə millət, verər o, hamıya zillət, yox primitiv mədəniyyət, adı Hikmət, onun tək Yezidə lənət, alıcının boğazına olub illət. O deyil heç dürüst toxum, özüdür nadürüst toxum, Bakıda tapmasın qohum, kalış ölçüb-qalış ölçüb boyunu mən yerə soxum. Alə, get başını əsdir, dilini, elanını kəsdir, qədəmin nəhsdir, qəlbində bədnam həvəsdir. Boy balaca, göz alaca,

möhtac umaca, "Maqnit"i edib tapmaca. Gəlsə aldanar adam, gözü badam, deyir gərək hər kəsə atam, heç demir nəyisə satam, deyir kaş bolluca yatam, hər müştəriyə yadam, satmaram gəlsə də atam, o özü bədxah adam, gəlsin ürəyinə qadam. Olmuşuq "Maqnit"ə mehman, siması-çöhrəsi duman, başı saman, özündən bədgüman, müştəriyə verməz aman, qalmayıb onda din-iman, qapır adamı yaman, Allah etsin onu peşman".

Bütün xəbərlər Facebook səhifəmizdə