Azərbaycan gəncliyi Heydər Əliyev irsinə sadiqdir!

Bu gün yeniləşən, daxili abadlıq-quruculuq işlərini intevsivləşdirən, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən, müasir beynəlxalq münasibətlər sistemində layiqli yerini tutan, Avrasiya geostrateji məkanında geosiyasi və geoiqtisadi proseslərdə aparıcı rol oynayan Azərbaycanın uğurlarından söz düşərkən, eyni ruhda onun inkişaf edən gəncliyi haqqında da danışırıq. Faktdır ki, hazırda Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Bununla yanaşı, Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Məhz, bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Bu mənada, müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bu günkü uğurlara məhz, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar.

Ulu öndərimiz xalqımızın xilaskarıdır

Təkzibedilməzdir ki, Azərbaycan xalqının böyük dövlətçilik tarixi var və ölkəmizin yerləşdiyi coğrafiyada epoxanın hər bir mərhələsində aparıcı güc kimi sözümüzü demişik. Lakin çox təəssüflər olsun ki, tarixin ironiyası nəticəsində Azərbaycan torpaqları bölüşdürüldü, parçalandı, hətta, xalqımız mövhümata, cahilliyə sürükləndi. İmkan verilmədi ki, Azərbaycan xalqı yenidən ayağa qalxsın, müasir dövrün çağırışlarına cavab verən təhsil alsın, özünün müstəqilliyini elan edib dünyada sözünü desin və maraqlarını müdafiə etsin. Məhz, Gülüstan və Türkmənçay müqavilələrindən ötən 140 il ərzində Azərbaycan gəncləri arasından öz enerjisini xalqına həsr edəcək siyasətçinin, hərbçinin, rejissorun, yazıçının və s. çıxmasına imkan verilmədi. Yetişən ziyalılarımız isə bir-bir məhv edilirdi. Belə bir vəziyyətdə Azərbaycan xalqının gələcəyi sual altına düşürdü. Lakin 1969-cu ildə Azərbaycanda rəhbərliyə gələn Ümummilli lider Heydər Əliyev bütün əks proseslərin qarşısını aldı və Azərbaycan xalqını böyük fəlakətlərdən xilas etdi.

Ümummilli lider Heydər Əliyev həm də gənclərin hamisi olub

Həmin dövrdən başlayaraq, Ulu öndər Heydər Əliyev Azərbaycanın möhkəm əsaslarının formalaşdırılması və ölkənin kadr potensialının gücləndirilməsi üçün gənclərlə işə böyük önəm verdi. Azərbaycan gəncləri perspektiv inkişafın əsaslarını təşkil edən mühüm prosesləri dərindən mənimsəmək üçün o zamanki nüfuzlu ali təhsil məktəblərində təhsil almağa, tədqiqat işləri aparmağa və elmi adlar qazanmağa göndərildi. Qısa müddət ərzində Azərbaycan gəncləri ölkənin aparıcı qüvvəsinə çevrilməyi bacardı. Məhz, Ümummilli lider Heydər Əliyev məqsədyönlü fəaliyyətilə 140 il ərzində xalqımıza qadağan olunan keyfiyyətləri qazandırdı, ziyalılarımızı "terror maşınından" xilas etdi və gələcək inkişaf üçün möhkəm özül, peşəkar kadr potensialı formalaşdırdı.

İndiki müxalifət gəncliyimizi məhv etməyə çalışırdı

Lakin təəssüf hissilə demək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların siyasi oyunlarının qurbanına çevrildi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, reketçiliklə məşğul olan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri hərbi-siyasi oyunların alətinə çevirirdi. Gənclər təhsil, elm prosesindən kənarlaşdırılırdı, submədəniyyətlərin daşıyıcısına və cəmiyyət üçün yararlı deyil, əksinə, təhlükəli qüvvəyə çevrilirdi. Elə bu gün də gəncləri radikallığa və özbaşınalığa səsləyən radikal müxalifət nümayəndələri 1992-ci ildə hakimiyyətdə olduqları vaxtda gəncləri dağıdıcı ünsürlərə çevirmişdilər. Məhz, AXC-Müsavat hakimiyyəti dövlətçiliyin qorunması və torpaqlarımızın Ermənistan işğalından müdafiə edilməsi istiqamətində döyüşlərə atıldığı zaman onları siyasi oyunların alətinə çevirməklə, Bakıda qardaş qanı tökməyə yönləndirirdi. Bu isə Azərbaycanın perspektivini sual altında alırdı və dövlətçiliyi məhvə doğru aparırdı.

Ulu öndərimiz ikinci dəfə dövlətimizi və gəncliyimizi xilas etdi

Amma 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycan dövlətçiliyini və gəncliyimizi xilas etdi. O, gənclərin enerjisini, həvəsini və gücünü görərək, onların Azərbaycan dövlətçiliyinin qorunması və gücləndirilməsi yönünə istiqamətləndirdi. Məhz, Ümummilli lider Heydər Əliyevin hələ 1969-1982-ci illərdə keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərdiyi yüzlərlə azərbaycanlı gənc Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynamağa başladılar.

Elə ikinci dəfə hakimiyyətə gələndən sonra da dərhal gənclərlə işə başlayan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu. Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər tədrici olaraq, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar. Ulu öndər Heydər Əliyev gənclərin sosimun inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara da start verdi.

"Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir" deyən Ulu öndərimiz Heydər Əliyev Gənclər və İdman Nazirliyinin əsasını qoydu, 1996-cı ildən başlayaraq, gənclərin forumları təşkil edildi, 1997-ci ildə isə imzalanan sərəncamla fevralın 2-i Azərbaycan Gənclər Günü elan edildi. Bununla yanaşı, "Dövlət gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında" fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc ailə", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan təxris olunmuş gənclərin məşğulluğu", "Gənclər siyasəti haqqında" proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi.

Prezident İlham Əliyevin də ürəyi biz gənclərlədir

"Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" – deyən və 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini daha da şaxələndirərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-ci illərdə)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edildi, 2007-ci il ölkədə "Gənclər ili" elan edildi, həmçinin, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzi, Gənclər Fondu, Gənclər Evi və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində Gənclərlə iş sektoru yaradıldı. Bütün bunlar da təbii ki, gəncliyin inkişafına, onların daha həvəslə çalışmasına və dövlətçiliyimizin müdafiəsində fəal iştirakına əlavə stimul verdi. Elə gənclərimizin həm Azərbaycanda, həm də xaricdə xüsusi fəallıq nümayiş etdirməsi faktını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın timsalında əyani şəkildə görürük. Eyni zamanda, son müddət ərzində Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasından olan gənclərin müxtəlif vəzifələrə irəli sürülməsi də bir daha gəncliyimizə olan diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycan gəncliyi keçmişi unutmur, gələcəyi parlaq görür

Bir sözlə, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat, siyasət, ictimai və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Çünki, müasir Azərbaycanın gəncləri fəaliyyətlərini dövlətçiliyə təmənnasız xidmət prinsipləri üzərində qurur və onlar keçmişi unutmur, gələcəyi parlaq görürlər. Bu mənada, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev irsinə sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı dairələrin dəstəyilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə